Mükəmməl ordu quruculuğu strategiyası - TƏHLİL

Mükəmməl ordu quruculuğu strategiyası - TƏHLİL

"Ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün. torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır!"

Heydər Əliyev

Milli-mənəvi, mental-əxlaqi dəyərlərə malik olan Azərbaycan xalqı tarixi kimliyini əməlində, tarixi hadisələrin gedişində təsdiqləyib. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması, məhz onun tarixi kimliyini, mübarizələrlə dolu həyatında mücadilə apararaq azadlıq eşqini reallaşdıran bir xalq olaraq bir daha təsdiqləmiş oldu. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, "Xalqımız çoxəsrlik tarixində milli mənliyini, torpağını, Vətəni qoruyub saxlamağa qadir olduğunu dəfələrlə sübut edibdir".Bu gün Azərbaycan xalqı torpaqlarını işğaldan azad etmiş xalq olaraq, qürurla, məğrurluqla yaşayır. Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub.

Azərbaycan bütün dünyaya, məsafəsindən, qitəsindən asılı olmayaraq, hər bir kəsə öz böyüklüyünü, gücünü göstərdi. Əlbəttə ki, ordumuzun gücü, xalqımızın qəhrəmanlığı, xalq-iqtidar birliyi və ən əsası da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanı təəccübləndirən 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazdıq.Öz azadlığı, müstəqilliyi yolunda mübarizə aparan, mücadilə edən xalqımızda qələbəyə inam sonsuz idi. Vətən yolunda öz canından keçməyi bacaran, qanı ilə torpaq suvaran vətənpərvər oğulların ərazisi düşmən tapdağında qala bilməzdi. Xüsüsilə də Böyük Sərkərdəlik, Liderlik bacarığına malik dövlət başçımızın rəhbərliyi ilə Milli Ordumuzun qələbəsi qaçılmaz idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi və böyük Sərkərdəliyi sayəsində torpaqlarımız işğalçılardan azad edildi. Əlbəttə ki, Azərbaycan Ordusunun gücü dövlətin qüdrətinin nümunəsidir.

Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən ordudur. Bu, şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu prosesinə xüsusi önəm yetirilirdi. Vurğulamaq yerinə düşər ki, milli ordu quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyev hələ Sovetlər dövründə müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsini, zəngin hərb tarixinin canlandırılmasını, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsini, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsini hər zaman diqqət mərkəzində saxlayırdı. Bunun nəticəsi idi ki, Sovet illərində Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı.

"BİZ CƏMŞİD NAXÇIVANSKİ ADINA HƏRBİ LİSEYİN İLK BÜNÖVRƏ DAŞLARINI QOYANDA O BİZİM ÜÇÜN NƏZƏRİYYƏ DEYİLDİ, BÖYÜK GƏLƏCƏYƏ, AZƏRBAYCANIN GƏLƏCƏYİNƏ BAXIŞ İDİ"

Sovet dövründə, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı. Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması məqsədi ilə ardıcıl işlər görüldü. Sovet dövründə azərbaycanlı gənclərin əksəriyyətinin arxa xidmət hərbi hissələrinə göndərilməsinin əsas səbəblərindən biri kimi onların rus dilini zəif bilməsi göstərilirdi. Hər il Azərbaycandan təxminən 60 min gənc hərbi xidmətə çağırılırdı. Lakin onların çox az hissəsi xüsusi ixtisaslar öyrədən hərbi hissələrə yola salınırdı. Gənclərin böyük əksəriyyəti isə tikinti və xidmət hərbi hissələrinə göndərilirdi. Belə olduğu halda, Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. İlk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı və hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Biri Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, digəri isə Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbinin açılması oldu. C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndərin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Nəticədə orduda peşəkar hərbçilərin sayı da artdı. Bu təhsil ocağını bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, keçmiş SSRİ-nin ali hərbi məktəblərində hərbçi peşəsinə yiyələndilər. Heydər Əliyev deyirdi: "Biz Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".

İstər C.Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi, istərsə də sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsinin hansı tarixi əhəmiyyətə malik olduğu XX əsrin sonlarında əyani şəkildə aydın oldu. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb oldu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistan ilə müharibə vəziyyətində idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər Silahlı Qüvvələr yarada bilmədilər. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o zamankı respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Atəşkəsin əldə edilməsindən sonra ordu quruculuğuna diqqət daha artdı. Heydər Əliyev atəşkəsin elan olunmasını ordu quruculuğunun sürətləndirilməsi üçün münasib imkan kimi qiymətləndirdi. Ulu Öndər birmənalı şəkildə bildirdi ki, Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Atəşkəs dövründə ordu quruculuğunun uğurlu aparılması üçün Heydər Əliyev dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi daimi diqqət altına alındı.Məhz Ulu Öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar bu istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. "Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün. torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır!", - deyə Ulu Öndər bildirirdi.

ZAMAN VƏ MƏKAN AMİLLƏRİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ ETMƏKLƏ BÖYÜK ZƏFƏRƏ İMZA ATDIQ

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti son 19 ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaratmış oldu. Respublikamızda müdafiə sənayesi kompleksinin yaradılması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordu birləşmələrimizin ən yeni hərbi texnika və avadanlıqlarla təchiz edilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirildi, zaman və məkan amillərindən səmərəli istifadə edilməklə böyük ZƏFƏRƏ addım-addım yaxınlaşdırmaq mümkün oldu.Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmasına baxmayaraq heç bir səmərəsi olmadı. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. - 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmış oldu. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilmişdi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu göstərdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevincini yaşatdı.

QAZANILAN ZƏFƏR BÜTÜN TÜRK DÜNYASININ QƏLƏBƏSİ OLARAQ DÜNYAYA MESAJ OLDU

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Qəhrəmanlıq dastanını yazan rəşadətli Ordumuzun Vətən müharibəsində nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riayət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin zəfəri oldu. Rəşadətli Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək, düşmən tapdağında olan ərazilərimizi, 28 il həsrət qaldığımız qədim Şuşamızı öz canı və qanı bahasına azad etdi. Həmçinin, bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın işğaldan azad edildi. Düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu" mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı.

Prezident İlham Əliyevin dediyi kimi, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Azərbaycanın haqq və ədalət uğrunda apardığı Vətən müharibəsi, onun taktika və strategiyası, istifadə edilən müasir hərbi texnologiyaları bu gün bir sıra inkişaf etmiş ölkələrdə və beynəlxalq təşkilatlarda tanınmış hərbi ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi adlandırılır. Ermənilərin qoyub qaçdığı hərbi texnikalar, silah-sursatlar bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur. Vətən müharibəsində qazanılan ZƏFƏR bütün türk dünyasının qələbəsi olaraq dünyaya mesaj oldu.Bu gün hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malik güclü ordumuz var ki, bu ordunun formalaşması əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan verib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə