İranın SEPAH dəstələri terror qruplaşması elan edilir! SİYASİ RAKURS

İranın SEPAH dəstələri terror qruplaşması elan edilir! SİYASİ RAKURS

Almaniyada İran İnqilabı Keşikçiləri Korpusunun "qara siyahı"ya salınması ilə bağlı müraciətlər artır

İranda daxili gərginliklər artdıqca molla rejiminin silahlı dəstələri hakimiyyət tərəfindən xalqa qarşı daha aqressiv və daha amansız davranma əmrlərini alırlar. Buna misal kimi BƏSİC qüvvələrinin qəddarlıqlarını göstərmək olar. Qonşu ölkədə xalq etirazları başlayan gündən hazırkı dövrə qədər yüzlərlə qadın, uşaq, yeniyetmə, qoca və gənclərin ölümlərində əsas baiskarlar isə yalnız BƏSİC deyil, həm də İran İnqilabı Keşikçiləri Korpusunun - SEPAH-ın da əlinin olduğu kimsəyə sirr deyil. Ümumiyyətlə, şəhər və qəsəbələrə daxil olan silahlılar müxtəlif vasitələrdən istifadə etməklə etirazları qan bahasına yatırmağa davam edirlər. Lakin maraqlı məqam budur ki, öz azadlıqlarının, hüquqlarının təmin olunması üçün yola çıxan insanlar əsla geri çəkilmirlər və öz mübarizələrini daha qətiyyətlə davam etdirirlər. Azərbaycanlılar, farslar, bəluclar, kürdlər bir araya gəlməklə, vahid güc olaraq qəddar rejimin amansızlıqlarına qarşı çıxış edirlər.

ABŞ və İsrail eyni qərarları bölüşürlər

Məhz belə bir məqamda dünyanın bir sıra aparıcı dövlətləri SEPAH və BƏSİC qüvvələrini terror qruplaşmaları siyahısına salmaq barədə qərarlar verməyə başlayıblar. Artıq ABŞ-da həmin qərar demək olar ki, qəbul edilib. O cümlədən, İsrail hökuməti də eyni qərarı verib.

Lakin Avropa ölkələri də həmin qərarlar ətrafında düşünməkdədirlər. Belə ki, SEPAH və s. qüvvələrin terrorçu qruplaşmalar siyahısına salınması o deməkdir ki, gələcəkdə istənilən ünsiyyət, dəstək, toplantılarda iştirak və ictimai yerlərdə bu hərbi təşkilatın loqosunun əks olunduğu bayrağın qaldırılması rəsmi olaraq cinayət sayılacaq.

Növbə Böyük Britaniyada və Almaniyadadır!

Onu da qeyd edək ki, Britaniya parlamenti bu ölkənin hökumətindən SEPAH-ı terrorçu qruplar siyahısına daxil etməyi tələb etdikdən sonra Almaniyadakı bir qrup siyasi fəal da öz ölkələrinin parlamentinə bu hərbi quruma qarşı oxşar addım atmaq üçün müraciətlər edib. Belə ki, həmin tələblər Britaniya hökumətinin yaxın gələcəkdə SEPAH-ın terror təşkilatları siyahısına salmağı planlaşdırdığına dair xəbərlərdən sonra irəli sürülür.

Xatırladaq ki, məhz bu silahlı qüvvələr ötən il iki dəfə Azərbaycanla həmsərhəd ərazilərdə irimiqyaslı hərbi təlimlər keçirməklə öz təbirlərincə bizə qarşı hədə-qorxu, ya da əzələ nümayişi göstərməyə çalışıblar. Lakin onların uğursuz təlimləri sadəcə görüntü təsirini bağışlayıb. Maraqlıdır ki, işğalçı və təcavüzkar Ermənistanla, eləcə də bu ölkənin silahlı qüvvələri ilə qardaşlıq münasibətləri quran rejim bu gün də müxtəlif bəhanələr gətirməklə zaman-zaman Azərbaycana qarşı dil uzadır, üstəlik parlament və s. səviyyələrdə siyasi həyasızlıq nümayiş etdirməklə ərazi iddialarına qədər fikirlər səsləndirirlər.

Avropa məkanına ciddi təhlükələr saça bilər

Bütün bunlardan sonra sübut olunur ki, Cənubi Qafqaz regionunda sülhün və inkişafın bərqərar olmasına hər vəchlə mane olmağa cəhdlər göstərən qonşu ölkə əlinə düşən hər imkanda ermənilərlə münasibətlərini daha da sıxlaşdırır. Söz yox ki, bu kimi faktlar həm də Avropa ölkələrini də narahat edir. Çünki Tehran rejimi sanki bütün dünyaya meydan oxumaqla müharibə küləyini əsdirməyə çalışır və bu da əlbəttə ki, nəinki regiona, həm də bütövlükdə Avropa məkanına ciddi təhlükələr saça bilər. Məhz bu baxımdan, Britaniya, Almaniya kimi ölkələrdə də həmin faktorlar ciddiyə alınmağa başlayır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə