Yeni qanun demokratik inkişaf yolunda növbəti addımdır ŞƏRH

Yeni qanun demokratik inkişaf yolunda növbəti addımdır ŞƏRH

Siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi artıq qaçılmaz idi. Çünki dövrün, zamanın tələbləri bunu vacib edirdi. Dünyanın demokratik qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınaraq sonunda bu qanun qəbul edildi. Nəzərə almaq lazımdır ki, sənədin hazırlanmasında, həmçinin, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də nəzərdən keçirilib. Qanun layihəsi təbii olaraq böyük ictimai əhəmiyyət daşıyır, layihə hazırlanarkən ekspert komissiyası yaradılmış, komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilmiş, ölkəmizdəki siyasi partiyalar tərəfindən daxil olan təkliflər diqqətə alınmışdır. Milli Məclisin qanunla bağlı siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdu. Siyasi partiya anlayışının, partiyaların təsis edilməsi, maliyyələşməsi və sair bu kimi məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməli olduğu nəzərə alınmışdır.

Siyasi partiyalar haqqında indiyədək olan qanun 1992-ci ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi. Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər, eyni zamanda siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Bununla yanaşı, siyasi partiyaların müxtəlif məqsədlərlə təsis edilməsi və fəaliyyəti də qanunda öz əksini tapıb. Təbii ki, bütün bunlar ölkədə demokratiyanın inkişafına doğru atılmış növbəti addımdır.

Daha bir maraqlı və eyni zamanda siyasi partiyaların inkişafı üçün nəzərdə tutulmuş hissə ondan ibarətdir ki, əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər.

Əminik ki, bu qanun siyasi spektrdə böyük canlanma yaradacaq, ölkədəki siyasi partiyaların fəaliyyətini, inkişaf dinamikasını sürətləndirəcək. Çünki 30 il bundan öncə yaradılmış qanun layihəsi müasir dövrün siyasi münasibətlərinin formatına uyğun gəlmirdi, dünya inkişaf etdikcə siyasi konfiqurasiya və ümumilikdə siyasi partiyaların fəlsəfəsi daim dəyişir. Təbii ki, bütün inkişaf etmiş dövlətlərdə həmin dəyişikliklərin fonunda yeni qanunların qəbul edilməsi zərurəti yaranır.

Siyasi partiyalar siyasi sistemin əsas aparıcı qüvvəsidir, bu qanunun qısa müddətdə hazırlanması və qəbul edilməsi çox sevindirici haldır. Çünki bu qanun həqiqətən siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq, siyasi partiyaların nüfuzunun yüksəlməsinə də ciddi şəkildə təsir edəcək. Yeni qanun eyni zamanda siyasi qüvvələr arasında faydalı, şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq. Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, onların böyük əksəriyyətinin qərargahlarla təmin olunması, Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalif siyasi partiya nümayəndələrinin təmsilçiliyi bu istiqamətdə atılan mühüm addımlardan sayılmalıdır.

Təəssüf edirik ki, ayrı-ayrı siyasi qurumlar və şəxslər bu qanunun üzərinə kölgə salmaq istəyir. Çünki qanunun qəbulundan sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaqdır. Partiya yaradan və rəhbərlik etdiyi partiyadan yalnız özünün şəxsi məqsədləri üçün istifadə etməyə çalışan siyasilər yanaşmalarını dəyişmək məcburiyyətində qalacaqlar. Anlamalı olacaqlar ki, güclü kadr bazası, yerli strukturları olmayan partiyalar dövlətə və xalqa tələb olunan qədər xeyir verə bilməzlər. Bu səbəbdən hər bir siyasi partiyanın müxtəlif sahələr üzrə proqramları və təbii ki, bu proqramları hazırlayan və onların icrasını təmin edən kadr bazası olmalıdır, siyasi partiyanın kifayət qədər üzvü olmalıdır. Çünki siyasi partiya hakimiyyətə gəldikdən sonra hakimiyyət yükünü öz üzərinə götürməyə hazır olan kifayət qədər səriştəli kadrlarla hərəkət etməlidir. Amma bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasından başqa hakimiyyət yükünün, hakimiyyət məsuliyyətinin altına girməyə qadir olan siyasi partiya yoxdur. Əminik ki, bu qanunun qəbulundan sonra qazanan, inkişaf edən dövlətimiz, xalqımız olacaqdır.

Zahid Cəfərov

YAP Yasamal rayon Z.Xəlilov küç.33 (BDU) ünvanı üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə