"Ermənistan rus qoşunları tərəfindən işğal edilib!”

"Ermənistan rus qoşunları tərəfindən işğal edilib!”

Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aksiyanı təşkil edən “Milli Demokratik Qütb” siyasi hərəkatı məlumat yayıb

Nümayişçilər “Blokadanın açılması adı ilə” şüarı ilə çıxış edərək Rusiya hərbi bazasına gedən yolu bağlayıblar. Onlar Rusiya sülhməramlı kontingentindən özünü Qarabağ (erməni adı – “artsax”) elan etmiş Laçın dəhlizi ilə nəqliyyatın hərəkətini bərpa etməyi tələb edirlər.

Rusiya sülhməramlıları fəal addımlar atmasalar, nümayişçilər onları “işğalçı” elan etməyə hazırdırlar. “Biz bütün dünyaya göstərəcəyik ki, Ermənistan, o cümlədən “artsax” 102-ci baza ilə təmsil olunan rus qoşunları tərəfindən işğal edilib”.

Bunu Milli Demokratik Qütbün üzvü Vahe Qasparyan bildirib.

İrəvan iddia edir ki, guya Laçın dəhlizində Qarabağa gedən yolun bağlanmasından sonra ərzaq və həyati əhəmiyyətli malların tədarükü dayanıb deyə, bu ərazilərdə yaşayan ermənilər acından ölmək üzrədirlər.

Buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham edən bəyanat yayıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl İrəvanın Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətini davam etdirmək üçün beynəlxalq tərəfdaşları bilərəkdən çaşdırdığını bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə