General Volkovu idarə edən, daha doğrusu, davranışını kontrol edən, onun etdiklərinə nəzarət edən yoxdurmu? Təkcə elə bu sual bir çox məqamlara aydınlıq gətirmək üçün kifayət edir, çünki nəyin necə olması məhz bu suala cavab axtarmaqla aydın olur. Əvvəla ona görə ki, hadisələrin gedişatına təsir imkanlarının, potensialların araşdırılması ilə qaranlıq məqamlar üzə çıxır. Digər tərəfdən də Volkov və Vardanyan kimilərin məhz kimliyi, nəçi olmaları bəlli olmaqla məramları da, məqsədləri də artıq gizli qalmır, bu isə bizim üçün, Azərbaycan üçün olduqca vacibdir.
Əlbəttə ki, heç bir halda hanısa bir general, özü də sülhməramlı kontingentinin generalı yalnız öz ağlı, öz istəyi, yaxud öz iradəsi ilə kimlərə istəsə himayədarlıq etmək imkanına malik ola bilməz, malik deyil də. Düzdür, nəinki generalın, hətta sülhməramlılar arasında sıravi bir hərbçinin də himayədarlıq arzusu ola bilər. Haqlı, ya da haqsız, yaxud sülhsevər ya da separatçı, terrorçu olmasından asılı olmayaraq kimə isə arxa durmaq həvəsi də mümkün haldır. Amma bu həvəs, ya da arzu onlara heç bir haqq vermir və kimə istəsələr himayədarlıq etmək onların nə səlahiyyətləri, nə də missiyaları daxilində belə deyil. Deməli, hansısa qüvvənin, yaxud hansısa mərkəzin proseslərin nüvəsində olması artıq şübhə doğurmur.
Bir halda ki, Volkovun təkəbbürlü davranışları diqqəti çəkir, deməli, onun erməni separatçılarına və İran diversantlarına himayədarlığının arxasında nələrsə, daha dəqiq desək, hansısa qüvvə dayanır. Ümumiyyətlə, bu generalın hərəkətlərinin pərdə arxasında nəyinsə olduğu zərrə qədər şübhə doğurmur. Bir sülhməramlı hərbçi, yaxud general humanitar nöqteyi-nəzərdən kimlərinsə istəklərinə şərait yaratmaq fikrinə düşməsi başa düşülə bilər, özü də rəhm etmək niyyəti ilə olarsa anlaşılar, amma böyük bir siyasətə alət olaraq onun həddini aşması başadüşülən deyil və təsadüf, ya da sıradan bir addım sayılmır.
Bəllidir ki, Volkov özü özünü bölgədə sülhməramlılara nə rəhbər, nə də general təyin edə bilməz, onun belə bir səlahiyyəti yoxdur, Kreml onu öz istədiyi “görəvlə” görəvləndirib. Belə olan halda, qeyd etdiyimiz sual yenə də öz yerini alır və maraqlıdır, Moskvanın xəbəri olmaya bilərmi Volkovun davranışlarından? Bunu özü desə belə kimsə inanarmı? Əlbəttə inanmaz, çünki onun Moskvaya, şəxsən Rusiya prezidentinə, Vladimir Putinə hesabatlı olduğunu hamı yaxşı bilir. Yaxşı bilir ki, hər bir addımından belə öncə Kremlin “xeyir-duasını” almalıdır. Sirr deyil ki, Volkova müvafiq vəzifə tapşıran onun hər bir hərəkətindən əvvəldən xəbərdardır və hətta hansısa hərəkətinə, yaxud davranışına görə ən azından məsuliyyətini də dərk edir.
Maraqlıdır, bir halda ki, Volkova müvafiq tapşırığı Moskva verib və onun sülhməramlı kimi fəaliyyəti Rusiya hökumətinin nəzarəti altındadır, o zaman niyə həmin generalın uyğunsuz fəaliyyətinə, davranışlarına Kreml reaksiya vermir və ya vermək istəmir? Elə bu sual və həmin sualın cavabı özü də təsdiq edir ki, Vardanyanla eyni ağılda, eyni düşüncədə olan Volkovun davranışlarının, tərzinin, bir sözlə, Vardanyan və Volkov tandeminin Kreml izləri olduğu qənaətinə gəlməkdə hər kəs haqlıdır. Düzdür, bu, təəssüf doğurucu məqamdır, heç də arzuolunan hal deyil, amma əfsus ki, reallıqdır. Məhz bu reallıq, yəni Volkovun atdığı addımlar, işğaldan azad edilmiş ərazilərimizdə, Qarabağda davranışı, erməni separatçılarını və iranlı diversantları dəstəkləməsi və buna rəsmi Moskvanın müşahidəçi mövqeyi, heç bir reaksiya verməməsi hazırda Azərbaycan-Rusiya münasibətlərinə çox ciddi zərbədir. Bununla yanaşı, Moskva nəzərə almalıdır ki, rus generalının, rus sülhməramlısının bu tərzi, diversantları, separatçıları, terrorçuları, ən azından təxribatçıları belə dəstəkləməsi və buna Kremlin göz yumması Azərbaycan cəmiyyətində Rusiyaya qarşı etibarın durmadan azalması deməkdir.
Bilirik ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə ölkəmizin müxtəlif strukturlarının nümayəndələri arasında danışıqlar aparılıb. Nəticədə, tərəflər razılığa gəliblər ki, dekabrın 10-dan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmlak Xidməti və “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismar faktlarının qarşısının alınması üçün ilkin monitorinqlərə başlanılsın. Azərbaycan Respublikasının mülkiyyətində olan Qızılbulaq qızıl yatağının və Dəmirli mis-molibden yatağının tədqiqi nəzərdə tutulurdu, hansıki hər iki mədəndə qeyri-qanuni istismar qeydə alınır. Sözsüz ki, bu fakt ölkənin təbii sərvətlərinin açıq şəkildə talanması deməkdir və belə bir talan yerin təkinin vəhşicəsinə işlənməsi nəticəsində ekoloji nəticələrin ağırlaşdırılması kimi qiymətləndirilir. Məsələ burasındadır ki, Azərbaycan tərəfi Qarabağ separatçılarının və onların himayədarlarının qanunsuz fəaliyyətlərinin dayandırılması tələbi ilə dəfələrlə Rusiya Sülhməramlıları Kontingentinin komandanlığına müraciət etsə də, əksər hallarda onlara cavab verməkdən belə boyun qaçırılıb. Sülhməramlılar azərbaycanlı mütəxəssislərin öz işlərini görmələrinin qarşısını alırlarsa, daha doğrusu, mədənlərə baxış keçirmək, dövlətə və təbiətə dəyən zərərin miqdarını müəyyən etmək üçün fəaliyyət göstərmələrinə mane olurlarsa, deməli, onlardan yataqların işlənməsini dayandırmaq, konkret hərəkətlər gözləmək artıq yersizdir. Digər tərəfdən də, Qarabağda yaşyan ermənilərin Moskvanın həmin əraziyə göndərdiyi oliqarx Ruben Vardanyan tərəfindən qızışdırılması, aksiyaların təşkili təsdiq edir ki, burada Kremlin öz dəsti-xətti var. Bəlkə də separatçılar Azərbaycan tərəfi ilə danışıqlar aparmaq niyyətində idilər, amma rəsmi Bakının separatçılarla heç bir danışığı ola bilməz. Azərbaycan tərəfi nə Moskvadan “verbofka” olunan hiyləgər Vardanyanla, nə də qudurmuş, quduz separatçılarla danışıq etmək haqqında düşünmür belə. Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndələrinin bu yataqlara maneəsiz çıxışını təmin etmək çağırışı ilə nota göndərib.
Əgər xəbərdarlıqlar, yaxud hansısa formada müraciətdən nəticə çıxarılmırsa, deməli, vətənimizin sərvətləri bilərəkdən, göz görə-görə talanır. Özü də Vardanyanın bu arada Qarabağ ərazisində məskunlaşmaq, yaşamaq qərarı, özünü qondarma, dırnaqarası “dövlət naziri” elan etməsi təsdiq edir ki, Rusiya Volkov-Vardanyan tandeminin köməyi ilə ölkəmizin milli sərvətlərini sərbəst şəkildə talayır və Qarabağ iqtisadi rayonunda ekoloji terror təşkil edir. Ən gülünc və absurd olan isə sülhməramlıların bu torpaqların həqiqi sahiblərinə öz torpaqlarında hərəkət etməyi qadağan etmək niyyətidir. Sülhməramlıların ünvanına deyilənlər rusların xətrinə dəyirsə, onlara bir sıra məsələlər barədə xatırlatma edilə bilər. Bəlkə də, 366-cı moto-atıcı alayın törətdiyi qırğınlar barədə düşünməyin, bunu ruslara xatırlatmanın da tam zamanıdır? Ələlxüsus 20 yanvar faciəsinin də yadlarına salınması gərəkir ki, Azərbaycan xalqının artıq ötən əsrdə böyük təcrübə qazandığını anlasınlar.
Azərbaycanlı fəalların və qeyri-hökumət ekoloji təşkilatların Şuşaya gedən yol hissəsində keçirdiyi etiraz aksiyası zamanı lentə alınan görüntülərdə sülhməramlıların pulemyotlar qurması, ağır hərbi texnikanı hadisə yerinə yığması bəlkə də bir hədə kimi görünə bilər. Məsələ burasındadır ki, jurnalistlərin və digər insanların həmin ərazini tərk etməmələri, aksiyanı davam etdirmələri onların, tədbir iştirakçılarının heç nədən çəkinmədiklərini açıq-aydın göstərir və təsdiqləyir. Artıq rəsmi Moskva başa düşməlidir ki, nə ötən əsrin 90-cı illəridir, nə də Rusiya həmin dövrün Sovet imperiyası. Onsuz da Ukrayna ilə müharibə Rusiyanın da yaratdığı mifləri darmadağın etdi. Üstəlik, az qala bütün dünyanın sanksiyalarına məruz qalan Rusiyanın özü haqqında düşünməsi daha doğru qərar olar, çünki kimlərinsə işinə qarışmağa bu ölkənin daha amanı yoxdur. Əksinə, bu gün Azərbaycanla və Türkiyə kimi bir ölkə ilə yaxşı münasibətlər Rusiyaya elə hava, su kimi vacibdir. Bu xüsusda da qeyd etmək yerinə düşərdi ki, Volkovun işğaldan azad edilmiş Qarabağda qanunsuz hərəkətləri Rusiya-Azərbaycan münasibətlərinə ciddi zərbə vura bilər. Rusiyanın prioritetlərini müəyyənləşdirməsinin artıq vaxtı çatıb. Kreml ciddi seçim etməlidir, ya xəyanətkar ermənilərin, Volkovun və Vardanyanın zənginləşməsi, ya da Azərbaycanla və Türkiyə ilə münasibətləri zədələməmək. Hər bir halda sözügedən məsələdə Kremlin izinin olduğu artıq özünü göstərir və bundan sonra da hansı iz buraxacağı izlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB