Azərbaycan inkişaf edərək torpaqları azad etdi - ŞƏRH

Ölkə tarixinin ən parlaq dövrü və ən güclü inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin Respublikaya siyasi hakimiyyətə gəldiyi gündən başlamışdır. Məhz həmin andan böyük rəhbərin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan misilsiz inkişafa doğru yüksəlmiş, özünün əsl tərəqqi, intibah dövrünü yaşamağa başlamışdır. Ulu Öndər respublikaya rəhbərlik etdiyi illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmiş, böyük fədakarlıqlar göstərmişdir. Daim həqiqətin yolu ilə gedən və yüksək uğurlar qazanan dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti, əslində, tarixi faktların etirafıdır. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular haqqında düşünən, onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlıdır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq həqiqətin meyarı dəyişməz olaraq qalır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı ən böyük xidməti müəyyənləşdirdiyi strateji inkişaf kursunun ardıcıllığını təmin etməsidir.

2003-cü ilin prezident seçkiləri ərəfəsində - tarixi taleyimizin məsuliyyətli günlərində xalqa müraciət edən Ulu Öndər cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inandığını ifadə etmişdi: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Həmin seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Prezident İlham Əliyev öz tükənməz enerjisi, Vətən sevgisi, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bitkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model Azərbaycanın bütün sferalarda inkişafını təmin edir. Dövlət başçısı qəbul etdiyi fundamental qərarlarla, imzaladığı fərman və sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sübuta yetirir. Bu gün Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Ölkə rəhbəri bu dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz şəkildə gələcək nəsillərimizə ötürəcəyinə and içib. Bu andın fövqündə 30 ildən bəri yaraları qövr edən bir xalqın ülvi arzusu - Qarabağı işğaldan azad etmək, doğma torpaqlarına dönmək kimi qarşısıalınmaz bir istəyə qovuşmaqda möhtəşəm bir dönməzlik var idi. Vaxtilə əlçatmaz, müqəddəs bir arzu dövlətimizin israrla həyata keçirdiyi müdrik siyasətin şərəfli nəticəsinə, böyük zəfərə, qələbəyə çevrildi. Öz torpaqlarına qovuşandan sonra dünya düzənində böyük hörmət qazanan Azərbaycan möhtəşəm qələbə ilə beynəlxalq birliyə daha sürətlə inteqrasiya istiqamətində böyük imkanlar əldə edir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr 2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təstiq olundu. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev tərəfindən təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuş Məruzədə də qeyd olunmuşdur. İqtisadi sahədə ixtisaslaşmış “The Business Year” jurnalı İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir.

Fatma Əsgərova
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə