"Polis cinayətə göz yumur və heç tükünü tərpətmir" - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“İran dövləti Azərbaycan səfirliyində silahlı terror cianayəti törədən şəxsin dindirilməsində Azərbaycan hüquq-mühafizə orqanlarının da iştirakını təmin etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

Onun sözlərinə görə, istintaq-əməliyyat tədbirləri Azərbaycanın iştirakı ilə aparılmalı, əsl həqiqət ortaya çıxmalıdır: “Çünki, İran tərfinin bu işdə obyektiv olacağına heç cür inam yoxdur. Ona görə ki, İran polisi hadisədən dərhal sonra heç bir araşdırma aparmadan cianyəti ört-basdır etməyə cəhd göstərdi. İran rəsmiləri Azərbaycan səfirliyində baş verən terror aktının mahiyyətini dəyişəməyə çalışsalar da, bu mümkün olmayacaq”.

Sahil Kərimli sözlərinə belə davam edib: “İran uydurma ehtimallar irəli sürməklə özünü sadəcə gülünc vəziyyətə salır. Əgər terrorçunun məişət problemi var idisə, niyə başqa bir ölkənin səfirliyinə yox, məhz Azərbaycan səfirliyinə hücum edirdi? Və yaxud da, terrorçu səfirliyə hücum edərkən girişdə dayanan İran polisinə əl işarəsi ilə salam verir. Polis isə cinayətə göz yumur, sadəcə seyr edir, heç tükünü tərpətmir. Bütün bunlar deməyə əsas verir ki, terror aksiyası İran dairələri tərəfindən əvvəlcədən planlaşdırılıb.

Düşünürəm ki, terror aksiyasının məqsədi Azərbaycanı tutduğu qətiyyətli mövqedən döndərmək, rəsmi Bakının siyasi kursuna təsir etməkdir. Amma məqsədlərinə çata bilməyəcəklər. Azərbaycan dövlətinin milli maraqları dövlət başçımız tərəfindən daim yüksək səviyyədə qorunur və bundan sonra da belə olacaq”.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə