İran rəsmisi etirazçıları hədələdi-cəzalar və edamlar davam edəcək ŞƏRH+ANALİTİK

İran rəsmisi etirazçıları hədələdi-cəzalar və edamlar davam edəcək ŞƏRH+ANALİTİK

Həyat yoldaşı edama məhkum edilmiş azərbaycanlı həkim Fərzanə Qarahəsənli molla rejimi tərəfindən ağır işgəncələrə məruz qalıb

İranda Tehran rejiminin öz azadlıqları və Milli Hökumətin qurulması ilə bağlı küçələrə çıxan cənublu soydaşlarımıza qarşı amansız davranışları davam edir. Bununla yanaşı, artıq ölüm hökmləri də icra edilməkdədir. Bu dəfə İran daxili işlər nazirinin müavini Məcid Mirəhmədi etirazçılara qarşı edam hökmləri ilə bağlı beynəlxalq təzyiqlərə əhəmiyyət verməyəcəklərini bildirib.

Mollakratiya rejiminin rəsmisi dekabrın 10-da fars mediasına verdiyi açıqlamada beynəlxalq reaksiyaların İran məhkəmə sistemi məsullarının qəti cəza tədbirləmək barədə iradələrinə təsir göstərə bilməyəcəyini xüsusilə vurğulayb və eyni zamanda, bildirib ki, onun təmsil etdiyi hökumətin etirazçılara qarşı sərt mövqe nümayiş etdirməkdə davam edəcək, hətta sərtləşdiriləcək.

Edama məhkum etdiyi azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin həyat yoldaşı Fərzanə Qarahəsənli ağır işgəncə edilərək, ağır həbs cəzasına məhkum edilib

Bu arada onu da xatırladaq ki, Cənubi Azərbaycan soydaşlarımızın ziyalılarına həkimlərinə, alimlərinə də qarşı kəskin, ifrat vəhşiliklər törədilir. Belə ki, molla rejiminin edama məhkum etdiyi azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin həyat yoldaşı Fərzanə Qarahəsənli ağır işgəncə edilərək, ağır həbs cəzasına məhkum edilib.

Həmid Qarahəsənlinin qardaşı Həsən Qarahəsənli bildirib ki, Fərzanə Qarahəsənli həbs edildikdən sonra iki gün davamlı döyülüb və həyat yoldaşının rejimin Bəsic qüvvəsinin öldürülməsində iştirak etməsi barədə yalan etiraf verilməsi istənilib.

Həsən Qarahəsənli deyib: “Ondan məcburi saxta etiraf almaq üçün Təbriz Universitetində təhsil alan oğlunu həbs edib və işgəncə verəcəkləri ilə bağlı təhdid ediblər”

O, Fərzanə Qarahəsənlinin Kəçuyi həbsxanasına göndərildikdən sonra ailəsi ilə ilk telefon danışığında işgəncə altında ondan məcburi etiraf alındığı barədə məlumat verdiyini qeyd edib.

Qeyd edək ki, Həmid Qarahəsənlidən də işgəncə altında məcburi etiraf alınıb və onun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb.

Azərbaycanlı cütlük etiraz aksiyasında hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra terrorçu Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla yaxalanmışdılar

Məlumatlarda da bildirilib ki, İran təhlükəsizlik məmurları noyabrın 4-də Kərəc şəhərində 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin Kərəc şəhərində yerləşən evinə hücum edərək o və həyat yoldaşı 46 yaşlı laboratoriya həkimi Fərzanə Qarahəsənlini həbs ediblər.

Azərbaycanlı cütlük etiraz aksiyasında hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra terrorçu Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla yaxalanmışdılar.

Bütün bu kimi faktlar həm də onu göstərir ki, fars şovinizminin artan vəhşilikləri səngimir və get-gedə daha da azğınlaşır. Bu baxımdan, artıq cənublu soydaşlarımızın da müqavimətləri artır. Onların gözlərini nə edam cəzaları, nə də digər ağır, dəhşətli cəzalar qorxutmur. Çünki azadlıq eşqi hər şeydən üstündür. Bu gün Xudafərin körpüsü o taylı, bu taylı baş verən vəhşiliklərə şahidlik edir.. Ancaq bu mübarizənin zəfərlə başa çatacağı gün də uzaqda deyil.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə