Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dövlətlərin dünyada cərəyan edən qlobal proseslərin önündə getməsində liderlərin xüsusi əhəmiyyəti var. Çünki liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın, dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də xalqın rifahı faktorunda İlham Əliyev LİDERLİYİ amili mövcuddur. Artıq 19 ildən çoxdur ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir. Məhz Prezident İlham Əliyevin son illər ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar, ən əsası, «Dəmir Yumruq» siyasəti ilə 30 illik torpaq həsrətə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi ilə son qoyuldu. Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Öz gələcəyini ulu öndər Heydər Əliyev siyasi kursunun inkişafında özü qədər inandığı İlham Əliyev yerinə yetirəcəyinə ümüd etdiyini 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqa müraciətində bildirmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq xalqın yekdil səsi ilə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bir sözlə, 15 oktyabr 2003, 15 oktyabr 2008, 9 oktyabr 2013 və 11 aprel 2018-ci il tarixlərində keçirilən prezident seçkilərində xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa və sözünün üstündə həmişə dayanmış şəxsiyyətə, ən əsas, sözü ilə əməlinin üst-üstə düşdüyü qüdrətli liderə səs verdi. Və Prezident İlham Əliyev prezident səlahiyyətlərinin icrasına başlayarkən hər bir azərbaycanlının Prezidenti olacağını dedi və bunu öz əməli ilə göstərdi. Əlbəttə, Prezident İlham Əliyevin 19 illik prezidentliyinin əsas məqsədi xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi bütün gücü ilə möhkəmləndirməkdir.
SÖZÜ İMZASI QƏDƏR KEÇƏRLİ, HƏM DƏ DƏYƏRLİDİR
Bəli, Prezident İlham Əliyevin son 19 il prezidentlik fəaliyyəti və əldə olunan nailiyyətlər bu faktorun təsdiqidir. Azərbaycan Prezidenti çıxışlarında da dəfələrlə qeyd edir ki, «Bizim sözümüz imzamız qədər keçərlidir». Bəli, keçərli olduğu qədər həm də dəyərlidir. Çünki Prezident İlham Əliyev imzası Azərbaycan xalqının parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilməz. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bizi heç kim, heç nə və heç bir qüvvə dayandıra bilməz!”.
Bu, bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı da Prezident İlham Əliyevdir. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.Prezident İlham Əliyev hər zaman olduğu kimi, Azərbaycan xalqına verdiyi vədləri sonuna qədər yerinə yetirməyə qadir, güclü bir Liderdir. Cənab İlham Əliyevin Respublika Prezidenti kimi fəaliyyətinin 2018-ci ilə qədərki dövründə kifayət qədər ciddi işlər görülmüş, qlobal layihələr reallaşdırılmaqla ölkənin iqtisadi müstəqilliyinə, resursların düzgün şaxələndirilməsi nəticəsində maliyyə sabitliyinə, ordu quruculuğu və müdafiə sənayesi sahəsində inqilabi dəyişikliklərə nail olunmuş, ciddi hərbi siyasi tərəfdaşlıqlar yaradılmış, habelə, əsas ümummilli problemimiz olan Qarabağ münaqişəsi üzrə ədalətli hüquqi bazanın formalaşdırılması istiqamətində həlledici regional və beynəlxalq hüquqi aktlar qəbul edilmişdir. 2018-ci il 11 aprel prezident seçkilərinin 4 illik qısa bir dövrə nəzər yetirdikdə görürük ki, bu müddət ərzində Azərbaycan dövlətçilik tarixində dərin izlər qoyacaq mühüm işlər görülüb və bütün bunların özülü 2003-cü ildən başlayaraq qoyulub və ötən 18 ildə ən böyük hədəfi güclü, qüdrətli və bütöv Azərbaycan qurmaq idi. Belə ki, növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son üç ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil oldu. Seçkilərdə qələbə qazandıqdan sonra Prezident cənab İlham Əliyevin imzaladığı ilk Fərman - 2018-ci il 19 aprel tarixli Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Hər iki Fərman həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin cənab İlham Əliyevin növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. Bu fərmanlar həm də əhalidə milli vətənpərvərlik duyğularının gücləndirilməsinə hesablanmışdı. Çünki Azərbaycan vətəndaşları uzun illərdir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad olunması üçün Ali Baş Komandandan əmr gözləyirdi. Prezident İlham Əliyev isə gözlənilən müharibədə canından keçəcək Vətən övladlarının gözünün arxada qalmaması üçün dövlətin istənilən yükün altına girəcəyinin mesajını verirdi.2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Aprel qələbəsinə toxunan Prezident İlham Əliyev deyirdi: “Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik”.
Göründüyü kimi, Ali Baş Komandan, Prezident İlham Əliyyev tarix həqiqətlərə və hüquqi bazaya söykənərək Dağlıq Qarabağın əzəli və qədim Azərbaycan torpağı olduğunu təkzibedilməz faktlarla sübuta yetirdi. Azərbaycan Prezidenti tərəfindən beynəlxalq aləmdə bu qədər ifşa olunmasına və rəzil vəziyyətə salınmasına baxmayaraq, Ermənistanın baş naziri siyasi hoqqabazlıqlardan əl çəkmirdi. Onun gah danışıqları sıfırdan başlamaq, gah rəsmi Bakını Dağlıq Qarabağ separatçıları ilə birbaşa danışıqlara çağırması təklifləri, Şuşanın Cıdır düzündə sərxoş vəziyyətdə yallı getmək və “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” bəyanatı kimi təxribatçı hərəkətləri danışıqların müharibə ilə əvəzlənəcəyinə şübhə yeri qoymurdu. Bütün bu məsuliyyətsiz davranışların kulminasiya nöqtəsi isə 2020-ci ilin 12 iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində törədilən təxribat oldu. Bu təxribat nəticəsində general-mayor Polad Həşimov başda olmaqla Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbçisi şəhid oldu. İyulun 14-də Şəhidlər Xiyabanına axışan yüz minlərlə insan “Ali Baş Komandan, silah ver bizə” şüarları ilə Azərbaycan xalqının müharibə istəyini ortaya qoydu. O günün gəlişi isə özünü çox gözlətmədi.Xalqdan lazımi dəstəyi alan Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinə cəbhənin bütün istiqamətləri üzrə hücum əmri verdi. Bu, 44 gün davam edəcək Vətən Müharibəsi idi. Cənab İlham Əliyev 44 gün ərzində Prezident, Ali Baş Komandan, Sərkərdə və Diplomat kimi bütün bacarıqlarını ortaya qoydu. Təkcə 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbəni, Zəfər yürüşünü, torpaqlarımızın işğaldan azad olunmasını demək kifayətdir ki, xalq öz seçimində nə qədər haqlı olub. Belə ki, işğal altında olan Laçın, Kəlbəcər və Ağdam rayonları bir güllə atılmadan azad edilməsi tarixi faktordur.
Bir sözlə, Prezident İlham Əliyev son 19 illik prezidentlik fəaliyyəti dövründə əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, biz 44 gün ərzində möhtəşəm qələbə qazandığımız kimi, Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq. İlk növbədə azad olunmuş kənd və şəhərlərimiz bərpa olunmalı, məcburi köçkünlər ata-baba yurdlarına qayıtmalıdır.Beləliklə də, bu gün böyük qürur hissi ilə deyə bilərik ki, ölkə başçımızın qətiyyəti, iradəsi, prinsipial mövqeyi, dərin siyasi bilik və bacarıqları sayəsində qarşıya qoyulan bütün hədəflər qət olunub. Bir sözlə, 2003-cü ildən bu günə qədər ötən dövrü analiz etmək onu deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz Lideridir, Qalib Sərkərdəsidir! Və Qarabağı işğaldan azad etməyi bacarmış Ali Baş Komandan kimi bu işlərin öhdəsindən də gələcəyinə heç kim şübhə etmir. Çünki Qarabağ Azərbaycandır!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB