"Azərbaycanlıların öz dədə-baba torpaqlarına sahib çıxmaq haqları var" - DEPUTAT DANIŞDI

"Azərbaycanlıların öz dədə-baba torpaqlarına sahib çıxmaq haqları var" - DEPUTAT DANIŞDI

“Azərbaycan öz dövlət müstəqilliyini itirdiyi dövrlərdə onun torpaqları digər imperiyalar arasında bölüşdürülmüşdü. Rusiya və İran arasında razılaşmaya görə isə İrandan, sonra isə Osmanlıdan çox sayda erməni əhalisi tarixi Azərbaycan torpaqlarına köçürülmüşdür. Yenə də dövlət müstəqilliyimizin olmaması səbəbindən Azərbaycan xalqının milli maraqları olmamış, ermənilər torpaqlarımıza sahib olmuş, azərbaycanlılar dövlət idarəetməsinə buraxılmamış və sonradan isə ermənilər Azərbaycan torpağında özlərinin dövlətini yarada bilmişdilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, bu azmış kimi hətta Ermənistan adlandırılan respublikadan azərbaycanlılar zaman-zaman sıxışdırılıb çıxarılmış, ötən əsrin 90-cı ilində isə orada bir nəfər də olsun azərbaycanlı qalmamışdır: “Eyni zamanda paralel olaraq Azərbaycan toponimləri dəyişdirilmiş, Qərbi Azərbaycan adlandırılan ərazidə Azərbaycan izinin qalmaması üçün erməni millətçiləri tərəfindən bütün çirkin addımlar atılmışdır. Ancaq bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanlıların ora qayıtmaq, orada yaşamaq, öz dədə-baba torpaqlarına sahib çıxmaq haqları var.

Cənab Prezidentin ötən ilin sonunda Qərbi Azərbaycan İcması ilə görüşündə də bu məsələlər bir daha müzakirə edildi. Beynəlxalq hüquqlar var və Azərbaycanlılar öz dədə-baba torpaqlarında yaşamaq istəyirlər. Bu istiqamətdə dövlətimiz mümkün olan addımları atır. Beynəlxalq ictimaiyyət də Azərbaycanın öz torpaqlarını itirməsi barədə məlumatlandırılmalıdır. Bunun üçün də bizim gənclərimiz tariximizi yaxşı mənimsəməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə