Ermənilərin rus düşmənçiliyi – BAXIŞ BUCAĞI

Ermənilərin rus düşmənçiliyi – BAXIŞ BUCAĞI

Qərb İrəvandan Rusiyaya qarçı ikinci cəbhə açılmasını istəyir

Ermənilər xəyanət damğasını həmişə kürəklərində daşıyırlar. Onlar üçün bunu etmək o qədər də çətin deyil, bu gün dost dediyini sabah çox asanlıqla üçüncüyə sata bilirlər. Həm də bu xarakter onlarda genetic olduğundan bunun fərqində də deyillər. Yəni, xəyanət erməni toplumunun həyat tərzidir, bununla nəfəs alırlar, gələcək planlarında bu yanaşma olmadan heç bir xətt çəkilmir, həyata keçirilmir. Erməni-türk savaşları, münasibətləri tarixində elə bir hadisə yoxdur ki, orada Rusiya və rusların adı çəkilməsin. Bütün dönəmlərdə, Rusiyanın bütün dövlət quruluşlarında ermənilərə xüsusi yanaşma olub, bu, bir faktdır. Niyə və nə üçün, bu artıq başqa bir yazının ana xəttidir. Erməniləri Qafqaza gətirən, məskunlaşdıran, müsəlmanların canına salan da şimal qonşumuzdur. Erməniləri bəsləyən, onlara qucaq açan, torpaqlar bağışlayan və nəhayət onlar üçün dövlət quran da Rusiyadır. Amma, bu qədər qayğının, diqqətin müqabilində ruslara ilk fürsətdəcə arxa çevirən, satan, xəyanət edən də, təəccüblü də olsa ermənilərdir.

Birinci Qarabağ müharibəsində ermənilər ov tüfəngləri ilə üstümüzə gələndə biz əliyalın idik, çünki mərkəzi hökumət – Moskva yerli hakimiyyətdəki "qalın kafalıların" əli ilə bütün ov silahlarını müsadirə etmişdi. Biz avtomat əldə edəndə ermənilərin topu var idi və bütün bunlar ermənilərin sovet ordusundakı dostları tərəfindən qarşılanırdı. Və şahidi olduğumuz həmin hərbi yardımlar sayəsində ermənilər, daha doğrusu Ermənistan silahlı birləşmələri Azərbaycanın 20 faiz torpaqlarını ələ keçirə bildilər. Mərkəzi hökumət və SSRİ-nin xarabalığı üzərində qurulmuş Rusiya hökumətindəkilər isə səsimizi eşitmək belə istəmədilər, əksinə ötən 30 il ərzində bu işğalı legitimləşdirməyə çalışdılar. Hətta, prosesə fransızları – bütün dövrlərin barbarlarını da qoşdular.

Bütün bunlara rəğmən Ermənistanın Rusiyaya, ermənilərin ruslara münasibəti necədir, bilirsinizmi? Əlbəttə, keçmişini unudan, yuxarıda dediyimiz kimi, xəyanəti özünün yaşam tərzi kimi seçən ermənilər Azərbaycanla müharibədə uğradıqları ağır məğlubiyyətdə günahı özlərində yox, Rusiya və ruslarda axtardılar. Sən demə müharibə dövrü Rusiya Dərbənd istiqamətindən, eyni zamanda Xəzər dənizindən Azərbaycana qarşı hərbi əməliyyatlar aparmalı imişlər. Rusiyanın Gümrüdəki 102-ci ordusu ayağa qalxmalı və Azərbaycana qarşı müharibədə Ermənistanın yanında olmalı imiş. Rusiya Ukraynada olduğu kimi, bütün hərbi arsenalını işə salmadığından “bədbəxt” ermənilər məğlub olublar. Budur, Ermənistanın və ermənilərin düşüncəsi, başındakı plan, reallıq.

Müharibədə ağır məğlubiyyət erməniləri ağıllandırmadı, sərhəddə törətdikləri təxribatlardan sonra başlarına enən zərbədən bir nəticə çıxarmadılar, dünya da İrəvandan suveren hüquqlara hörmətlə yanaşma tələb edir, amma “hay”lar yenə öz işlərindədirlər. Qarabağ Azərbaycandır dedik, Ermənistandakı indiki hakimiyyət müharibədən əvvəlki ritorikasını dəyişsə də, Qarabağın ərazi yox, hüquqi bir məsələ olduğunu etiraf edir. Yəni, Ermənistan ərazi iddialarından sözdə imtina edir, amma əməldə yenə prosesi körükləmək iddasındadır. Qarabağda başqa ad altında ordu saxlayır. Yeraltı sərvətlərimizin talanmasını Qarabağdakı separatçıların əli ilə davam etdirir. Və günlərin bir günündə Azərbaycan öz haqq səsini qaldıranda Ermənistanın səsi okeanın o tayından, beynəlxalq təşkilatlardan gəldi. Bu da işə yaramayanda isə yenə də günahı Rusiyada və Rusiyanın ərazilərimizdə müvəqqəti yerləşdirilmiş sülhməramlılarında görürlər.

“Voskanapat” analitik mərkəzinin rəhbəri Hrant Melik-Şahnazaryan hesab edir ki, Ermənistan-Rusiya münasibətlərindəki son prosesləri nəzərə alsaq, iki ölkə arasında müttəfiqlik münasibətləri praktiki olaraq mövcud deyil: “İrəvan daim Rusiyanı ən yüksək səviyyədə tənqid etdiyinə görə Rusiya Ermənistanın maraqlarını digər regionlardakı maraqları naminə qurban verməkdə davam edir”. Melik-Şahnazaryan əminliklə ifadə edib ki, bu, Ermənistan üçün fəlakətli dərəcədə pisdir və “satqınları aradan qaldırmaqla” vəziyyəti düzəltmək olar. Yaxın gələcəkdə Rusiyadan regionda hansı davranışın gözlənilə biləcəyi kontekstində Melik-Şahnazaryan əmindir ki, “sıfır diplomatiya olacaq”.

Analitik qeyd edib ki, Kreml artıq Azərbaycan və Ermənistan rəhbərləri ilə heç nə danışmayacaq. Putin administrasiyası sadəcə olaraq zamanla oynamağa çalışacaq və məncə, çox gec olmayacaq ilk fürsətdə Ermənistana göstərişlər verməyə başlayacaq.

Ermənistan mətbuatı Rusiya haqqında hədyanlar yağdırmaqda, bu ölkəni qorxaq adlandırmaqda davam edir, əsas hədəf də, təbii ki, Rusiyanı növbəti oyunlara cəlb etməkdir. Ermənilərin təbirincə, artıq dünyanın bütün demokratik ölkələri, bütün beynəlxalq təşkilatlar Azərbaycanın məsuliyyət daşıdığını bəyan ediblər, amma Rusiya yenə qorxaqlıq edir ... Ermənilər sual edir, niyə Rusiya Ukraynanın suveren ərazisi sayılan Krımı ilhaq edir və oranı legitimləşdirməyə çalışır, amma Qarabağ “xalqına” qarşı bu münasibəti görmürük. Əslində bu, ermənilərin Rusiyaya iradından çox təzyiq etmək niyyətidir. “Rusiya Dövlət Duması heç vaxt Qarabağın müstəqilliyini tanımayıb” ifadəsi əslində ermənilərində beyninin məhsulu deyil və ola da bilməz. Bütün bu tərtiblərin ünvanı xaricdəki erməni lobbisinin tasmasını əlində tutanlardır. Ermənilər Rusiya qoşunlarının KTMT qoşunları kimi nə 2016-cı ilin aprelində dörd günlük müharibə zamanı, nə 2020-ci ildəki 44 günlük müharibə başlayandan sonra köməyə gəlmədiklərindən gileylənirlər. Putin “Bu müharibə Azərbaycan ərazisində gedir” ifadəsini Rusiya prezidentinin bəhanəsi adlandıran ermənilər zamanın, dövrün dəyişdiyini xatırladaraq əlavə edirlər ki, bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, kifayət qədər döyüş qabiliyyətinə malik ordu yaratmağı bacaran, kifayət qədər uğurlu müttəfiqlərlə - Türkiyə, Pakistan, İsrail və Böyük Britaniya ilə əhatə oluna bilən tamam başqa dövlətdir.

Ermənilər diplomatik cəbhədə baş verənlərdən danışarkən deyirlər ki, Azərbaycan özünü çox güclü hiss edir, xüsusən də Ukraynadakı müharibə səbəbindən Rusiya Azərbaycan-Türkiyə dünyasından asılı vəziyyətə düşüb. Azərbaycan yaxşı başa düşür ki, Moskva ondan asılıdır, təbii ki, Türkiyədən daha çox asılıdır, lakin Türkiyədən asılılıq müəyyən dərəcədə Azərbaycandan asılılığa qədər uzanır. Onlar yaxşı bilirlər ki, Moskvanın diplomatik rıçaqları yoxdur.

Əslində Ermənistanın Rusiyadan potensial düşmən düzəltmək cəhdinin arxasında məkrli planların olduğu ortadadır. Qərb Ukraynada gedən müharibədə daha böyük və sürətli uğur əldə etmək üçün yollar axtarır. Ermənistandan Rusiyaya qarşı ikinci cəbhənin açılması böyük planın bir hissəsidir. Rusiya cənubda NATO-nun ən böyük dövləti ilə Ermənistan vasitəsilə həmsərhəddir. Türkiyə ilə sərhəddə Rusiya sərhədçiləri dayanıb. Bu, Qərb üçün maneədir və hybrid müharibəsində vasitəçi olmağa can atan Ermənistan Ukraynada olduğu kimi Qərbin dəstəyi və hərbi yardımı ilə ərazisindəki Rusiyanın 102-ci ordusunu çıxartmaq və fransız, ya da amerikalı hərbçiləri burada “məskunlaşdırmaq” istəyir. Bunu Ermənistanın təkbaşına edəcəyi ağılabatan deyil, amma mümkünsüz də deyil. Ermənistan adəti üzrə bu işi başqalarına həvalə edəcək.

Azərbaycan-Ermənistan-Rsiya XİN başçılarının birgə görüşünün təxirə salınmasında Ermənistan tərəfinin səbəbkar olması da Rusiyanı oyundankənar vəziyyətdə saxlamaq planının bir hissəsidir. Digər tərəfdən bu, həm də Rusiya ilə Qərbin sülh müqaviləsi ilə bağlı mübarizəsidir. Qərb Ermənistanı ilin sonuna qədər sülh müqaviləsi bağlamağa məcbur edir, Rusiya isə faktiki olaraq müqavilənin ilin sonuna qədər bağlanmasını istəmir və ya onun rus variantına uyğun bağlanmasını tələb edir. Deməli, Ermənistanda Rusiyaya qarşı yetişmiş düşmənçiliyin bir səbəbini də burada axtarmağa dəyər. Belə çıxır ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına razıdır, Qərb də İrəvanı buna məcbur edir, amma Rusiya buna qarşıdır. Maraqlı versiyadır, amma həqiqətə nə qədər yaxın olduğu müəmmalıdır.

Faktiki olaraq Ermənistanda Rusiyaya qarşı səpilmiş düşmənçilik toxumunun cücərmə fəslidir. Ermənilər tarixən onlara arxa durmuş, ilk dəfə bir dövlət – “Hayastan” qurmuş bir ölkəyə - Rusiyaya qarşı asilik edir, onu tasmasını tutanlarla birləşib əzməyə çalışırlar. Rusiya isə hələ də qoynunda bəslədiyi düşməninə qarşı mərhəmət göstərir. Amma sabah gec ola bilər, nə qədər ki, hər şey itirilməyib Rusiya Azərbaycana qarşı qərəzindən, erməniləri dəstəkləməkdən, ədalətin bərpa olunmasına mane olmaqdan çəkinməlidir. İlk olaraq “sülhməramlı” ordusunu bölgədən çıxarmaqdan başlasa, pis olmaz.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə