YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır - ŞƏRH

Azərbaycan Respublikasının son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin və bu gün cənab Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. 30 il şərəfli yol keçən, qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın insanı birləşdirir. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü, onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi.

Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Bütün bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı.

Ən vacib məqamlardan biri də iqtisadi müstəqilliyə nail olmaq idi ki, Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev buna nail oldu. Davamlı olaraq iqtisadi islahatlar keçirilidi, əlverişli biznes mühütü yaradıldı, sahibkarlar üçün geniş imkanlar açıldı, sosial-iqtisadi inkişafa dair uğurlu dövlət proqramları icra edildi. Bu və digər amillər sayəsində ölkənin iqtisadi qüdrəti artmağa başladı, bütün bu illər ərzində iqtisadiyyatımız yalnız inkişaf etdi, ildən-ilə gücləndi.

Bildiyimiz kimi ötən günlərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Partiya Sədri, Prezident cənab İlham Əliyev Partiyanın yaranma səbəbləri və keçdiyi tarixi yoldan bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, müstəqilliyin ilk illərində ölkənin və xalqın çətin günlər yaşadığı bir vaxtda Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Partiyanın banisi, Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyev Azərbaycanı qısa zaman ərzində o dövrdə yaranan bütün problemlərdən xilas etmiş və ölkədə sabitliyi təmin etmişdir. Dahi şəxsiyyət Heydər Əliyev həyata keçirdiyi düşünülmüş siyasəti ilə müstəqil Azərbaycanı davamlı inkişaf edən ölkəyə çevirmişdir.

Həyat və fəaliyyəti bir fədakarlıq nümunəsi olan Ümumilli Lider Heydər Əliyevin əsas amalı, siyasi vəsiyyəti Dağlıq Qarabağ probleminin həlli olmuşdur. Ümummilli Liderimizin layiqli davamçısı, Partiyamızın Sədri cənab İlham Əliyev ölkə başçısı olaraq Qarabağ probleminin həllini siyasi fəaliyyətinin əsası kimi müəyyənləşdirmiş və bu hədəfə doğru irəliləmişdir. Nəhayət 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan torpaqlarımızın azad edilməsi üçün əmr verdi və Azərbaycanın Şanlı Ordusu öz müqəddəs missiyasına başladı. Xalq-iqtidar-ordu bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. 8 noyabr 2020-ci il tarixdə qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq bu gün həm Azərbaycan vətəndaşları, həm də bütün dünya azərbaycanlıları başını dik tuta bilir. Artıq yeni dövr yaşayan müstəqil Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur.

Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi bütün tarixi mərhələlərdə uğurla fəaliyyət göstərib, daim cəmiyyətin ön cərgələrində olub və bütün sahələrdə böyük layihələrə imza atıb. Ölkəmizin inkişafı üçün partiyamız dayanmadan böyük işlər görür. Bu gün Azərbaycan bütün sınaqlardan üzüağ çıxaraq, iqtisadi çətinlikləri dəf edərək gələcəyə doğru böyük inamla addımlayır. Bu inkişafın əsasında Ümumilli Lider dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Biz bu gün bu uğurlu siyasətin bəhrəsini görürük.

Arzu Əliyeva
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə