Erməni separatizmi və onların törətdikləri ekoloji terror TƏHLİL
QHT-lərin və ekoloji fəalların Şuşa- Xankəndi yolunda keçirdiyi aksiya haqlı və əsaslıdır
Ermənilər iki əsrdən çoxdur ki, azərbaycanlılara qarşı kütləvi qırğınlar, qarətlər, vəhşiliklər törədiblər. Bu qırğınlar nəticəsində iki milyondan çox azərbaycanlı qətlə yetirilib, yüz minlərlə insan yaralanıb, əlil olub. Ev-eşiyindən didərgin salınan azərbaycanlıların sayı yüz minlərlədir. Hətta Azərbaycan ərazilərində yaşayan milli azlıqlar ləzgilər, avarlar, yəhudilər, tatlar, udinlər və digər azsaylı xalqlar belə təcavüzün qurbanı olmuşlar. Erməni terrorçu hərbi birləşmələri 30 ilə yaxın işğal altında saxladıqları Qarabağın kənd və qəsəbələrində, şəhərlərində qırğınlar, terror hadisələri törətmiş, tarixi memarlıq nümunələrini, abidələri dağıtmaqla vandalizmə yol vermişlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ermənistanın terrorçu hərbi birləşmələrinin Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər barədə demişdir: "Ermənistan terrorçu ölkədir. Birinci Qarabağ müharibəsi dönəmində bizə qarşı onlarca terror aktı törədilmişdir - metrolarda, avtobuslarda, gəmilərdə. Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilməlidir".
44 günlük Vətən Müharibəsi dönəmində də Ermənistan mülki əhalini hədəfə almış, müxtəlif qadağan olunmuş silahlardan istifadə etməklə vəhşiliklər törətmişdi. Ümumilikdə Vətən müharibəsi vaxtı Azərbaycanın 20-yə yaxın şəhər və qəsəbələri Ermənistan tərəfindən raket atəşinə tutulmuş və nəticədə yüzlərlə insan qətlə yetirilmişdir. 2020-ci ilin oktyabrın 4-də Ermənistanın raket atəşi nəticəsində Gəncə şəhərində bir mülki şəxs şəhid oldu, 30-dan çox mülki şəxs ağır və yüngül dərəcəli bədən xəsarəti aldı. Oktyabrın 5-də ikinci, oktyabrın 8-də isə Gəncəyə üçüncü raket hücumu baş verdi. Aralarında uşaq da olmaqla neçə-neçə insan həyatını, yaxınlarını, evlərini itirdi. Oktyabrın 27-də Bərdəyə raket zərbələri endirildi, oktyabrın 28-də isə 2-ci raket zərbəsi vuruldu. Bu kimi vəhşilikləri ilə Ermənistan 1949-cu il Cenevrə Konvensiyasını kobud şəkildə pozmaqla hərbi cinayətlər törətdi.
Terrorçu Ermənistan işğal zamanı İslam mədəniyyət abidələrini tamamilə məhv edib
30 illik işğalı zamanı Ermənistan Qarabağ və ətraf rayonlarda muzeylər, məscidlər, abidələr dağıdıb, bununla tək Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə yönəlik vandalizm aktları törədib. Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilib və ya bu abidələrin yazıları dəyişdirilməklə ermənilərə məxsusluğu bəradə müxtəlif dillərdə dezinformasiyalar yayılıb, beynəlxalq ictimaiyyəti aldatmağa cəhdlər göstərilib. Qarabağdakı 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər 2-i isə yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara və bütövlükdə müsəlman dünyasına qarşı öz nifrətlərini nümayiş etdirirlər. Müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri, əsas etibarilə, xüsusi beynəlxalq sazişlə "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası ilə nizama salınır və 60-dan çox ölkə bu Konvensiyanın iştirakçısıdır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçıları tərəfindən tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması həmin Konvensiyaya, eləcə də "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.Vandalizm aktları birmənalı şəkildə beynəlxalq qanunlar və konvensiyalarda yoverilməz hesab edilir. 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var.
Ermənistanın ətraf mühitə və təbii resurslara vurduğu zərər 265,3 milyard dollardır
Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında ermənilər və onların havadarları təbii sərvətlərimizi qanunsuz olaraq mənimsəməkdə, beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmaqda və ekologiyaya ciddi ziyan vurmaqda davam edirlər. Ermənistanın həyata keçirdiyi ekoloji cinayətləri “Azercosmos”un peyk şəkilləri də sübut edir. Şəkillərdən görünür ki, işğal altındakı ərazilərin flora və faunası məhv edilib. Ekspertlərin ilkin hesablarına əsasən, Ermənistanın ətraf mühitə və təbii resurslara vurduğu zərər 265,3 milyard dollar dəyərindədir. Bu gün də erməni separatçıları və onları himayə edənlər Azərbaycanın Qarabağ iqtisadi ərazilərində faydalı qazıntılarını talan edirlər. Ancaq Azərbaycan dövləti və xalqı artıq bu talançılığın davam etməsinə imkan verməyəcək. Xalq öz sərvətlərinə özü qərar verməlidir. Bu səbəbdən də, dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Lakin sülhməramlılar öz dövləti maraqlarından irəli gələrək, Azərbaycan dövlət qurumlarının nümayəndələrinə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında monitorinq aparılmasına şərait yaratmadılar. Bu da 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarına ziddir.
Tələblər yerinə yetirilənə qədər, aksiya davam edəcək
Ümumiyyətlə, mövcud fakt ondan ibarətdir ki, Ermənistan 10 noyabr 2020-ci il bəyanatına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Başlıcası, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, bəyanatın 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Təbii ki, bütün bu kimi pozuntular beynəlxalq konvensiyalara, xüsusilə də, 10 noyabr bəyatının tələblərinə hörmətsizlikdir. Bu da cavabsız qalmamalıdır. Hələlik isə, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın əmrini gözləyir. Ölkəmizin vətəndaş cəmiyyəti fəalları, aktistləri, QHT-ləri , könüllüləri isə isə susmayırlar. Haqlı və əsaslı tələblərlə dekabrın 12-dən başlayaraq Şuşa-Xankəndi yolunda etiraz aksiyaları keçirirlər. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa- Xankəndi yolunda keçirdiyi etiraz aksiyası mülki ermənilərə qarşı deyil. Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyi başa düşülməlidir. Şuşa- Xankəndi yolunda keçirilən etiraz aksiyası 44 günlük Vətən müharibəsindən sonra milli hədəflər uğrunda ən kütləvi mübarizə aksiyasıdır. Hər dəfə olduğu kimi, yenə də Azərbaycanın qeyri-hökumət təşkilatlarının Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasına ermənilər və onların havadarları fərqli don geyindirməyə çalışırlar. Sığındıqları ölkələrdə müxtəlif qondarma tədbirlər keçirib, şivən qoparırlar. İddia etməyə çalışırlar ki, guya Azərbaycanın aktivistləri Xankəndi yolunu bağlamaqla erməniləri blokadaya alıblar. Əslində isə, yolu Rusiya sülhməramlıları bağlayıblar. Nə qədər kar, kor və lal olasan ki, dəfələrlə aksiya iştirakçılarının ən yüksək səviyyədə humanitar məqsədlər üçün daşımalarının həyata keçirildiyini görməyəsən. Hətta erməni təcili yardım maşınlarının sərbəst şəkildə hərəkətlərinə imkanlar yaradılıb. Bütün bunlar erməni tör-töküntülərinin və onların himayədarlarının ifşasıdır. Məqsədimiz separatçıların tamamilə ləğv edilməsi, faydalı qazıntılarımıza özümüzün sahib olmağımızdır. Bu tələblər yerinə yetirilənə qədər, təbii ki, aksiya davam edəcək.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB