Azərbaycan bütün dövlətlərlə münasibətlərini qarşılıqlı etimad əsasında qurub ŞƏRH

Azərbaycan bütün dövlətlərlə münasibətlərini qarşılıqlı etimad əsasında qurub ŞƏRH

Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində təşkil edilən Dünya İqtisadi Forumunun əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji problemlərin və hadisələrin müzakirəsini aparmaqdan ibarətdir. Dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırarkən çox mühüm məqamlara toxunub.

Ölkə Prezidenti iclasda çıxışı zamanı bildirib ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Möhtərəm Prezidentimiz çıxışında Avropa İttifaqına təchizatın minimum 20 milyard kubmetr səviyyəsində olacağını vurğulayıb. Bu, ümumilikdə Avropanın enerji tələbatının ödənilməsində çox mühüm rol oynayacaq.TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsinin nəzərdə tutulduğunu Möhtərəm Prezident qeyd edib. Bu, Azərbaycanın xüsusilə indiki mürəkkəb dövrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edə biləcəyini təsdiqləyir.

Azərbaycan regionda nəqliyyat şəbəkəsinin genişlənməsində də fəal rol oynadığını, Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkə kimi tanınmasını və cənab Prezident İlham Əliyev tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışının olduğunu bildirdi. Azərbaycanın uğurunu şərtləndirən əsas amillərdən biri bundan ibarətdir ki, bütün dövlətlərlə münasibətlərini qarşılıqlı etimad əsasında qurmağa müvəffəq olub. Bununla bərabər təbii ki, ölkəmizin iqtisadi imkanları, maliyyə resursları da qlobal əhəmiyyətli iqtisadi layihələrdə ciddi tərəfdaş kimi qəbul edilməsinin əsas səbəblərindəndir.

Prezident İlham Əliyev iclasda Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən aparılan sülh siyasətinin mahiyyətini də ətraflı şərh etdi. Prezident İlham Əliyev beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişinin imzalanmasında maraqlı olduğunu və bu sülhün bütün region ölkələrinin sabit və davamlı inkişafına böyük töhfələr verə biləcəyini qeyd etdi. Lakin Ermənistan tərəfindən sülh prosesinin sabotaj olunmasını və bunun Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihələrin həyata keçməsi üçün maneə yaratdığını bildirən dövlətimizin başçısı Ermənistanın apardığı destruktiv siyasətin iç üzünü açıb göstərdi. Prezident İlham Əliyev Cənubi Qafqaz bölgəsində davamlı sülhün təmin olunması üçün Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli əməkdaşlığın da vacibliyini panel iştirakçılarının diqqətinə çatdırdı.

Prezident İlham Əliyevin gələcəyə aydın baxışı və qətiyyəti sayəsində Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin önəmli hissəsinə çevrilib. Ölkəmiz bu strateji nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində davamlı investisiya yatırmaqla öz üzərinə düşən vəzifələri yerinə yetirir. Nəticə etibarilə, davam etdirilən işlər ölkəmizin Mərkəzi Asiyanı Qərblə, Cənubi Asiyanı isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevrilməsini şərtləndirib.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə