"İran Ermənistan üçün nəfəs borusu sayılır" - TÜRKİYƏLİ SİYASİ EKSPERT AÇIQLADI
"Ermənistan dörd ölkə ilə qonşudur və bunların üçü ilə problem yaşayır. Bu ölkə Azərbaycanın torpaqlarını işğal edib, Türkiyəyə qarşı torpaq iddiaları var və Gürcüstanla da münasibətləri yaxşı sayılmır. Buna görə də İran Ermənistan üçün nəfəs borusu sayılır". Bu sözləri SİA-ya açıqlamasında türkiyəli siyasi ekspert Kerim Askeri deyib.
Onun sözlərinə görə, dörd ölkədən sadəcə İranla Ermənistanın əlaqələri yaxşıdır: "Ermənistanın İranla olan sərhədi əslində Cənubi Azərbaycanlıların yaşadığı bölgədir. Bu da Ermənistan üçün çox qorxunc bir vəziyyətdir. Çünki Ermənistanın nəfəs borusu olan Cənubi Azərbaycanda hər hansı bir müstəqillik olursa, bu onların nəfəsinin kəsilməsi deməkdir. Ona görə də Ermənistan çalışır ki, İranla olan münasibətlərini ən yüksək pillədə tutsun".
Kerim Askeri sözlərinə belə davam edib: "Eyni zamanda, Ermənistan İranla münasibətlərini yaxşı tutaraq sanki Azərbaycana qarşı təzyiq göstərməyə çalışır. Azərbaycan-Türkiyə münasibətlərinə paralel olaraq Ermənistan-İran münasibətləri öz paralelliyini qorumağa çalışır. Bu Ermənistan üçün çox əhəmiyyətlidir.
İran tərəfdən baxdığımız zaman, bilirsiniz ki, İran üçün də Ermənistanla olan həm daxili, həm də xarici məsələlər olduqca önəmlidir. Çünki İran çoxmillətli bir dövlətdir və İranda olan ən çox millət Azərbaycan türkləri ilə farslardan ibarətdir. İran içindəki türklərdən, yəni Cənubi Azərbaycan faktorundan qorxur. Buna görə də Ermənistanla əlaqələrini yaxşı saxlayır.
İran Ermənistanla olan sərhədin qorunmasını istəyir. Ermənistan İranın sərhəddə yeganə qeyri-müsəlman qonşusudur. İran da bu faktordan istifadə edir. Son olaraq qeyd edim ki, Azərbaycan da artıq çox güclüdür. Bütün bu faktorlar İranla Ermənistanı biri-birinə yaxınlaşdırır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB