İranın zəhərli təhsili TƏHLİL

Böyük İslam sosioloqu İbn Xaldun “coğrafiya xalqların taleyidir” deyir. Yəni, xalqların taleyini təkcə özləri yox, həm də eyni coğrafiyanı paylaşdıqları qonşuları müəyyən edir. Azərbaycanlıların isə qonşu ilə bağlı gözəl atalar sözü var: uzaq qohumdan yaxın qonşu yaxşıdır. Amma başqa bir atalar sözümüz də var: dişin ağrıyır, çək qurtar, qonşun pisdir, köç qurtar. Qonşusu pis olanlar köçüb canlarını qurtarır. Ancaq qonşusu pis olan xalqlar nə köçür, nə də canını qurtara bilir; illərlə, on illərlə pis qonşu ucbatından əziyyət çəkir. Elə bizim kimi...

Düşmənlə bacarmağa nə var ki ?! Vay o gündən, qonşun da düşmənə qoşula. Üstəlik, özünü dost, qardaş kimi qələmə verib, gənclərini “dini təhsil” adı altında zəhərləyə.İş ondadır ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan cəmiyyətinə ideoloji baxımdan nüfuz etmək məqsədi güdən bir sıra xarici dairələr, xüsusilə yaxın qonşumuz bu məsələdə dini təhsil amilindən də yararlanmağa çalışıb.O biri səmavi dinlərdən (Xristianlıq və İudaizm) fərqli olaraq İslam dinində milli təmsilçilik ənənələrinin olmaması, digər tərəfdən İranın İslam dinini öz maraqları kontekstində təbliğ etməsi dini təhsil adı ilə bu ölkəyə üz tutmuş vətəndaşlarımızın yad ideoloji təsirlərə məruz qalması ilə nəticələnib. Bu problem Qum şəhərində təhsil almış azərbaycanlıların baxışlarında daha aydın hiss olunur. Çünki həmin təhsil mərkəzində İslam dini daha çox məzhəb təəssübkeşliyi zəminində, İranın maraqları kontekstində təbliğ edilir.Azərbaycana qayıdan məzunların İranı dini mərkəz kimi görmələri, eləcə də bunu birbaşa və dolayı yolla təbliğ etmələri ciddi narahatlıq doğuran məqamdır. Həmin dini mərkəzdə Azərbaycanda tarixən mövcud olan dini təhsil ənənələrindən fərqli olaraq mənəviyyat, elm, əxlaq, bəşərilik arxa plana keçirilir, əvəzində tələbələrə din adı ilə daha çox regional və qlobal müstəvidə geosiyasi maraqlara uyğun, İranın nüfuz dairəsinin genişlənməsinə xidmət edən, nəticə etibarilə dövlətçilik və milli maraqlarımıza zidd fikirlər aşılanır.Qum dini-elmi hövzəsi adlanan kompleksdə təhsil alan vətəndaşlarımızın əksəriyyəti əl-Məhdi və Əl-Mustafa Beynəlxalq İslam Universitetindən məzun olurlar. Burada İslam dininin şiə məzhəbinin “isna aşariyyə” (“on iki imam”) etiqadı zəminində İslam İnqilabının ideya qaynağı sayılan “vilayəti-fəqih” (dini rəhbərin hakimiyyəti) konsepsiyasına uyğun tədris həyata keçirilir.

Həmçinin dini təhsil almış vətəndaşlarımıza təkcə dini biliklər verilmir, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə xarici maraqlara uyğun təhrif olunmuş məlumatlar da aşılanır, beləliklə, həmin şəxslər ideoloji assimilyasiyaya məruz qalırlar. Tədris zamanı təqaüdlər (şəhriyyə - aylıq məvacib) alan tələbələr Azərbaycana qayıtdıqdan sonra da fəallıqlarından asılı olaraq məvacib almaqda davam edirlər. Burada onların yerli mühitə adaptasiya oluna bilməmələri nəticədə həmin məzunların xaricdən ideoloji asılılıqla bərabər, həm də maddi cəhətdən asılı vəziyyətə düşmələri ilə nəticələnir.

Qumda dini təhsil almış şəxslərin dini təbliğatları üzərində aparılan müşahidələrin təhlilinə əsasən demək mümkündür ki, tələbələrə İslami dəyərlərin və əqidə prinsiplərinin məzhəb maraqları çərçivəsində təlqin olunması ilə yanaşı, həm də məntiq, üsul, fəlsəfə və psixologiya kimi fənlərin tədrisinə ciddi əhəmiyyət verilir. Məqsəd məzunların əxlaqı, mənəviyyatı təbliğ edən din xadimindən daha çox məzhəb maraqlarına uyğun peşəkar təbliğatçı kadrlar kimi yetişməsini təmin etməkdir.

Monitorinqlər zamanı burada dini təhsil almış şəxslərin təbliğatda məntiqi ardıcıllıqla fəlsəfi biliklərindən psixoloji təsir vasitəsi kimi yararlanmaları, bunun ardınca öz fikirlərini Qurani-Kərim ayələri ilə möhkəmləndirmələri onların kütləyə nüfuz edərək inandırma qabiliyyətini artıran amillərdən olduğu müəyyənləşdirilib.

Azərbaycanlı gənclərin İrandakı dini dairələrin vasitəsilə dini təhsil almaq məqsədilə vaxtı ilə üz tutduqları ölkələrdən biri də Suriya idi. Onların əksəriyyəti “Zeynəbiyyə” dini hövzəsində təhsil alıblar. Orada da təhsil şəriət müstəvisində həyata keçirilib. Lakin Suriyadakı məlum vəziyyətlə əlaqədar azərbaycanlıların həmin ölkəyə dini təhsil üçün gedişi artıq dayanıb.

Maraqlıdır ki, 1975-ci ildə iranlı din xadimi ayətullah Məhəmməd Şirazi tərəfindən yaradılmış bu təhsil müəssisəsinin məzunları adətən “siyasətə qarışmayanlar”, “ziddi-vilayət”, “ziddi-inqilab” kimi təqdim olunurlar. 2001-ci ildən sonra “Zeynəbiyyə”yə Məhəmməd Şirazinin qardaşı Sadiq Şirazi rəhbərlik edib. Bu dini hövzənin məzunlarının təbliğatları və onlarla aparılan fərdi söhbətlərin təhlili göstərir ki, onların bir qismi siyasətə birbaşa qarışmasa da, heç də “İslam İnqilabı” ideyasına və “Vilayəti-Fəqih” konsepsiyasına zidd mövqedə dayanmayıb.

“Zeynəbiyyə” məzunlarının təbliğatlarında bir çox hallarda məzhəb təəssübkeşliyini, digər məzhəbə qarşı aşağılayıcı dünyagörüşünü yaymağa çalışdıqları müşahidə edilir. Digər tərəfdən, dini-siyasi hərəkatlara rəhbərlik etmiş ailənin (Şirazilər ailəsi - 1891-ci ildə İranda Tənbəki üsyanı, 1920-ci ildə İraq üsyanı) mənsublarının təsis etdikləri dini təhsil mərkəzində dinlə siyasətin bir-birindən ayrı tutulması inandırıcı görünmür.Bir sözlə, İranda və bu ölkənin təsiri altında dini təhsil almış şəxslərin bir hissəsi sonradan İranın “dini modelinin” yayılması istiqamətində fəaliyyətə cəlb olunub. Bu gün ölkəmizin dini həyatında “aktivlik” göstərənlərin, xüsusilə dövlətçilik əleyhinə keçirilən tədbirlərdə təşkilatçı qismində çıxış edənlərin mütləq əksəriyyəti vaxtı ilə İranda dini təhsil almış gənclərdir. Bu faktı 2010, 2011 və 2012-ci illərdə guya azanın və hicabın qadağan edilməsi əleyhinə keçirilən etiraz aksiyaları, Nardaran hadisələri, eləcə də cihad adı ilə Suriyada silahlı qruplaşmaların tərkibinə qatılmış şəxslərlə bağlı aparılan araşdırmaların nəticəsi də təsdiqləyir. Son hadisələr, xüsusilə 44 günlük Vətən müharibəsindən sonrakı proseslər göstərdi ki, İranda dini təhsil alan vətəndaşlarımız arasında Azərbaycana qarşı çıxmaq, ölkəmizdə dini əsaslı dövlət qurmaq (Kərimə dövləti) istiqamətində təbliğat aparılır. İranın hazırda əsas məqsədi ölkəmizdə rəsmi Tehranın təbliğatını aparan, dini ideologiyasını yayan şəbəkənin formalaşdırılmasıdır. Uzun illərdir İranda təhsil alan tələbələrin mütləq əksəriyyətinin bu cür zərərli ideologiyanın təsirinə məruz qaldığı şübhəsizdir. Təəssüf ki, indiyədək İranda minlərlə Azərbaycan vətəndaşı dini təhsil alıb və onların bir çoxundan qeyd etdiyimiz məqsədlərlə istifadə olunub....Azərbaycanlıların başqa bir atalar sözü də var: bir yaxşılıq, bir də pislik yaddan çıxmaz. İranın pisliklərini, təbii ki, unutmayacağıq. Zəhərini də, zərərini də bilirik. Onu da bilirik ki, İslam dininə görə qonşunun qonşu üzərində haqqı böyükdür. Görəsən, bunu İranın başbilənləri də bilirmi?!

Elnarə İslamqızı,

dinşünas

Bütün xəbərlər Facebook səhifəmizdə