Beynəlxalq tələblər və milli standartlaşdırma TƏHLİL

Beynəlxalq tələblər və milli standartlaşdırma TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq davamlı sosial-iqtisadi inkişafa nail olunub. Azərbaycanın postneft erasına uğurla addım atması üçün respublikada istehsal olunan məhsulların texniki səviyyəsinin, təhlükəsizliyinin, keyfiyyətinin və rəqabətqabiliyyətinin artırılması, onların dünya bazarına çıxışı, keyfiyyətin qiymətləndirilməsi, eləcə də xidmət sferasının təşkilinə müasir yanaşmanın təmin olunması istiqamətində səmərəli tədbirlər həyata keçirilib. Məlumdur ki, ixrac potensialının artırılması baxımından ölkəmizdə milli keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində aparılan ardıcıl hüquqi və institusional islahatlar böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 iyul tarixli Fərmanı ilə beynəlxlq təcrübəyə uyğun "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq olunmuşdur. Müvafiq sahədə aparılan hüquqi islahlatlar davamlı olaraq həyata keçirilir. Son illər ölkənin milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun yeni redaksiyası və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Əlbəttə ki, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması müasir dövrün tələbləridir. Azərbaycan Prezidenti İlham Əliyev "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə qərara alınıb. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Azərbaycan İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

SƏNƏDİN ƏSAS HƏDƏF GÖSTƏRİCİLƏRİ

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasına, onların biznes mühitinə dəstək istiqamətində tətbiqinə dair qanunvericilik və institusional sahədə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət Proqramı qlobal trendləri, respublikada müvafiq sahədə mövcud vəziyyəti, hədəf göstəricilərini, məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələrini və tədbirlər planını özündə ehtiva edir. Milli standartlaşdırma sisteminin məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi, Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu, malların təhlükəsizliyinin, keyfiyyətinin təmini, onların rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması və s. sənədin əsas hədəf göstəriciləri sırasındadır.

ZAMANIN TƏLƏBİ: QARŞIYA QOYULAN MƏQSƏD VƏ HƏDƏFLƏR

Dövlət Proqramının məqsədlərinə gəlincə isə, texniki tənzimləmə sisteminin formalaşdırılması, texniki tənzimləmənin şamil olunduğu malların əhatə dairəsinin müəyyənləşdirilməsi, texniki tənzimləmə sahəsində infrastruktur təminatının yaxşılaşdırılması yer alıb. Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması zamanın tələbi olduğundan standartlaşdırma üzrə yaradılmış texniki komitələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkil edilməsi nəzərdə tutulur. Milli standartlaşdırma çərçivəsinin hazırlanması, texniki tənzimləmə sahəsində dövlət nəzarəti sisteminin formalaşdırılması, texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması kimi amillər zamanın tələblərinə uyğun olaraq reallaşacaqdır.

Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, milli standartlaşdırma sahəsini müasir tələblərə uyğunlaşdırmaq məqsədilə mövcud standartlaşdırma sisteminin, o cümlədən istinad standartlarının beynəlxalq standartla uyğunluğunun təhlilinə, eləcə də standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsinə və onların fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkilinə ehtiyac vardır. Dövlət Proqramında 2022-2025-ci illər ərizində həyata keçiriləcək tədbirlər, gözlənilən risklər və onların neytrallaşdırılması, zərurət olduğu təqdirdə, müvafiq işçi qrupların yaradılması və s. milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına yönəldilib. Əlbəttə ki, müasir dünyamızda baş verən iqtisadi və siyasi çağırışlara adekvat cavab verilməsi, Azərbaycanın postneft erasına uğurlu transformasiyası üçün respublikada istehsal olunan malların texniki səviyyəsinin, eləcə də bazarın və istehlakçıların tələblərinə, istehsal prosesinə, keyfiyyətin qiymətləndirilməsinə və xidmət sferasının təşkilinə müasir yanaşma tələb olunur.

Dövlət başçısının Sərəncamı ilə "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı" milli standartlaşdırma sahəsində mütərəqqi standartların tətbiqi və mövcud standartların beynəlxalq, eləcə də Avropa standartlarına uyğunlaşdırılmasına öz töhfəsini verəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə