"Heydər Əliyev öz həyatını xalqına və millətinə həsr etdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur və Azərbaycan adı ilə Ulu Öndər Heydər Əliyevin adı bərabər çəkilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, əgə 1993-cü ildə Ulu Öndər ikinci dəfə hakimiyyətə xalqın təkidi ilə qayıtmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyi yenidən təkrarlanacaqdı və bir neçə yerə parçalanaraq Azərbaycanın müstəqilliyi tamamilə məhv ediləcəkdi: "Bu baxımdan da Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdaraq müasir Azərbaycanın var olmasını şərtləndirdi. O, öz həyatını xalqına və millətinə həsr etdi".

Deputat sözlərinə belə davam edib: "Heydər Əliyev müasir, güclü və qüdrətli Azərbaycan dövlətini qurdu. Bu günləri biz əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin vəsiyyəti, arzusu və istəkləri həyata keçirilir. Cənab Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu bu siyasəti uğurla yerinə yetirir.

Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dönəmində Azərbaycan bütün göstəricilərinə görə o vaxtkı ittifaq dövlətləri içərisində ilk üçlüyə qədər qalxa bildi. Azərbaycan yanlız aqrar dövlət yox, həm də sənaye dövlətinə çevrilə bildi. Azərbaycanda bir çox fabrik və zavodlar tikildi, Azərbaycanda Bakıdan başqa digər şəhərlərdə və rayonlarda da yenidənqurmalar həyata keçirildi, fabrik və zavodlar salındı, mədəniyyət ocaqları tikildi. Ulu Öndər Heydər Əliyev mədəniyyətə çox böyük önəm verirdi. Mədəniyyət xadimlərinin, incəsənət xadimlərinin, şairlərin, alimlərin tək Azərbaycanda yox, Azərbaycandan kənarda da tanınması üçün çox mühüm işlər gördü və bu dahi şəxslərin qorunması, onların sovet təqiblərindən kənarda qalması üçün də öz gücünü və öz adını həmişə bu məsələlərdə istifadə etdi. O, öz səlahiyyətlərindən də bu məsələlərdə millət üçün, vətən üçün istifadə etdi və faktiki olaraq uzaqgörənlik edərək Azərbaycanın o dönəmdə çox güclü bünövrəsini qoydu.

Ən əsası odur ki, neft sənayesinin inkişaf etdirilməsi üçün Ulu Öndərin böyük xidmətləri var idi. Gəmiqayırma zavodunun və digər zavodların zamanında məhz Ulu Öndər Heydər Əliyev tərəfindən təşəbbüslə tikilməsi nəticəsində, daha sonra da müstəqillik dönəmində Azərbaycan neft kontraktlarını reallaşdıra bildi. Azərbaycan okeanlara çıxış olmadığı halda öz neftini dünya bazarlarına çıxarda bildi və Ulu Öndər Heydər Əliyev müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ probleminin həll edilməsi üçün çox mühüm addımlar atdı. Ulu Öndər ordu quruculuğunu reallaşdıra bildi, gənclər siyasətini həyata keçirdi, iqtisadiyyatımızı yenidən qurdu və cənab Prezident İlham Əliyev isə bütün bunları uğurla davam etdirərək məntiqi nəticəsini əldə etmiş oldu.

Bir sözlə, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Azərbaycanın var olmasını Ulu Öndərimizə, Heydər Əliyevə borcluyuq və bu günləri də hər bir Azərbaycanlı Ulu Öndəri anır. Ulu Öndər hər kəsin qəlbində çox böyük yer tutur. Nə qədər ki, Azərbaycan var olacaq, daima Ulu Öndər adı da yaşayacaqdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə