"Diqqət mərkəzinə çəkilən yalnız Şuşa deyil" - DEPUTAT DANIŞDI

“Şuşa şəhərinin 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə cənab Prezidentin sərəncamı bütün Türk dünyası üçün çox sevindirici bir hadisədir. Hər şeydən əvvəl ona görə ki, Şuşa şəhərinin, ümumiyyətlə Qarabağın erməni işğalçılarından azad olunması prosesini bütün Türk dünyası həmişə istəyib və bu prosesi də yaxından izləyiblər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Şuşa azad olunduqdan sonra Türk dünyasının hər yerində, xüsusilə əlaqədar qurumlar, Türk dövlətləri birliyi və bir çox bu cür beynəlxalq təşkilatların hər biri çox böyük bir ehtiramla Şuşanın mütləq Türk dünyasının mədəniyyət paytaxtı elan olunması barədə təklif verdilər: “Onlar bunu ürəkdən istədilər və biz bunu hiss edirdik ki, Türk dünyası Şuşaya bizim qədər böyük bir həssaslıq nümayiş etdirir. Hətta indiyə kimi Şuşanın harada olduğunu bilməyən, Türk dünyasına məxsus bəzi şəxslər də Şuşayla bağlı artıq bir çox məqamları öyrəndilər. Kütləvi olaraq bütün Türk dünyası bu gün Qarabağı, Şuşanı tanıyır və Azərbaycanın tərkib hissəsi olduğunu bilirlər. Əlbəttə bu qələbə, zəfər ilə də fəxr edirlər.

Şuşanın düşməndən azad olunması ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev də türk dünyasındakı mövqeyini, nüfuzunu xeyli dərəcədə gücləndirdi. Bütün ölkələr bizim Prezidentimizi mübarizə aparan, zəfər çalan dövlət başçısı kimi qəbul etdilər. Buna görə də Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının bir neçə baxımdan çox böyük əhəmiyyəti var. Burada paytaxt olan, diqqət mərkəzinə çəkilən yalnız Şuşa deyil, həm də bizim türk dünyası və ümumilikdə bütün dünya miqyasındakı möhtəşəm zəfərimizdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə