“Suverenliyimizin Qarabağda tam təmin olunacağı gün uzaqda deyil” AÇIQLAMA

“Suverenliyimizin Qarabağda tam təmin olunacağı gün uzaqda deyil” AÇIQLAMA

“Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Laçın yolu ətrafında baş verən hadisələr sülh müqaviləsi də daxil olmaqla, ümumi müzakirə mühitini çətinləşdirir. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və bütün istiqamətlərdə birgə işin tezliklə bərpasını gözləyirik. Qaluzinin sözlərinə görə, bu halda sənədin təsdiq olunma tarixi o qədər də vacib deyil: “Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin”. Göründüyü kimi, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin verdiyi bəyanatda diqqəti daha çox sülh müqaviləsinin imzalanması zərurətinə yönəltmişdir”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Abutalıb Səmədov qeyd edib ki, Laçın dəhlizində və Xankəndidə yaradılan böhranda kimin günahkar olması barədə onun rəhbəri, Rusiya Xarici işlər naziri S.Lavrov C.Bayramovla keçirdiyi mətbuat konfransında son dərəcə açıq danışdı: “O, xatırlatdı ki, ekoloqların əraziyə səfəri barədə razılıq əldə olunsa da, sonradan razılaşma pozuldu. “Təəssüf ki, bu razılaşma nə Azərbaycan tərəfinin, nə də rus sülhməramlılarının təqsiri üzündən pozulmadı”-deməklə Lavrov günahın erməni tərəfində olduğunu açıq şəkildə bildirdi. Bu, Rusiya dövlətinin rəsmi mövqeyidir və hər dəfə təkrar olunmasa da geniş ictimaiyyətə yaxşı məlumdur. Ancaq həmin mətbuat konfransında dolayı yolla da olsa təxribatı R.Vardanyanın təşkil etdiyini söyləyən rus nazir “günahsız” sülhməramlıların onu Qarabağa hansı əsasla buraxdıqlarının üstündən sükutla keçdi. Dekabrın 22-də Rusiya vətəndaşlığından məhrum edilən və heç bir vətəndaşlığı olmayan Vardanyanın ay yarım əvvəl “dövlət naziri” təyin edilməsinə, hələ də Qarabağda qalmasına və oradan çıxarılmamasına da aydınlıq gətirilmədi. Məşhur bir deyim var. Azərbaycan-Ermənistan münaqişəsində Rusiya kimin tərəfindədir-sualının cavabı belədir: münaqişənin. Son hadisələr bir daha göstərdi ki, Rusiya həqiqətən də münaqişənin tərəfindədir və onun alovlanması üçün əlindən gələni edir. Ancaq son günlər baş verən hadisələr bir daha onu da göstərdi ki, bütün təxribatlara baxmayaraq Azərbaycan hakimiyyəti öz planları əsasında hərəkət edir və suverenliyimizin Qarabağda tam təmin olunacağı gün uzaqda deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə