Pirallahıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

09 dekabr 2022-ci il tarixində Pirallahı rayon Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, rayon ağsaqqallar şurasının üzvüləri, rayon ərazisində fəaliyyət göstərən müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.

Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.

İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Müasir Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının dahi oğlu, Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən mübarizələrlə, uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuşdur.

İlk öncə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini vurğulamışdır. Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün əsası qoyuldu. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş İttifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Bu siyasəti inamla davam etdirən dövlət başçısı cənab İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur. Natiq xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, Yeni Azərbaycan Partiyasının ideyalarını sidq ürəklə daşıyan partiya tərəfkeşlərinin hər zaman cənab Prezidentə sadiq olacaqlarını diqqətə çatdırmışdır.

Bakı şəhəri 168 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova çıxış edərək vurğulamışdır ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq artıq əbədiyaşarlıq qazanmışdır. Bütün ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr etmişdir. İndi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır. Heydər Əliyev adı Azərbaycanın simvolu kimi səslənən elə parlaq simadır ki, onun işıqlı ideyaları daima yaşayacaqdır.Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayan S.Alxasova Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərdən bəhs etmişdir.

Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək diqqətə çatdırmışdır ki, bu günlərdə xalqımız görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirir, bu böyük şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. On doqquz il əvvəl – 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. İllər ötdükcə Heydər Əliyev dühasının müstəqil Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edildiyini vurğulayan V.İmanov bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsininnəticəsidir. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımızmüstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi, hərbi quruculuq və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün cənabİlham Əliyev tərəfindən uğurla davam etdirir. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

Tədbirin sonunda rayon məktəblilərinin ifasında Ulu öndərə həsr olunmuş şerlər səsləndirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə