Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev

Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev

Ölkəmizin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmiş və fundamental uğurlara nail olmuşdur. Ümummilli Lider Azərbaycanın rəhbəri olduğu bütün dövrlərdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına diqqət göstərmiş və heç bir zaman qayğısını əsirgəməmişdir. Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərini təhlil etdikdə Ulu Öndərin ömrünü həqiqətən də xalqına həsr etdiyinin şahidi oluruq. Çoxəsrlik dövlətçilik tariximizdə xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti və miqyası etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutmuşdur. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan gerilikdən, tənəzzüldən çıxmışdır. Kənd təsərrüfatının, sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edilmişdir. Təhsil sistemi genişləndirilmiş, yeni ali məktəblər, onlarla fakültə və kafedra yaradılmışdır. Moskvada, Leninqradda, keçmiş ittifaqın digər şəhərlərində Azərbaycan üçün yüksək ixtisaslı kadrların hazırlanması təmin edilmişdir. Ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın problemlərinin həllində, Azərbaycan diasporunun təşkilatlanmasında və inkişafında da mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əsrin tarixinə yazdığı uğurları ilə əbədiləşən Ulu Öndər Heydər Əliyev xalqın düşüncə tərzində, oyanışında müstəsna rol oynamış siyasi liderdir. Azərbaycan mədəniyyətinin və incəsətinin inkişafına Heydər Əliyev böyük töhfələr vermişdir. Ulu Öndər Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında Azərbaycançılıq ənənələri dayanırdı. Heydər Əliyev zamanla ölçülməyən bir ömür yaşadı. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin lideri olduğunu təsdiqlədi.

AZƏRBAYCAN XALQININ GƏLƏCƏK İNKİŞAFININ TƏMƏLİ QOYULDU

Xalqın tarixinə iz salan 15 iyun Azərbaycanın ictimai-siyasi, mədəni həyatında hadisəyə çevrildi. Həmin tarixi gün - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda çevriliş baş verdi. Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn və qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil etdi. Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Zaman ən böyük hakim olduğundan qısa bir məsafədən Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövlətin təməlinin sütunlarını möhkəmlətdi və əbədiləşdirdi. 15 iyun 1993-cü il tarixində baş verən hadisə - Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Sonrakı illərdə, eləcə də Ulu Öndərin sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi dövründə yazılan hər bir tarixi an Heydər Əliyevin müdrik siyasətinin nəticəsində reallaşdı. Azərbaycanın inkişafında yeni bir mərhələ başladı. Yaradılmış baza üzərində Azərbaycanın daha sürətli inkişafı, dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu və Azərbaycan tamamilə yeni bir müstəviyə keçdi. 1993-cü il 15 İyun Azərbaycan xalqının Qurtuluş Günü Azərbaycanın dirçəldilməsinə və intibahına səbəb oldu. Azərbaycan xalqı parçalanmaq təhlükəsindən qurtuldu. Azərbaycan xalqı öz dövlətçiliyini itirməkdən qurtuldu. Azərbaycan xalqı səriştəsiz siyasətçilərin əlindən xilas oldu. Azərbaycan xalqının torpaqları əldən gedirdi ki, bu proses dayandırıldı. Azərbaycan bütünlükdə dağılmaqdan, yerlə-yeksan olmaqdan qurtuldu. Bu qurtuluşun nəticəsi olaraq Azərbaycan xalqı gələcək inkişafının təməlini qoydu.Ölkədə sabitlik hökm sürməyə başladı. İnsanlar rahat nəfəs almağa, istirahətlərini təşkil etməyə lazımi şəraiti əldə etməyə nail oldular. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı hadisələrin buxovundan xilas etdi, onun müstəqil dövlət kimi inkişafına təkan verdi. Azərbaycanın stabil dövlət kimi yaşamasında həmin gün bir nümunə idi. Onun ölkəyə rəhbərlik etdiyi dövr xalqın milli özünüdərki, özünəqayıdışı kimi səciyyələndirilir. Azərbaycan tarixinin dönüş nöqtəsi 1969-cu ildən başlanır. Azərbaycan həyatında baş verən proseslər Heydər Əliyevin hakimiyyətdə olduğu bir zamanda öz həllini tapdı. Sovet dövründə, eləcə də müstəqillik illərində elmi-mədəni potensialdan istifadə dövlətin siyasətinin başlıca amilləridir. Dövrün tələblərini nəzərə alaraq, zəngin dəyərlərə malik olan xalqın intellekt potensialının üzə çıxarılması istiqamətində ardıcıl, məqsədyönlü fəaliyyət qısa bir zamanda öz nəticələrini vermiş oldu. Ölkə daxilində XX əsrin 80-90-cı illərdə baş verən daxili çəkişmələr, xarici müdaxilələr Onun uzaqgörən, müdrik siyasəti nəticəsində aradan qaldırıldı. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdinin qarşısının alınması ümummilli liderimizin dahi bir şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Uzaqgörən siyasəti, dünyada baş verən prosesləri dərk etmək bacarığı Azərbaycan xalqını yaranmış xaosdan, mənəvi-psixoloji sarsıntıdan, maddi çətinlikdən uzaqlaşdırdı.

AZƏRBAYCAN DÜNYANIN MƏDƏNİYYƏT MƏKANINA UĞURLA İNTEQRASİYA OLUNDU

1993-cü il tarixinə qədər Azərbaycan çox böyük problemlərlə qarşılaşdığından, mədəniyyət müəssisələri artıq dağıdılmağa başlamışdır. Bir çox sahələrin mütəxəssisləri kimi mədəniyyət işçilərinin də vəziyyəti kəskin hal almışdı. Acınacaqlı vəziyyətə düşmüş mədəniyyət müəssisələri yenidən qurulmağa, bərpa və təmir edilməyə başladı. Bu sahədə Ümummilli Liderin imzaladığı çoxsaylı sərəncamlar əsaslı dəyişikliklərlə nəticələndi. Respublikamızda kitabxanalar yaradıldı, muzeylər açıldı, teatr və musiqi ocaqları təmir edildi, eləcə də, ali təhsil ocaqlarına xüsusi diqqət yetirildi. Bütün bunların hər biri Azərbaycanın inkişafına, eləcə də gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə təkan verdi. Mövcud mədəniyyət müəssisələri təmir edildi, əhaliyə göstərilən mədəni xidmət yüksəldildi. Tarixi muzeyşünaslıq, diyarşünaslıq müəssisələri yaradıldı.
Heydər Əliyevin müvafiq fərmanlarına əsasən, Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünya şöhrətli müğənnimiz Bülbülün 100 illik yubileyinin Moskvada, Tiflisdə və Ankarada, unudulmaz bəstəkarımız Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının milli eposu "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycan mədəniyyətinə Heydər Əliyevin diqqət və qayğısının təcəssümüdür. Bakıda qeyd olunan tanınmış sənət adamlarının, xalq artistlərinin tarixi yubileyləri - Şövkət Ələkbərovanın, Qəmər Almaszadənin, Leyla Vəkilovanın, Nəsibə Zeynalovanın, Tofiq Quliyevin və başqalarının yaradıcılığına həsr olunmuş təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olmuşdur. Bu tədbirlərin hər birində ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir.
Dünyanın ən müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilmişdir. Buna misal olaraq Avropanın və Asiyanın bir çox ölkələrini, eynilə Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələri göstərmək olar. Tanrının xalqımıza bəxş etdiyi Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycanı yaratdı. Bugünkü Azərbaycan Onun şah əsəridir. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilk olaraq ölkədə stabitliyi təmin etdi. Yaradıcı mühit formalaşdı. Lazımsız senzura ləvğ olundu. Bu gün Azərbaycan mədəniyyəti ənənələri üzərində inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mədəniyyət sahəsinə dair imzaladığı fərman və sərəncamlar milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması,milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində müəyyən nəticələrə nail olulur. Dövlət başçısının mədəniyyət siyasəti nəticəsində əldə olunan uğurların miqyası geniş və əhatəlidir. Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olduğundan, bu sahədə görülən işlərin mahiyyəti də bəllidir. Təməli Heydər Əliyev tərəfindən qoyulan bu siyasət milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılmasına töhfələrini verir. Məlumdur ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Sovet dövründə bütün beynəlxalq mədəni əlaqələrin Moskva tərəfindən müəyyən edilməsinə və tənzimlənməsinə baxmayaraq, özünəməxsusluğu ilə seçilən Azərbaycan incəsənəti beynəlxalq arenaya çıxa bilmiş və bu çıxış öz təcəssümünü Hollandiya, İtaliya, Portuqaliya kimi ölkələrdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsində, Azərbaycan Dövlət Opera və Balet Teatrının Fransa və digər ölkələrdə qastrollarında tapmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq mədəni əlaqələr yeni xarici siyasətin başlıca alətlərindən birinə çevrildi. Heydər Əliyev tərəfindən həyata keçirilən mədəniyyət siyasəti beynəlxalq münasibətlərdə də öz əksini tapmışdır. Bir çox xarici ölkələrlə regional və şəhərlər səviyyəsində əlaqələr nəzərə çarpacaq dərəcədə güclənmişdir.
Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsi olaraq Azərbaycan mədəniyyəti dünya məkanında birmənalı olaraq tanınır.
Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız, məhz Ümummilli Liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı kimi tarixə iz saldı. Görülən işlərin məntiqi oaraq belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçib. Bu yüksəliş dövründə mədəniyyət və incəsənətimizin aparıcı simalarına göstərilən qayğı da diqqəti çəkən məqamlardandır. Ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamış Azərbaycan teatr sənətinə dövlətimiz tərəfindən daha bir diqqətdir.

MƏDƏNİYYƏTİN ELƏ BİR SAHƏSİ YOXDUR Kİ, DÖVLƏT PROQRAMI QƏBUL EDİLMƏSİN

Ulu Öndərin siyasətini davm etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət və incəsənətimizə böyük önəm verilir.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi qayğı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinə istiqamətlənib. Belə ki, mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsin. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir. Təkcə paytaxtda deyil, regionlarda da mədəniyyət müəssisələrinin təmirinə diqqət artırılıb. Paytaxtımızda, region mərkəzlərində teatrlarımızın binası təmir olunur, müasir üslubda yenidənqurma işləri aparılır. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Milli Akademik Dram Teatrı əsaslı təmirdən sonra qapılarını tamaşaçıların üzünə açıb. Kino yaradıcılığı sahəsində yeni proqram reallaşdırılıb. Dövlət sifarişi ilə çəkilən filmlərin sayı artmaqda davam edir. Filmlərimizin qorunub saxlanıldığı Dövlət Film Fondu üçün yeni binanın tikilməsi və onun müasir avadanlıqlarla təmin olunması mənəvi sərvətimiz olan filmlərimizin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizin ən iri kinoteatrından olan Bakıdakı Nizami adına kinoteatr Avropa standartları səviyyəsindədir. Muzeylərimiz, kitabxanalarımız yenidən qurulur. M.F.Axundov adına Milli Kitabxananın fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, elektron kataloqların yaradılması, mərkəzləşmiş kitabxana sistemlərinin müasir tələblərə uyğunlaşdırılması işi sürətləndirilib. Digər kitabxanalarda da bu proseslər həyata keçirilməkdədir.
Bu gün regionlarımızda yaradılan Heydər Əliyev muzeylərinə əhali xüsusi maraq göstərir. Bu muzeylərdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayır. Muzeylərimiz yenidən təmir olunur. Dövlət İncəsənət Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Tarix Muzeyi tamamilə yeni üslubda təmir olunub tamaşaçıların istifadəsinə verilib. Azərbaycanda yeni üslubda olan orijinal Xalça Muzeyi üçün yeni bina inşa edilib. Özünəməxsus üslubda inşa edilən bu muzey orijinal memarlıq üslubuna görə diqqəti cəlb edir.
Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, milli sənətin inkişafı və s. diqqətdə dayanır. Göründüyü kimi, Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə