20 Yanvar faciəsi Azərbaycan xalqı üçün unudulmaz tarixdir FOTOLAR

20 Yanvar faciəsi Azərbaycan xalqı üçün unudulmaz tarixdir FOTOLAR

Ağdamda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib

"Heydər Əliyev ili" çərçivəsində Ağdam rayonunda Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mövzusunda tədbir keçirilib. Ağdam rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, YAP fəalları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün unudulmaz tarixdir və 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Mansur Quliyev öz çıxışında həmiçinin qeyd edib ki, 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul edildi. Beləliklə də, 20 Yanvar faciəsi, məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı".

Daha sonra tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər 20 yanvar hadisələri baş verən zaman Moskvada xüsusi nəzarətdə olan, heç bir vəzifə səlahiyyəti olmayan ancaq ürəyi xalqı ilə döyünən Ulu Öndərimiz Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq, yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, orada xalqımıza qarşı yabançı siyasəti tənqid etməsindən, həmçinin Azərbaycan hökumətinin yüksək vəzifə sahiblərini öz xalqına qarşı etinasızlıqda günahlandırmasından bəhs edib.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşmasından söz açıblar. Bu gün Şəhidlər Xiyabanında ucalan "Əbədi məşəl" abidə kompleksinin də, məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərimizə ehtiram əlaməti olaraq inşa olunması, həmçinin Heydər Əliyevin 17 yanvar 2000-ci il tarixdə imzaladığı Fərmanla 20 Yanvar faciəsi zamanı şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidləri" fəxri adının verilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə