Prezident yenə qiymətləndirdi - BAŞ REDAKTOR YAZIR

Prezident yenə qiymətləndirdi - BAŞ REDAKTOR YAZIR

Bəhruz Quliyev

“Səs” qəzetinin Baş redaktoru,

Fəlsəfə üzrə fəlsəfə doktoru

Azərbaycan bu gün hər bir vətəndaşın qürur duyduğu Vətəndir. Bu Vətən uğrunda xalq əsrlərlə maneəli yollardan keçmiş, mübarizə və mücadilələr aparmış, sonda müstəqilliyinin sahibi olmuş, müstəqil ölkənin vətəndaşlarına çevrilmişdir.

Müstəqilliyimiz isə tariximizin şanlı səhifələrini təşkil edir. Bu səhifələrdə 30 ildən çox şanlı bir tarix, müstəqillik uğrunda canından keçənlər, azadlıq yolunda şəhid olanlar, bu ölkənin inkişafı, tərəqqisi üçün həyatını fəda edənlər, bütün maneələrə baxmayaraq müstəqilliyi qoruyub saxlaya, əbədiləşdirə bilənlər yaşayır. Bütün bunlar tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunub.

Ölkəmizdə 30 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası isə o zamankı sosial-iqtisadi tənəzzül yaşayan, müstəqilliyi təhlikə altında olan Azərbaycanın ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik bir partiya oldu. Lideri Ulu Öndərimiz olan partiyanın fəaliyyəti zaman-zaman Azərbaycanın dirçəldilməsi, iqtisadiyyatının gücləndirilməsi, müstəqilliyinin qorunması ilə nəticələndi. 30 il əvvəl Ermənistanın əsassız ərazi iddiaları irəli sürməklə torpaqlarımızı işğal etməsi və xalqın 30 il sonra əzəli yurd yerlərini azad etməsi də Yeni Azərbaycan Partiyasının davamçılarının və partiya ətrafında sıx birləşən azərbaycanlıların - ictimai həyatımızın fəal üzvlərinin əməyinin, zəhmətinin bəhrəsidir.

Dövlət başçısından insan amilinə verilən dəyərlə bağlı növbəti üç Sərəncam

Ölkəmiz bütün dünya ölkələri arasında fərqli keyfiyyətlərə malikdir. Onlardan biri və ən başlıcası insan amilinə verilən dəyərdir. Son 30 ildə ölkəmizdə həyata keçirilən bütün işlərin əsasında insan amili dayanır. Dövlət-xalq birliyinin əsasında formalaşan müstəqil respublikamızda insanların əmin-amanlıq şəraitində yaşaması, rifah halının yüksək olması dövlət siyasətinin əsas prioriteti olub.

Çalışdığı sahədə zəhməti ilə fərqlənənlərin əməyinin dəyərləndirilməsinin də əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoymuşdur. Bunu böyük şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə müşahidə etmişik. Fəxri adların, digər dövlət mükafat və təltiflərin verilməsi insanların əməyinin qiymətləndirilməsi baxımından onların fəaliyyətlərini daha mükəmməl şəkildə qurmaları, ölkəmizin inkişafına töhfələri ilə nəticələnmişdir.

Azərbaycan Prezidentinin insan amilinə verilən dəyərlə bağlı imzaladığı üç Sərəncamla yenə Azərbaycan vətəndaşlarının bir qrupunun əməyinin dəyənləndirilməsi ölkəmizdə illər öncə yaranan bu ənənənin davamıdır. Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2022-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında”, “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında” və “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında” sərəncamlarla ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı ilə fərqlənən hər yaş qrupundan olan ümumilikdə 68 nəfərin təltif edilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Təltif olunanları təbrik edir və onlara verilən bu dəyəri hər bir Azərbaycan vətəndaşına verilən dəyər kimi qiymətləndiririk. Çünki, ümumilikdə ölkəmizdə insan amilinə verilən dəyəri vətəndaşların hər biri ayrı-ayrı vaxtlarda öz həyatlarında da müşahidə edirlər

Heç kim unudulmur, diqqətdən kənarda qalmır

Məlum üç sərəncam həm də onu təsdiqləyir ki, ölkə həyatında fəallığı, zəhməti ilə seçilən heç kim unudulmur, diqqətdən kənarda qalmır. Çünki qədirbilənlik, layiq olan hər kəsi qiymətləndirmək xalqımızın milli dəyərlərindən biridir. Bu dəyərlər zaman-zaman nəsillərdən-nəsillərə keçməklə yaddaşlarımıza həkk olunub. Və buna görə də xalqın var olması, onun inkişafı, gələcəyi üçün əmək sərf edənlər dövlətimizin diqqət-qayğısı ilə əhatə olunur.

Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, həmin sahədə fədakarlıq göstərən insanların əməyi qiymətləndirilməsin. İstedadı ilə fərqlənən uşaqlardan tutmuş gənc idmançılarımıza, musiqiçilərimizə, müəllim, həkimlərimizə, mühəndislərimizə və adını çəkmədiyimiz digər sənət və peşə adamlarınadək hər kəs diqqətdədir. Onların işinə göstərdiyi məsuliyyəti və bunun sayəsində cəmiyyətimizə töhfələri daim diqqət mərkəsindədir və yeri gələndə də qiymətləndirilir.

Bütün bunlar isə ölkəmizə dövlət-xalq birliyinin möhkəmlənməsi, gələcəyimiz olan uşaqların bu ənənələr əhatəsində böyüməsi, vətənpərvər gənclərin yetişməsi kimi töhfələr verir. Elə bu ruhun, birliyin, həmrəyliyin nəticəsidir ki, son 20 ildə ölkəmizdə vətənpərvər gənclər tərbiyə olundu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı topraqlarımızın işğaldan azad olunmasında onların hər biri böyük fədakarlıq nümayiş etdirdilər. Dövlətimizin başçısı, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Zəfərimizə bu gənclər öz adlarını qızıl hərflərlə yazdılar. Bütün döyüşlərdə, xüsusilə də Şuşa şəhərinin azad olunması uğrunda gedən əlbəyaxa döyüşlərdə qəhrəmanlıq və şücaətlərini dəfələrlə vurğulayan cənab Prezident İlham Əliyev onların qəhrəmanlığını, fədakarlığını yüksək dəyərləndirir.

Bəli, ölkəmizdə son 20 ildə insanlara bu cür münasibətin formalaşdırdığı nümunəvi cəmiyyət güclü dövlətdən, inkişafdan və xalqın xoşbəxt gələcəyindən xəbər verir. Bu birlik, qarşılıqlı münasibətlər, həmrəylik onu təsdiqləyir ki, həqiqətən də liderlik böyük təcrübə, bacarıq və qabiliyyət tələb edir. Biz isə Azərbaycan xalqı olaraq qürur duyuruq ki, bu keyfiyyətlərə sahib olan liderin rəhbərlik etdiyi ölkədə yaşayırıq.

Sosial qayğı dövlətin əsas prioritetidir

30 noyabrda Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə dövlət başçısının imzaladığı sərəncamların fonunda 30 ilin həm o, həm də bu başında Vətən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Birinci və İkinci Vətən müharibəsi şəhidləri və qaziləri, onlara göstərilən diqqət və qayğı da canlanır. Və bütün bunları xatırlatmaqda məqsədim dövlətin hər bir vətəndaşına göstərdiyi qayğını vurğulamaqdır. Biz bu qayğının ən böyüyünü 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra ötən iki ildə görməkdəyik.

Müharibə dövründə cənab İlham Əliyevin yaralı zabit və əsgərlərlə keçirdiyi görüşlər, onların müalicə olunması üçün verdiyi tapşırıqlar müharibənin o şiddətli dövründə ölkə rəhbərinin həssas münasibətini və ölkə vətəndaşına verdiyi dəyəri təcəssüm etdirirdi.

Həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olan qəhrəman oğulların ailə üzvlərinə qayğı isə hər kəsin gözü önündə həyata keçirildiyi üçün insanlara nümunə və tərbiyə gücündə təsir edir. Vətən Müharibəsindən dərhal sonra şəhid ailələrinin sosial şəraitini yaxşılaşdırmaq üçün onlara mənzillərlin, birdəfəlik ödənişlərin təqdim olunması, qazilərin bütün qayğılarının diqqətdə saxlanılması, onların müalicəsinin yüksək səviyyədə təşkil edilməsi müharibədən yenicə çıxmış bir ölkədə insan amilinin bütün məsələlərdən önəmli olduğunu təcəssüm etdirir.

Nəinki ikinci, bririnci Qarabağ müharibəsi iştirakçılarına qayğı isə onun bariz göstəricisidir ki, Vətən üçün canından, sağlamlığından keçən hər bir insan bu dövlət üçün dəyərli və unudulmazdır.

Əhalinin rifahı və güclü dövlət prinsipi

Noyabrın 30-da imzalanan və Azərbaycan ictimai mühitində razılıqla qarşılanan sərəncamlardan yola çıxaraq son 20 ilə yaxın dövrdə ölkə həyatının bütün sahələrinə nəzər saldıqda açıq görünür ki, dövlət siyasətinin əsasında əhalinin rifahı və güclü dövlət prinsipi dayanır. Bunu ölkə başçısının gündəlik iş fəaliyyətində də görmək olur, gələcəyə hesablanmış pnevmatik addımlarında da.

Bütün dünyada müharibələrin, iqtisadi tənəzzülün tüğyan etdiyi bir dövrdə Azərbaycan kimi Zəfərli ölkədə yaşamaq bəli, hər bir vətəndaşın qürurudur. Qonşu və region dövlətlərlə müqayisədə əhali rifahı üçün ölkəmizdə görülən işlər isə nümunə səviyyəsindədir. Bu isə 30 ilin əvvəlində yaranan, bu gün yaranmasının 30 ili tamam olan Yeni Azərbaycan Partiyasının siyasi irsinin öyrənilməsinin və layiqincə davam etdirilməsinin, böyük Heydər Əliyev ideyalarının yüksək səviyyədə həyata keçirilməsinin göztəriciləridir. Ölkə başçısının Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışının bütün istiqamətlərində Heydər Əliyev ideyalarına əsaslanaraq görülən işlərdən söhbət açması təbii ki, bu təməlli siyasətin ardıcıl şəkildə həyata keçirilməsinin bugünkü müstəqil, sürətlə inkişaf edən, güclü Azərbaycan yaranması ilə nəticələnəcəyini şərtləndirən amillər idi.

Prezident İlham Əliyevin bu dəyərli fikirləri Azərbaycanın bu günü və gələcəyi haqqında təsəvvür yaratmaq üçün kifayətdir: Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.

Haqqında bəhs edilən Sərəncamları təqdim edirik:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:

1. Aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:

Əliyev İlham Yaylaqalı oğlu

Musayev Alqış Həsən oğlu.

2. Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilov Zahid Abdulla oğlu

Şadlinski Vaqif Bilas oğlu

Vəliyev Misirxan İzzət oğlu.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2022-ci il

***

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Rəhimzadə Vüqar Gəncəli oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əzizov İbrahim Vahab oğlu

Hüseynov Vaqif Aslan oğlu

Qasımov Elmar Eldar oğlu

Məmmədov Hikmət Baba oğlu

Vəliyev Fəxrəddin Vəli oğlu

Zabelin Mixail Yuryeviç

“Tərəqqi” medalı ilə

Abasov Emil Tofiq oğlu

Abbasov Eldar Şamxal oğlu

Abdullayev Arzu Kamal oğlu

Abdullayeva Təranə Savalan qızı

Ağasıyev Şahmurad Şahvələd oğlu

Ağayev Cəmaləddin Moqbil oğlu

Ağayev Vahid Müzəffər oğlu

Baxışov Hüseynağa Eynulla oğlu

Bayramov Məzahir Əhməd oğlu

Bədəlova Ramilə Alxan qızı

Cahangirov Tofiq Şahmur oğlu

Ələkbərov Əziz Yusif oğlu

Əlipaşayeva Solmaz Məmməd qızı

Əliyev Əlimərdan Ələkbər oğlu

Heydərov İbrahim Əli oğlu

Həşimova Almaz Ələkbər qızı

Hüseynov Aydın Nəsir oğlu

Hüseynov Elçin Məmməd oğlu

Hüseynova Sevinc Əmirəhməd qızı

İbramxəlilov David Nurəddin oğlu

İmanov Mobil Qulu oğlu

İsmayılov Hüseyn Abbas oğlu

İsmayılov Vüsar Qəşəm oğlu

Kərimov Elmar Hacı oğlu

Qarayev Əhliman Paşa oğlu

Qasımova Gülnarə Vaqif qızı

Qurbanov Sadiq Haqverdi oğlu

Qurbanov Vahid Həsən oğlu

Məmmədli Hülya Gündüz qızı

Məmmədov Anar İlyaz oğlu

Məmmədov Arif Şollan oğlu

Məmmədov Tahir Tais oğlu

Musayev Musa Həzi oğlu

Musayeva Zəkiyyə Balağa qızı

Nağıyev Muxtar Teymur oğlu

Nəbiyev Bəxtiyar Eyvaz oğlu

Nəsirov Elman Xudam oğlu

Nuriyev Yaşar Sövqat oğlu

Osmanov Cavid Həmid oğlu

Ramazanova Rahilə Mustafa qızı

Rəhimova Lalə Ovçu qızı

Sefiyev Valeh Şulu oğlu

Simanduyev Yavuşva Donoviç

Soltanov Rafael Nəsir oğlu

Süleymanov Azər Abdul oğlu

Şadlinskaya Faqət Nəcəb qızı

Şükürov Sahib Yunis oğlu

Tağıyev Əhliman Safalan oğlu

Vəlibəyov Ramil Vaqif oğlu

Vəliyev Bilman Məhərrəm oğlu

Yolçiyev Meydanəli Binəli oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2022-ci il

***

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

Əliyev Pənah Əli oğlu

İbrahimov Eldar Rza oğlu

Quliyev İsgəndər Həsən oğlu

Məmmədhəsənov Rafiq Musa oğlu

Nəsirov Məmməd Yahya oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2022-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə