Ekoterror, yaxud 1988-ci və 2022-ci illərin oxşarlığı - ANALİTİK

Ekoterror, yaxud 1988-ci və 2022-ci illərin oxşarlığı - ANALİTİK

Bu gün nəinki Azərbaycanın, hətta dünyanın diqqəti Laçın yoluna dikilib. Yox, bu yolla həsrətində olduğumuz, uzun müddət yolunu gözlədiyimiz birisi gəlmir. Bu yolda baş verənlər məkan və zaman etibarilə fərqli olsa da, mahiyyət etibarilə 1988-ci ildə elə bu torpaqda, bu ərazidə, Azərbaycanın dilbər guşəsi olan Qarabağda baş verən hadisələrlə eyniyyət təşkil edir. O vaxt da Azərbaycan vətəndaşlarının tələbi ekologiya ilə bağlı idi. Erməni vandallarının ekoloji terror törətməmələri üçün insanlar küçə və meydanlara çıxmışdılar. SSRİ rəhbərliyindən, dünya birliyindən tələb ermənilərin unikal bitki fondu və nadir növ ağacları ilə məşhur olan “Topxana” meşəsinin məhvinə yönəlmiş addımların durdurulması. Amma nə baş verdi? Ermənilərin ekoterroruna qarşı heç bir tədbir görülmədi, əvəzində onların fəaliyyətinə geniş imkanlar yaradıldı. Ermənilərə bu dəstəyi göstərənlər bilirdilər ki, Azərbaycan vətəndaşları bu hadisəyə, meşələrin barbarcasına məhv edilməsinə seyrçi qalmayacaq. Əslində məqsəd də iki xalqı bir-birinə qarşı qoymaq, Azərbaycanın müstəqil ölkə kimi inkişafını ləngitmək, ermənilərin əli ilə separatçılığı genişləndirmək, uzunmüddətli müharibəni başlatmaq.

1988-ci ilə “Topxana” hadisələri ilə başlanan mitinqlərin yeni dalğası “Meydan hərəkatı”nı yaratdı. Xalq hərəkatı fonunda Azərbaycanın suverenliyi haqqında Qanun qəbul edildi. “Topxana” meşəsi ilə bağlı başlanan hadisələr daha sonra Milli-Azadlıq Hərəkatına çevrildi. Bunu sıradan bir təsadüf hesab etmək olmaz, xalqın oyanışı üçün bir ağacın kəsilməsi də yetərli olarmış.

Bu gün Azərbaycan Vətən müharibəsi ilə ayağa qalxıb 44 gün ərzində işğal altında qalan ərazilərini ermənilərdən təmizləyib, qalib xalq olub. Bu gün hər bir azərbaycanlının başı dikdir, 30 ilin itkisi mərd oğullarımız tərəfindən geri qaytarıldı, yurdumuz azadlığına qovuşdu. Amma Qarabağımızda hələ də erməni əsilli subyektlər yaşayır və eyni ab-hava ilə, eyni münasibətlər, separatçı düşüncəsi ilə. Müharibə Şuşanın azad edilməsi ilə sona çatsa da Ordumuz xankəndinə və Qarabağın digər ərazilərinə daxil olmadı. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanata əsasən üç rayon – Ağdam, Kəlbəcər və Laçın rayonları müəyyən vaxt ərzində boşaldılır, ermənilər yaşayan indiki ərazilərdən Ermənistan silahlı qüvvələri çıxarılır, parallel olaraq həmin ərazilərə sülhməramlılar yerləşdirilir, Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasına şərait yaradılır və 5 il ərzində onların adaptasiyasına imkan verilir. Əvəzində nə görürük? Ermənilər Rusiya sülhməramlılarının çətiri altında yenə də özlərinə dövlət qurmaq istəyirlər. Üstəlik də Ermənistanla əlaqə yaratmaq üçün yeni açılmış Laçın yolu ilə Qarabağa silahlar və silahlılar, qadağan olunmuş yüklər daşıyan ermənilər Azərbaycan ərazilərindəki mədənlərdən müxtəlif növ qiymətli filizləri xarici ölkələrə daşıyırlar. Qızıl yataqlarından əldə edilən milyonlar Qrabağda separatizmin çiçəklənməsinə sərf edilir. Deməli, ermənilər bizim olan var-dövlətlə bizə qarşı döyüşürlər. Həm də həmin mədənlərdən əldə edilən vəsaiti rüşvət predmetinə çevirirlər. Separatçıların çətiri rolunda çıxış edən sülhməramlıların komandanı Volkovun bu məsələyə nə qədər bulaşdığı da xatırlanmalıdır…

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin, gənclərin Laçın yolunda artıq üçüncü sutkadır ki, fasiləsiz aksiyası davam edir. Bunu müharibədən sonrakı dövrdə yeni mərhələ də adlandırmaq olar. Bu aksiyada iştirak edən gənclərin əzmi, vətənpərvərliyi bizə müharibədən əvvəl baş verən hadisələri xatırladır. Gənclər bir nəfər kimi ayaqda idilər, mübarizəyə hazır olduqlarını, Ermənistanın 30 illik işğalına son qoymaq əzmini bir daha nümayiş etdirdilər. Məhz vətənpərvərlik, döyüş ruhuna sahib olmaq kimi keyfiyyətlər Qarabağımızın azadlığa qovuşmasında gənclərimizə yardımçı oldu. Bu gün Laçın yolunda qışın şaxtasında sülhməramlı kontingentin yarıtmaz fəaliyyətinə etiraz edənlərin də istəyi, arzusu məhz Vətənini sevmək, təbiəti sevmək düsturu üzərində formalaşıb. Sülhməramlıların qanunsuz fəaliyyəti, ermənilərin ekoloji terroruna şərait yaratmaları Azərbaycan xalqının haqlı narazılığına səbəb olub.

Müharibədən əvvəlki xəritəni gözümüzün qabağına gətirək, Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı qüvvələrinin nəzarəti altında idi. Rəsmi İrəvan Qərbdəki dostları vasitəsilə ələ keçirdiyi Azərbaycan torpaqlarında qurduğu separatçı, qanunsuz rejimi legitimləşdirməyə can atırdı. 30 il buna cəhd edildi. Amma heç bir ölkə qanunsuz qurumu tanımağa risk etmədi, Ermənistanın belə bu addımı atmağa cəsarəti çatmadı. Çünki, dünya birliyi Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirdi və separatçıları tanımaq kimi bir niyyətləri yox idi. II Qarabağ müharibəsində Ermənistan Azərbaycan silahlı qüvvələrinin hücumlarına tab gətirə bilmədi, əzilib torpaqlarımızdan rədd oldu. Bu günkü hadisələr isə onu deməyə əsas verir ki, Ermənistan və onun uzantıları olan separatçılar 30 il işğal altında saxladıqları və legitimləşdirə bilmədikləri Qarabağı bu dəfə sülhməramlıların çətiri altında leqallaşdırmağa, tanıtmağa çalışırlar. Sülhməramlıların Qarabağdakı qanunsuzluqlarla bir bağlantısı yoxdursa, niyə ermənilərin separatçı əməllərinə göz yumurlar?

Bəli, tarix təkrarlanır, ermənilərin “Topxana”dan başladıqları separatçılıq bu gün fərqli ad, lakin eyni çətir altında davam etməkdədir. Etiraz aksiyalarında iştirak edənlərin bir tələbi var, general, sülhməramlıların komandanı Volkov görüşə gəlsin, suallara cavab versin. Amma soyadı Canavarov (Volkov) olan Andreydə sən demə başqa ürək varmış. Silahsız, o cümlədən qadın və gənclərin qarşısına çıxmağa da gərək insanda təpər, canavar ürəyi olsun. Belə psixoloji durumu zəif olan komandanın fərsizliyi sayəsində bu gün Qarabağdakı separatçılar cilovsuz at kimi sağa-sola vurnuxur, özlərinə ordu yaradırlar. Halbuki, sülhməramlıların da təmsilçisi olduğu Rusiyanın Prezidenti Vladimiz Putinin imzası olan üçtərəfli Bəyanatda “erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə parallel olaraq Rusiya sülhməramlıları bu bölgəyə yerləşdirilir” cümləsi də yazılıb. Amma Rusiya sülhməramlıları qanunsuz silahlı birləşmələri nəinki tərksilah etmədilər, onların silahlanmasına, texniki imkanlarının artırılmasına yardım etdilər.

Separatçılığı, terroru, milli ədavəti, ayrıseçkiliyi özünün həyat fəlsəfəsi hesab edən ermənilərin dini rəhbəri II Qaregin öz millətinə xas olan bütün mənfi, neqativ xüsusiyyətləri ermənilərin içindən çıxarmaq əvəzinə dünya ölkələrinə, beynəlxalq təşkilatlara müraciət etməsi, Azərbaycana qarşı iftiralar yağdırması anlaşılan deyil. Ermənilərin təkcə Azərbaycan torpağında yaşamaları onların Qarabağda müstəqil dövlət qura bilmələri anlamına gəlməməlidir. Bu təfəkkürlə heç bir məsələ, problem həll dilə bilməz. II Qaregin xristian kilsələrinin, beynəlxalq və konfessiyalararası təşkilatların rəhbərlərinə müraciət edərək Azərbaycanın Laçın dəhlizindəki hərəkətlərinə qarşı çıxmağa və “Qarabağda humanitar fəlakət”in qarşısını almağa çağırıb. Katolikosun dini lider Allahşükür Paşazadəyə ünvanladığı müraciətdə humanitar fəlakətin yaşandığı qeyd edilir və Azərbaycan ermənifobiya siyasəti yürütməkdə ittiham olunur və əlavə edir ki, belə münasibətin olduğu yerdə ermənilər Azərbaycanın tərkibində yaşaya bilməzlər. Deyəsən “pişiyin quyruğu göründü” və katolikosun ermənilərin Azərbaycan vətəndaşı ola bilməməsini əsaslandırmaq cəhdi bu dəfə də uğursuz oldu. Bir ölkənin tərkibində yaşaya bilməmək həmin ölkənin vətəndaşı olmaq istəməməkdir. Yəqin, katolikos da bunu bilməmiş deyil ki, belə olan halda dövlət vətəndaşı tərk etmir, vətəndaş ölkə hüdudların tərk edir. Ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəmirlərsə gəldikləri yerə getmək üçün onlara yardım göstərmək bizim borcumuzdur, məmuniyyətlə.

Ermənilər dünyanın diqqətini Qarabağda və laçın yolunda baş verən hadisələrə yönləndirmək üçün bütün imkanlarını səfərbər ediblər. Gah yollarda 270 uşağın ölümlə baş-başa qaldığını, gah 25 min əhalinin yaşadığı Qarabağda 30 minə yaxın uşağın aclıq çəkdiyini, gah da qazın və elektrik enerjisinin kəsilməsi səbəbindən məktəblərin bağlandığını deyərək bütün günahların Azərbaycan tərəfi olduğunu iddia edirlər. Yolun kim tərəfindən bağlandığını hər kəs bilir, fotola və video çəkilşlərdən də görünür ki, Laçın yolunu Rusiya sülhməramlıları ağır texnika ilə bağlayıblar. Sülhməranlıların xidmət zonasında Azərbaycanın heç bir fəaliyyəti yoxdur, etirazçılar isə sülhməramlıların komandanına verdikləri sualın cavabını eşitməyində yolu tərk etməyəcəklər.

Hadisələrin başlandığı ilk gün Qarabağdakı ermənilərin separatçı qurumu xəbər yaymışdı ki, kifayət qədər yanacaq və ərzaq ehtiyatına malikdirlər, uzunmüddətli mübarizəyə hazırıq. Özünü “Artsax”ın dövlət naziri adlandıran Ruben Vardanyan isə qeyd edib ki, vəziyyət gərgindir. Aksiyaların 3-cü günündə isə Vardanyan “konstruktiv danışıqlara hazırıq” deyə ismarıc göndərib. Amma Azərbaycan tərəfi Vardanyan adlı birisi ilə bu və ya digər məsələlər ətrafında müzakirələr aparmağı mümkün hesab etmir.

“Azərbaycan elə bir çətin vəziyyət yaratmağa çalışacaq ki, Ermənistan hakimiyyəti insanları Azərbaycanın ultimatumları ilə razılaşmağın daha yaxşı olduğuna inandırmağa başlayacaq”. Bunu parlamentin “Mənim şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan deyib. Onun fikrincə, Azərbaycandan səslənən və ya gözlənilən tələblərin yerinə yetirilməsi sülhə gətirib çıxarmayacaq.

Bəli, məğlub, kapitulyasiya aktına imza atmış Ermənistan hələ də özünü qalib ölkə kimi aparır. Hələ də darmadağın olduğunu dərk etmir, çox güman ki, aldığı zərbədən ağlını itirib, sayıqlayır. Tibbdə tez-tez rast gəlinən bir hadisə ermənilərin bu halına çox uyğun gəlir. Deməli aldığı xəsarət nəticəsində bir xəstənin ayağını amputasiya edirlər, üstündən saatlar keçməsinə baxmayaraq elə düşünür ki, ayağı hələ də yerindədir. Həkimlər yalnız sinir uclarını yandırandan sonra xəstə ətraf üzvünün itirildiyini dərk edir. İndi ermənilər ayağını itirib, amma baş beyin hələ də sağlam olduğu siqnallarını qəbul edir. Bu siqnalları durdurmaq, qıcığın qarşısını almaq üçün mütləq sinir əməliyyatı keçirmək lazım gələcək. Bu əməliyyatın da adı “Qarabağdakı separatçıları məhv etmək” olacaq. Vəssəlam...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə