"Ermənistan mövcud şanslardan yararlanmaqla özünü xilas edə bilər" -DEPUTAT DANIŞDI
“Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan-Ermənistan müasibətlərinin normallaşdırılması məsələsinə də toxundu və təkcə bir il ərzində Azərbaycanın üç dəfə Ermənistana dərs verdiyinə işarə etdi. Bildiyimiz kimi, Ermənistan 2020-ci ildən sonra məğlub olmasına baxmayaraq, yenə də təxribatlar törətməkdən geri çəkilmədi. Azərbaycan da Ermənistanın bu təxribatlarının qarşısını almaqla bərabər, eyni zamanda mühüm strateji yüksəklikləri öz nəzarəti ilə təmin edirdi. Təbii ki, bu istiqamətdə keçirilən əməliyyatlar Azərbaycanın güc mövqeyinə daha da güc qatırdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, ötən ilin sentyabr ayının 13-14-də Ermənistan genişmiqyaslı təxribatlara əl atdı və Azərbaycan bu təxribatların qarşısını qətiyyətlə aldı: “Eyni zamanda, təmas xətti boyunca yüksəkliklərdə öz nəzarətini təmin etdi ki, oradan Ermənistanın sonrakı mümkün təxribatlarının qarşısını çox rahatlıqla almaq mümkün olsun. Bu da təbii ki, Azərbaycanın onsuz da güclü olan mövqelərini daha da gücləndirmiş oldu.
Təbii ki, ölkə Prezidenti ona işarə etdi ki, Ermənistan bütün bunlardan dərs götürməlidir. Amma siyasi diplomatik müstəvidə də Azərbaycan Ermənistanın ümidlərini puça çıxardı. Belə ki, Fransa ilə Ermənistan birgə Azərbaycana qarşı münasibətdə qərəzli sənədləri müzakirə predmetinə çevirmək niyyətlərini davam etdirdilər. Fransanın birbaşa iştirakı ilə BMT platformasında Azərbaycana qarşı qərəzli sənəd müzakirəyə çıxarıldı. Cənab Prezident buna münasibət bildirərək, qeyd etdi ki, bu cəhd tamamilə iflasa uğradı. Bu isə Azərbaycanın gücünün göstəricisi idi.
Ermənistanın Azərbaycan xalqına, dövlətinə qarşı törətmiş olduğu cinayətlərə baxmayaraq Azərbaycan yenə də Ermənistanla münasibətlərin tənzimlənməsinin tərəfdarı kimi çıxış edir. Cənab Prezident onu da vurğuladı ki, bu Azərbaycanın sərgiləmiş olduğu çox humanist bir mövqedir. Ermənistan 30 il ərzində Azərbaycan xalqına, ərazilərinə qarşı, sözün əsl mənasında, terror həyata keçirib. Lakin buna baxmayaraq biz yenə də sülh tərəfdarı olduğumuzu nümayiş etdirməkdəyik. Hesab edirəm, ölkə Prezidentinin də işarə etdiyi mövzu belə idi ki, Ermənistan və onun havadarları baş verənlərdən nəticə çıxarmalıdırlar. Yəni bu Ermənistan üçün son şanslardır. Ermənistan mövcud şanslardan yararlanmaqla özünü xilas edə bilər.
Cənab Prezident üçüncü müharibənin başlanmasını arzu etmədiyini bildirdi. Təbii ki, Azərbaycan hərbi gücünü davamlı artırmaqdadır. 2020-ci ildən sonra keçən zaman kəsiyində Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirdi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni hərbi birləşmələr yaratdı. Xüsusi təyinatlıların sırası əhəmiyyətli dərəcədə günişləndirildi. Ümumilikdə Azərbaycan ordusu müasir tələblərə cavab verəcək şəkildə gücləndirildi. Bunlar bizim müharibə tərəfdarı olduğumuzun göstəricisi deyil. Biz hərbi gücümüzü artırmaqla düşmənin istənilən təxribatlarının qarşısını effektiv almaq imkanımızı təmin edirik.
Bir sözlə, cənab Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı mərhələdə normallaşdırılması ilə bağlı baxışlarını ortaya qoydu və nümayiş etdirdi ki, Azərbaycan bütün hallarda özünün haqlı mövqelərini inamla müdafiə etmək iqtidarındadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB