Fransanın səylərinin mənasızlığını anlayan ermənilərdən NÖVBƏTİ NANKORLUQ – TƏHLİL

Fransanın səylərinin mənasızlığını anlayan ermənilərdən NÖVBƏTİ NANKORLUQ – TƏHLİL

Ermənistan kimi cılız bir ölkə okeanda xırda balıq misalındadır, hansıki özündən böyüklərin həm yemi, həm də oyuncağı hesab olunur. Belələri hər zaman sığınacaq axtarır və eyni ilə Ermənistan dövləti də törətdiklərinin müqabilində təhlükələrdən qorunmaq məqsədi ilə hər zaman hansısa güclü dövləti özünə ağa olaraq qəbul etmək üçün axtarışda olub, müəyyən zaman kəsiyində hətta tapdıqlarına sığınıblar da. İndi də işğalçı dövlət bütün dünyada özünə bir ağa axtarışındadır və bəzən Rusiya, bəzən Qərb yönümlü olması da bu səbəbdəndir, hətta Fransaya da ümid etmələri anlaşılandır, lakin bu ölkə öz ənənəsinə uyğun olaraq, yenə də nankorluğundan əl çəkmir və bu, aydın şəkildə təzahür edir.

Ötən əsrin sonlarında müstəqillik əldə edən Ermənistan mövcudluğunu ənənəvi olaraq, Rusiyanın və ona bağlı ölkələrin himayəsi ilə bu zamana qədər qoruya bilib. Son zamanlara qədər ermənilər məhz ruslar sayəsində ayaqda qalıblar, baxmayaraq ki, nankorcasına bunu təkzib edirlər və hələ üstəlik Rusiyaya qarşı çıxmaqda sanki yarışa giriblər. Bu işğalçı ölkənin necə deyərlər, ipinin üstünə yük qoyulası deyil və bunu artıq fransızlar da başa düşməlidirlər, çünki Azərbaycan əleyhinə sayıqlayaraq ermənipərəstlik edən, Ermənistanı müdafiə edən Fransa da, Fransa Senatı da məhz indi ermənilərin hədəfinə çevrilib. Fransa Senatının da, elə bütövlükdə Fransanın da, bu ölkə prezidenti Emmanuel Makronun da nümayiş etdirdiyi Azərbaycan əleyhinə mövqeyin heç nəyə təsir edə bilməyəcəyini başa düşən ermənilər indi fransızlar barədə ağıllarına gələni danışırlar. Doğrudur, Fransa kimi ikiüzlü, ikili siyasət yürüdən, işğalı, işğalçını dəstəkləyən bir ölkə üçün bu şəkildə “qiymətləndirmə” tamamilə yerinə düşür və sanki ilahi ədalətin təzahürü olaraq görülür. Amma məsələ burasındadır ki, ermənilər indi də onları müdafiə edən fransızları kara gəlmədiklərinə görə hədəfə alıblarsa, bu, ermənilərin ənənələrinə uyğun şəkildə növbəti nankorluqlarıdır.

Hər mənada Ermənistanın vəziyyəti ağırdır. Əvvəla 44 günlük müharibədə rüsvayçı məğlubiyyətlə qarşılaşıb, itgiləri də həddindən artıqdır. İtgiləri elə bir həddədir ki, dirçəlmələrinə özləri belə inana bilmirlər. Bütün bunların günahını ermənilər gah Rusiyada, gah da Fransada görürlər, amma nəyə görə bəlli deyil. Nə Rusiyanın, nə də Fransanın bu işğalçı ölkə qarşısında öhdəliyi yox idi ki, ermənilər indi “incik” düşsünlər. Üstəlik, Ermənistan niyə Rusiyaya, Fransaya, yaxud hansısa ölkəyə arxalanaraq “xoruzlanmalı” idi axı? Əgər gücü, imkanı yox idisə, buna müvafiq tərzdə hərəkət etməli, öz vəziyyəti çərçivəsində davranmalı idi. Rusiyanın dəstəyindən məhrum olduqlarını, Qərbin heç bir köməyi olmadığını zənn edən ermənilər indi ayılıblar ki, ölkələri tamamilə bərbad vəziyyətdədir və hansısa bir Avropa ölkəsinin ermənipərəst sayıqlamaları, yaxud həmin ölkənin senatının Azərbaycan əleyhinə müzakirələri, kağız üzərində qalan qərarları onları xilas edə bilməz və bunun onlar üçün mənası belə yoxdur. Ələlxüsus, iqtisadi baxımdan acınacaqlı vəziyyətə düşən işğalçı bir ölkəyə Fransanın, Fransa Senatının sərsəm sayıqlamaları heç bir kömək etmədiyini indi etiraf etməyin zamanı gəlib və bu etirafları ermənilər özləri edirlər. Bəli, iqtisadi baxımdan Ermənistanın vəziyyəti çox pisdir və getdikdə daha da pisləşir, sevindirici, ümidverici heç də yixdur. İqtisadiyyat naziri Vaan Kerobyanın son proqnozlarına görə, 2022-ci ilin sonuna qədər Ermənistanda əhalinin üçdə ikisi tamamilə yoxsul olacaq. Onun sözlərinə görə, 2020-ci ildən bu vaxta qədər ac insanların sayı daha 20 300 nəfər artıb və bu ilin sonuna qədər hələ 5 -10 min nəfər də artacaq. Əmək və sosial məsələlər nazir Narek Mkrtçyan isə bildirib ki, əgər pensiyaların, müavinətlərin və sosial ödənişlərin artırılması olmasa, əhalinin tamamilə yoxsulluq səviyyəsi 50% həddinə qədər artacaq.

Məsələ burasındadır ki, əhalinin, vətəndaşlarının yoxsulluq səviyyəsi bu işğalçı ölkədə kimlərisə maraqlandırmır, çünki təhlükəsizliklərinin hayındadırlar. Bilirlər ki, tutduqları yol, işğalçılığı dövlət siyasəti olaraq qəbul etmələri, bu məqsədlə bütün iyrənc oyunlara əl atmaları indi onların əleyhindədir və təhlükəsizliklərini şübhə altına almağa hər birinin bu mənada haqqı da var. Yaxşı başa düşürlər ki, sülhdən, əmin-amanlıqdan hər zaman yayınanların, işğalçılıq niyyətində olanların, təxribatlara əl atanların burunlarının əzilməsi istənilən an mümkündür. Ələlxüsus, dəmir yumruğun gücünü, qüvvəsini görənlər yuxularını daha çox qarışdırıblar. Bu baxımdan da təhlükəsizliklərini təmin etmək üçün əldən-ayaqdan gedirlər. Həm də bunu təmin etmək gücündə olmadıqlarını bilənlər hesab edirlər ki, təhlükəsizliklərinin təminatını “idxal etmək” yeganə çıxış yollarıdır və ağa axtarışına çıxmaları, dünyanın bir çox ölkə başçılarının ayaqlarına sərilmələri də bunun üçündür.

Ötən bazar günü işğalçı ölkədə “Dünyada baş verən proseslərin Ermənistana təsiri” mövzusunda müzakirə aparılıb. Bu müzakirələr həmin ölkənin mövcud durumu və hansı vəziyyətdə olması barədə tam aydın təsəvvür yaratmaq üçün kifayətdir. Ona görə ki, müzakirələr zamanı bütün çatışmazlıqları, eyni zamanda kimlərinsə, hansısa ölkəninsə qarşısında əyilməyə, həmin ölkənin oyuncağına çevrilməyə tamamilə razı olmaları dərhal görünür. Bu vəziyyətdə isə, əlbəttə ki, suverenlikdən, müstəqillikdən danışmağa belə dəyməz, hansıki ermənilərin çarəsizlikləri fonunda buna da razı olduqları özünü biruzə verir.

Qeyd olunan mövzuda işğalçı ölkədə aparılan müzakirələr zamanı Ermənistana qarşı bir çox haqsızlıqlarda Qərbi ittiham etməyə başlayan “Armenia Today” xəbər saytının keçmiş baş redaktoru Argişti Kiviryan iştirakçıları təəccübləndirib. “Qərb region ölkələrindən öz maraqları üçün, o cümlədən İran və Rusiyaya qarşı istifadə etməyə çalışacaq”, deyən Kiviryanın sözləri ermənilərin kürkünə birə salıb. Yəni bu zamana qədər Qərbi özləri üçün sığınacaq bilənlər üçün onun dedikləri “soyuq duş effekti” verib. Onun sözlərinə görə, Rusiya ilə İran arasında kommunikasiya marşrutu ya Ermənistandan, ya da Azərbaycandan keçir və Qərb, ilk növbədə ABŞ bu axınları kəsməyə çalışır, marağı da budur. “ABŞ birbaşa deyir ki, buna imkan verməyəcək və ona görə də Azərbaycanı dəstəkləyirlər”, deyən politoloqun ifadələrinə görə, Ermənistan Vaşinqtonun Moskva ilə Tehran arasında əməkdaşlıq kanalını bağlamağa çalışacağı “piyada”dır. Bununla sakitləşməyən “Armenia Today” xəbər saytının keçmiş baş redaktoru, politoloq Argişti Kiviryan Fransaya hücuma keçib. “Fransa ermənilərlə flört etməkdə kifayət qədər zəngin təcrübəyə malikdir”, deyən Kiviryan onu da etiraf edib ki, Senatın qərarı sadəcə məsləhət xarakteri daşıyır və heç bir təsir gücü yoxdur. O, hətta 44 günlük müharibədə Fransanın Ermənistana kömək etmədiyini deyərək şikayətlənib və bu ölkəni günahlandırıb. “Əgər Fransa hazırda Ukraynaya verilən silahların 10 faizini Ermənistana versəydi, bu, hətta hüquqi qüvvəsi olmayan bəyanatlardan 100 dəfə təsirli olardı”, deyə Kiviryan Fransa Senatının son günlər Azərbaycan əleyhinə ortaya qoyduğu mövqeyini heçə sayıb və bununla da əslində, Fransanın, bu ölkə prezidenti Makronun, Fransa Senatının ermənilərə olan bütün canfəşanlıqlarını, yaltaqlıqlarını ayaqlar altına atıb. Düzdür, həqiqətən də Fransa Senatının Azərbaycan əleyhinə mövqeyi, kağız üzərində qalacaq qərarı heç bir təsir gücünə malik deyil və heç nəyə dəlalət etmir, amma ən azından ermənilər həmin ölkənin onlar üçün əldən-ayaqdan getməsini qiymətləndirə bilərdilər. Qiymətləndirmədilər, çünki nankorluq onların xislətindədir və ənənələrinə də uyğundur. Fransa dövləti, onun prezidenti və Fransa Senatı üçün isə bu nankorluq elə tam yerinə düşdü, çünki bu ölkə də nankorluqda məşhurdur və nankorluqla qarşılaşmaları da, qeyd etdiyimiz kimi, ilahi ədalətin təzahürü oldu.

Maraqlıdır, Fransa niyə Ermənistana yardım etməli, silah göndərməli idi? Bəlkə bununla bağlı razılaşması var idi? Yoxsa, Fransa Azərbaycanla düşmən dövlət idi ki, Ermənistana silah-sursat göndərə? Ya da ermənilərin əvəzinə fransızlar 44 gün ərzində döyüşməli idilər? Əlbəttə ki, yox. Bəs elə isə niyə ermənilər belə bir iddiadadırlar? Bu hay tayfası əgər Ukraynaya olan köməyi nəzərdə tutaraq belə bir arzuda olublarsa, yanılıblar, çünki Ukrayna özünü birmənalı şəkildə qərbyönlü dövlət olaraq elan edib. Ermənistan isə hələ bilmir, təyin edə belə bilmir özünü hansı yöndə göstərsin. Bu baxımdan da Ermənistanı Ukrayna ilə maqaisə etmək və bu məqama istinad edərək kömək ummaq belə axmaqlıqdır. Üstəlik, ummağa haqları olmadığı, eləcə də özlərinin haqsız olduqları halda Fransanın ermənipərəst mövqeyinə, ən azından onları hansısa mənada müdafiə etmək cəhdlərinə belə cavab vermək erməni nankorluğudur. Daha dəqiq desək, Fransanın səylərinin mənasızlığını anlayan ermənilərdən gözlənilən növbəti nankorluqdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə