“Orta Dəhliz”də Azərbaycan mühüm mövqeyə malikdir

Memarı ulu öndər Heydər Əliyev olan Azərbaycanın xarici prioritetləri sırasına region maraqlarının sistemləşdirilməsi və reallaşması istiqamətində görülən vacib işləri mühüm əhəmiyyət kəsb edir. Avrasiya məkanında həyata keçirilən beynəlxalq və regional inteqrasiyada öz layiqli yerini tutmaq, ölkənin milli maraqlarını maksimum qorumaq və təmin etmək vəzifəsi Azərbaycandan xüsusi düşünülmüş və balanslı siyasət tələb edir. Azərbaycanın xarici əlaqələrində balanslı regional siyasət yürütməyi xüsusi bir prioritet kimi irəli çıxarır. Balanslı regional siyasət ölkənin bugünkü təhlükəsizliyi və müstəqil gələcəyi üçün ən mühüm təminat rolunu oynaya biləcək faktordur.Azərbaycan Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizinin mərkəzi ölkəsidir. Bu mənada Azərbaycan Şərq-Qərb ölkələrinə bağlayıcı (körpü) rolunu icra edir. Azərbaycanın əlverişli iqtisadi-coğrafi, Asiya və Avropanın kəsişməsində yerləşməsi, ümumilikdə inkişaf etmiş nəqliyyat, kommunal və istehsal sistemlərinin, əhəmiyyətli faydalı qazıntıları mövcudluğu, ixtisaslı kadr hazırlığı sisteminə, çoxsahəli sənaye kompleksinə malik olması onun dünya birliyində rolu və yerinə təsir edir. Aydındır ki, dünyada gedən geosiyasi, iqtisadi və nəhayət, ekoloji dəyişikliklər əsas şərtlərdən biri kimi çıxış etməklə dövlətin xarici iqtisadi siyasətində mütləq nəzərə alınan amil rolunu oynayır.

Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi kimi öz geosiyasi mövqeyindən maksimum yararlanaraq regionlararası nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında fəal iştirak edir. Ölkəmizin zəruri infrastrukturun təşkilində oynadığı mühüm rol digər potensial marşrut dəhlizlərinin də formalaşdırılmasına təkan verir. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirən İlham Əliyev qlobal layihələri ilə ölkəmizi dünyada cəlbedici investisiya məkanı kimi tanıdıb. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihə regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına yüksək töhfə verib. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi qəbul edilir. Bütün bunlar bu gün ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasına əsaslanır.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb. Təbii ki, “Orta Dəhliz” ətrafında yaranmış yeni reallıq Azərbaycanı da bu dəhlizlə bağlı daha fəal addımlar atmağa vadar edir. Azərbaycan Qərb ilə Şərq arasında “Orta Dəhliz”in inkişafı üçün Türkiyə və Qazaxıstanla birgə addımlar atır. 27 iyun 2022-ci il tarixində Bakıda Türkiyə, Azərbaycan və Qaza­xıstanın xarici işlər və nəqliyyat nazirlərinin keçirilən görüşündə vurğulanmışdı ki, Xəzər dənizi ilə yüklərin çatdırılması böyük əhəmiyyət kəsb edir və hər üç ölkə “Orta Dəhliz”in əhəmiyyətini artırmaq üçün addımlar atmağa hazırdır. Həmin görüşdə xüsusilə qeyd olunmuşdu ki, nəqliyyat və logistikaya sərmayənin artması regionda rifahı artıracaq. Nazirlərin Bakı görüşündə, həmçinin vurğulanmışdı ki, regional proseslər fonunda Azərbaycan, Türkiyə və Qazaxıstan arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Bu istiqamətdə cari ilin noyabr ayının 25-də ADA Universitetində Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans mühüm məsələlərlə yadda qaldı. Qeyd edək ki, Konfransda dünyanın müxtəlif bölgələrindən gəlmiş siyasətçilər, siyasi və iqtisadi təhlilçilər, araşdırmaçılar iştirak etdilər. Azərbaycan Prezidenti İlham Əliyev öz ənənəsinə sadiq qalaraq konfrans iştirakçıları qarşısında çıxış edib və onların suallarını cavablandırıb. Konfransda müzakirə olunan mühüm məsələlərdən biri də, ümumdünya nəqliyyat-kommunikasiya ilə bağlı idi ki, Cənab Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyinin əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün əlverişli olduğunu və hazırda Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat yollarının kəsişmə nöqtəsinə çevrildiyini və eləcə də bu marşrutlar üzrə enerji resurslarının ötürülməsi üçün Orta dəhlizin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkə Prezidenti Azərbaycanda Dəniz Ticarəti Limanının, yeni hava limanlarının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması kimi layihələrin məhz Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı layihələr olduğunu bildirməklə Azərbaycanın bu istiqamətdə növbəti addımlar atacağını bəyan edib. Prezident, həmçinin Trans-Xəzər nəqliyyatının imkanlarından daha geniş istifadə etməyin mümkünlüyünü qeyd edib.

Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev konfrans iştirakçılarına bu dəhlizin bölgə miqyaslı əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq münasibətlər sisteminə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini əsaslı şəkildə izah edib. Zəngəzur Dəhlizinin açılmasına qarşı çıxan İranın və Ermənistanın destruktiv fəaliyyətini şərh edən Azərbaycan Prezidenti diqqəti bu ölkələrdə əhalinin aşağı yaşayış səviyyəsinə, hər iki ölkədə hökm sürən iqtisadi tənəzzül vəziyyətinə yönəldərək, belə bir siyasətin perspektivinin olmadığını bəyan edib.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşmasına başlanılıb. Ermənistandan fərqli olaraq, ölkəmiz hər zaman üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşmaların yerinə yetirilməsinə sadiqliyini vurğulamışdır. Bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır. Bu baxımdan Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir.

Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq-Qərb, Cənub-Şimal və Orta dəhliz nəqliyyat yolları qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb. Bütün bunlar deməyə əsas verir ki, Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Başqa sözlə,Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yeni yaranacaq nəqliyyat infrastrukturu beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcək.

Müzəffər Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionu dedikdə ağıla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacarıb ki, bu həm də, ölkəmizin son zamalar beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə