"BMT-yə olan inam və etimad əhəmiyyətli dərəcədə sarsılır" - DEPUTAT DANIŞDI

"BMT-yə olan inam və etimad əhəmiyyətli dərəcədə sarsılır" - DEPUTAT DANIŞDI

“Azərbaycan torpaqları Ermənistanın işğalı altında saxlanıldığı 30 il müddətində dəfələrlə istər BMT, istərsə də digər nüfuzlu beynəlxalq təşkilatların platformalarında Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması, Ermənistanın təcavüzlərinə son qoyulması üçün təsirli tədbirlərin görülməsi ilə bağlı müraciətlər etdi, məsələlər qaldırdı. Ayrıca olaraq Ermənistan işğal altında saxladığı torpaqlarımızda çoxsaylı cinayət əməllərini həyata keçirdi. Bizim təbii sərvətlərimizdən qeyri-qanuni, cinayət yolu ilə istifadə edir, təbiətimizə qarşı terror həyata keçirir, su hövzələrini çirkləndirirdi. Bir sözlə hərtərəfli formada Azərbaycana, xalqımıza qarşı sözün əsl mənasında terror həyata keçirirdi. Lakin bir dəfə də olsun məsələ ilə bağlı heç bir beynəlxalq təşkilat, xüsusilə də BMT tərəfindən münasibət, reaksiya nümayiş etdirilmədi. Bu BMT və ya digər təşkilatların yalnız özlərinin maraqlarına cavab verdiyi, lazım bildikləri halda bu və ya digər məsələlərlə bağlı mövqe nümayiş etdirdiklərindən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, bu həm də ona dəlalət edir ki, bu prinsiplə fəaliyyət göstərərək bütövlükdə qlobal səviyyədə təhlükəsizliyin təmin olunması, dövlətlərarası ziddiyyətlərin dinc vasitələrlə tənzimlənməsi istiqamətində heç bir səmərəli fəaliyyət göstərmək mümkün deyil: “Biz bunu BMT-nin fəaliyyətində daha aşkar şəkildə müşahidə edirik.

Bildiyimiz kimi 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul olundu. Bu qətnamələrin qəbul olunmasını şərtləndirən səbəb isə Ermənistanın Azərbaycan torpaqlarını ardıcıl olaraq işğal etməsindən ibarət idi. Lakin BMT TŞ tərəfindən qətnamələr qəbul olunsa da onların icrası istiqamətində BMT tərəfindən nəinki hər hansı bir addımın atılmasını, ümumiyyətlə qəbul olunmuş qətnamələrin icrası istiqamətində müzakirələrin aparılmasını belə müşahidə etmədik. Lakin digər təcrübədə isə qətnamənin qəbul edilməsindən bir neçə saat sonra onun icrası istiqamətində addımlar atılıb. Məsələn Liviya ilə bağlı bunu qeyd etmək yerinə düşərdi.

Ermənilərin əsassız iddiaları əsasında hər hansısa bir məsələnin BMT TŞ-da müzakirəyə çıxarılmasının özü hesab edirəm ki, bir daha ikilistandartlar siyasətinin aşkar göstəricisidir. Nəzərə almaq lazımdır ki, sənədin müzakirəyə çıxarılmasında Fransa birbaşa rol oynayıb. Bununla Fransa həm də özünün təkcə Cənubi Qafqaz regionu ilə bağlı məsələlərdə yox, ümumiyyətlə dünya çərçivəsindəki məsələlərdə nə qədər riyakar olduğunu, dağıdıcı mövqe tutduğunu bir daha nümayiş etdirmiş oldu. Belə ki, Fransa artıq öz davranışları ilə etiraf edir ki, ATƏT-in MİNSK qrupunun yaradılmasının məqsədi Ermənistanın işğalçılıq siyasətini dəstəkləməkdən ibarət olub.

Bütövlükdə Fransanın hər hansı bir addımı ilə bağlı yanlış, sadəlöhv düşüncələrə dalmaq olmaz. Ona görə də Azərbaycan təbii ki, daha ayıq və çevik diplomatiya həyata keçirir və bunu davam etdirməlidir. Çünki təcavüzkar Ermənistan öz niyyətlərindən bir addım da olsun geri çəkilməyib. Fransanın timsalında Ermənistanın təcavüzkarlığı və terrorçu siyasəti dəstəklənməkdədir. Azərbaycan ərazisində separatizmə açıq dəstək ifadə olunmaqdadır. Bu bütövlükdə BMT-ə olan inamı və etimadı əhəmiyyətli dərəcədə sarsıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə