Zəfər paradı Azərbaycanın unudulmaz səhifəsidir ŞƏRH

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun yaşayış məntəqələrimizə atəş açması nəticəsində Azərbaycanın cəbhə boyu başladığı əks-hücum əməliyyatı Vətən Müharibəsinə çevrildi. 44 gün davam edən Vətən Müharibəsində müzəffər Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi, vətən torpaqlarını düşmən tapdağından azad edərək xalqımıza illərlə həsrətində olduğu qələbə sevincini yaşatdı. Azərbaycan tarixini yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirən rəşadətli ordumuz dövlət başçısının rəhbərliyi altında qazandığı bu zəfərlə yeni tarix yazdı. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsi, əsgər andına sadiqliyin təcəssümü idi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycanın əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüş meydanında sübut etdilər.Azərbaycan xalqı Böyük Qələbənin sədalarını 2020-ci il noyabr ayının 8-də Qarabağın incisi hesab olunan, Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda aldı. Azərbaycan hərbiçiləri Şuşaya yüngül silahlarla sıldırım qayalardan, meşələrdən, dağlardan keçərək daxil olublar, aslan kimi əlbəyaxa döyüşərək düşməni məhv ediblər. Bu baxımdan xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa şəhərinin yağılardan azad edilməsi əməliyyatı zəfər rəmzinə çevrildi. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri ilə Şuşa şəhərinin artıq Azərbaycan Ordusunun nəzarəti altında olması barədə xalqa verdiyi müjdə Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsi idi. 44 günlük Vətən Müharibəsinin hər günü ayrılıqda şanlı tarixdir, bu qısa zaman ərzində bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini və güc-qüdrətini aydın gördü. Prezident İlham Əliyev xalqa müraciətlərinin birində deyib: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”. Beləliklə, döyüş meydanında ağır itkilər verərək məğlub olduğunu dərk edən işğalçı res­publika öz müqavimətini dayandıraraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları 10 noyabr 2020-ci il tarixli bəyanat məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Dekabr ayının 10-u Azadlıq meydanında Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradının keçirilməsindən 2 il ötür. Düşməni “dəmir yumruqla” darmadağın edən əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü olan bu paradın keçirilməsi ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika nümayiş olunub.Hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi qələbə paradı tarixi hadisə idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır”.Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında Ermənistanın minlərlə hərbi texnikası heç bir işə yaramadı, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndü. Erməni tanklarının Bakıya daxil olması ilə Azərbaycanı işğalla hədələyən Ermənistanın keçmiş müdafiə naziri D.Tonoyanın arzuları puç oldu. Lakin erməni tankları Bakıya rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi gəldi. Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya ermənilərinə və onların havadarlarına verilən bir mesaj idi.44 günlük Vətən Müharibəsində Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri qarşılarında duran vəzifələrini uğurla yerinə yetirərək qələbəyə öz töhfələrini verdilər.Bu parad Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. Xüsusi texnika və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir. Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu, hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamı, qürur və fəxarəti qat-qat artı.Prezident İlham Əliyevin dediyi kimi: "Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Günay Məmmədli

YAP Yasamal rayon “Azərsu” ASC üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə