Ulu öndər Heydər Əliyevin işıqlı ideyaları daim yaşayacaqdır

Ulu öndər Heydər Əliyevin işıqlı ideyaları daim yaşayacaqdır

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təşkilatçılığı ilə Qırmızı-Qəsəbə ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları, Qırmızı - Qəsəbə ərazi partiya təşkilatının üzvləri, fəallar və gənclər iştirak edib. İştirakçılar əvvəlcə Qırmızı-Qəsəbə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir akt zalında davam etdirilib. İlk olaraq Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova qeyd edib ki, Respublikamızın bütün bölgələrində xalqımız böyük azərbaycanlı dahi, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirir, bu böyük şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.
Bildirilib ki, bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi, məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram", - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Perezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir.
Sonra çıxış edən Quba RİHB-nın Qırmızı-Qəsəbə üzrə icra nümayəndəsi və eyni zamanda YAP Qırmızı- Qəsəbə ərazi partiya təşkilatının sədri Telman Muxailov qeyd etdi ki, Ulu Öndər bütün ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr etmişdir. İndi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır. Heydər Əliyev adı Azərbaycanın simvolu kimi səslənən elə parlaq simadır ki, onun işıqlı ideyaları daima yaşayacaqdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycanın ictimai- siyasi həyatında fəal iştirakına görə "Tərəqqi" medalı ilə təltif olunmuş Yavuşva Donoviç Simanduyev çıxış edərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərini bildirərək qeyd edib ki, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla yanaşı, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.
Daha sonra çıxış edən Qırmızı - Qəsəbə ərazi partiya təşkilatının sədr müavini Fərid Səmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Sonda ümummilli lider Heydər Əliyevin həyatının, irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə gənclərlə maarifləndirici söhbət aparılıb.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə