Ötüb keçən zaman axımında baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur, amma elə hadisələr də var ki, xalqın, millətin yaddaşında əbədiləşir. Azərbaycan xalqının azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə mübarizə tarixinə 1990-cı il 20 yanvar gecəsi daha bir şərəfli gün kimi daxil oldu. 20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. 1990-cı ilin qışında, Şərqin astanasında yerləşən qədim Odlar Yurdunda vəhşi bir qəddarlıqla törədilmiş Qanlı 20 Yanvar faciəsindən 33 il keçir.
Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşun hissələrinin Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Yaranmış bu vəziyyətdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. O qanlı gecə tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Tarix belə bir vəhşilik görməmişdi, Bakı qan içində boğulurdu. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bir neçə gün ərzində 147 nəfər öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və Azərbaycan suverenlik əldə etdi.
Bütün dünya azərbaycanlıları üçün müqəddəs and yeri, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buraya gəlir. Qanlı Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir il 9 aydan sonra xalqımız yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu qanlı faciədən ötən müddət ərzində hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək, onların xatirəsini əziz tuturlar.
Azərbaycan Respublikası şəhidlərinin xatirəsini hər zaman uca tutur. 20 Yanvar hadisələrinə ilk siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Prezident “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında 31 mart 1998-ci il tarixində fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 150 nəfərə “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev 18 mart 2014-cü il tarixli sərəncamı ilə 20 Yanvar əlilləri və şəhidlərinin respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladları təhsil haqqından azad olunmuşlar. 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə Prezident təqaüdü verilir, onların ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilir, əlillər isə avtomobillə təmin edilir. Hər il 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə birdəfəlik dövlət yardımı edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi Fərmana əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib (əvvəl 500 manat təşkil edirdi).
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eləcə də, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.
Hər il yanvarın 20-də Ümumxalq Hüzn Günündə Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Azərbaycan dövlətinin 2020-ci ilin payızında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda apardığı Vətən müharibəsi – Azərbaycan Ordusunun Qarabağda 44 günlük zəfər yürüşü xalqımızın parlaq qələbəsi ilə nəticələndi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin qanı ilə qazanılmış bu zəfər ilə 20 Yanvar şəhidlərinin də ruhları şaddır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB