Qələbəmizin Zəfər paradından 2 il ötür ŞƏRH

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. 10 dekabr 2020-ci il tarixində keçirilmiş Zəfər paradından artıq 2 il ötür. Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz olan Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsi şərəfinə 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq Meydanında Zəfər paradı keçirilib. Zəfər paradında 3000 Azərbycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri, o cümlədən yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak ediblər. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etməsi iki ölkənin birliyini, dostluğunu və qardaşlığını göstərdi.Zəfər Paradı da bizim Silahlı Qüvvələrimizin hansı gücə və qüdrətə sahib olduğunu nümayiş etdirdi. Buna görə əsasən gənclərdən ibarət olan hərbçilərimizlə qürur duyuruq. “Dəmir yumruq” əməliyyatının iştirakçılarının, Vətən müharibəsi qazilərinin paradda mətin addımlamaları hər birimizdə böyük fərəh yaratdı. Bu qürurverici anlar xalqımızın və dövlətimizin hərb tarixinə şərəflə yazıldı.

Qənimət kimi əldə edilmiş, əslində, Ermənistan silahlı qüvvələri tərəfindən atılmış, səngər və döyüş mövqelərində tərk edilmiş silah-sursat və hərbi avadanlıqların bir qisminin nümayişi də təsadüfi deyildi. Düşmən tərəf, eləcə də onların havadarları gördülər ki, Azərbaycan işğalçılarla elə öz dilində danışıb, onların saxta qəhrəmanlıq mifini darmadağın etməklə Qarabağa əbədi sülh, əmin-amanlıq gətirmək uğrunda haqq savaşı aparıb. Həmçinin Şuşa şəhəri işğaldan azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.Qələbəyə həsr olunmuş paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatların uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”.Qələbəmizin müəllifi Müzəffər Ali baş Komandan rəhbərliyi ilə yetişdirilən gəncliklə 44 günlük Vətən müharibəsində də qalibiyyət bayrağını zirvələrdə dalğalandırdı. Məhz bu siyasətlə tərbiyələnən gənclik bu gün qürur və sevinclə, haqq səsi ilə ucadan deyir: “Qarabağ candır, can Azərbaycandır!”.

Nigar İmaməliyeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə