PREZİDENT İLHAM ƏLİYEV: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”
Yenə də xalqımızı böyük tarixi hadisənin – Yeni Azərbaycan Partiyasının tarixi ildönümünü qeyd edir. Düz 30 il öncə Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyevin yaradıcısı olan Yeni Azərbaycan Partiyasının 30-cu ildönümünü böyük qürurla qeyd edirik. Tarixi zərurətdən yaranan və zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən Yeni Azərbaycan Partiyası düz 30 şərəfli və möhtəşəm yol keçib. Və 30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır".
“91-LƏR”İN MÜRACİƏTİ BÜTÜN XALQIN ARZU VƏ İSTƏKLƏRİNİN İFADƏSİ İDİ
Bəli, həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Vəziyyətin getdikcə ağırlaşdığı, yenicə qazanılmış müstəqilliyimizin məhv olmaq həddinə çatdığı bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Ulu öndər o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin hamısı bu müraciətə qoşulmaq arzusunda idi. Müxtəlif peşə adamlarından ibarət olan 91 nəfərin imzaladığı müraciətdə ulu öndər Heydər Əliyevdən ağır günlərini yaşayan Azərbaycana və yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz.
“AZƏRBAYCAN SİZİN SÖZÜNÜZÜ VƏ QƏTİ QƏRARINIZI GÖZLƏYİR"
91 nəfərin imzaladığı müraciətdə 1992–ci il oktyabrın 16-də imzalanmış müraciətdə respublikamızın, xalqımızın vəziyyətinin gündən-günə ağırlaşmasından bəhs olunurdu və qeyd edilirdi ki, Azərbaycan, sözün əsl mənasında, siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbini son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranında görən ziyalılar müraciətlərində bildirirdilər ki, ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür: “Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır”. Ziyalılar öz müraciətlərində ölkədə anarxiya, xaos, özbaşınalıqların baş alıb getməsindən söhbət açır, əminliklə bildirirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Müraciəti imzalayanlarda bu əminliyi ulu öndərin uzun illər əldə etdiyi dövlət quruculuğu təcrübəsinə əsaslanmaları yaradırdı. Ziyalılar inamla bildirdilər ki, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadir yalnız Sizsiniz: “Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir”. Və 5 noyabr tarixdə respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi. Bir sözlə, YAP-ın yaranmasından sonra partiyadaxili təşkilatlanma proseslərinin sürətlə getməsi bir daha məlum həqiqətin - xalqın Heydər Əliyevə olan inamının və etimadının təsdiqi oldu. Çünki yaranmasından qısa müddət sonra artıq YAP-ın sıralarında on minlərlə üzv var idi. Bu həm də insanların hakimiyyətdə olan, Azərbaycanı uçuruma aparan, müstəqilliyimizi və dövlətçiliyimizi məhvə yuvarlayan qüvvələrə qarşı olmasının təsdiqi idi. Lakin 1993-cü ildə respublikada vəziyyət daha da ağırlaşdı, Gəncədə Surət Hüseynov silahlı qiyam qaldıraraq, dövlətə qarşı çıxdı. Xalq vətəndaş müharibəsinin bir addımında idi.
15 İYUN - BÖYÜK XİLASKARLIQ QAYIDIŞI
Və Azərbaycanın xilas yolu ulu öndər Heydər Əlievin hakimiyyətə qayıdışı idi. İyunun 13-də çağırılan parlamentin fövqəladə sessiyası iyunun 15-də öz işini davam etdirdi. Gündəlikdə bir məsələ dururdu: respublika Ali Soveti sədrinin seçilməsi. Bəzi təkliflərin olmasına baxmayaraq, deputatlar bir səslə Ali Sovet sədrinin seçilməsi məsələsini gündəliyə daxil etməyi qərara aldılar. Gizli səsvermə yolu ilə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. 15 iyun günü xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. 3 oktyabr 1993-cü ildə Azərbaycanda Prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Heydər Əlirza oğlu Əliyevin lehinə 98,8 faiz, əleyhinə 1 faiz səs verildi. 10 oktyabrda Respublika Sarayında (indiki Heydər Əliyev sarayı) prezident Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirildi. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı müstəqil ölkəmizin xilası, torpaqlarımızın işğalının dayandırılması, iqtisadi-sosial inkişaf, Azərbaycanın dünyaya açılması, iri neft müqavilələri, xarici investorların ölkəmizə gəlişi, qaçqın və məcburi köçkünlər üçün həyat şəraitinin təmini, bir sözlə, xilas və inkişaf idi. Azərbaycan xalqının Heydər Əliyevin qayıdışı ilə bağlı bütün gözləntiləri qısa vaxtda ölkəmizin yeni reallıqları kimi özünü təsdiq etdi. Separatizmin kökü kəsildi, siyasi böhran, xaos və anarxiya dəf edildi, erməni təcavüzünün ölkənin dərinliklərinə irəliləməsinin qarşısı alındı, iqtisadi böhran və sosial təlatümlərin miqyasının ciddi şəkildə azaldılması mümkün oldu, xalqın dövlətə etimadı, insanların öz gələcəyinə inamı bərpa edildi. Tariximizin yeni səhifəsi - xilaskarlıq səhifəsi yazıldı, Heydər Əliyevin xilaskarlıq missiyası növbəti tarixi fenomen statusu qazandı.
1993-CÜ İL ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XALQIN TƏKİDLİ TƏLƏBİ İLƏ HAKİMİYYƏTƏ QAYIDIŞI MÜSTƏQİL AZƏRBAYCANIN, YENİ AZƏRBAYCAN PARTİYASININ TARİXİNDƏ ÖNƏMLİ MƏRHƏLƏNİN TƏMƏLİNİ QOYDU
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə dövlətimizin başçısı İlham Əliyev tarixin bu səhifələrinə bir daha diqqəti yönəldərək, bu gün həmin qüvvələrin siyasi meydanlarının Azərbaycanın uğurları fonunda daraldığını bir daha diqqətə çatdırmışdır. “Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi” söyləyən cənab Prezidentimiz İlham Əliyev bildirmişdir ki, buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir: «Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır”.
AZƏRBAYCANIN SARSILMAZ TƏMƏLİNİ TƏŞKİL EDƏN HEYDƏR ƏLİYEV YOLUNUN PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN UĞURLA DAVAM ETDİRİLMƏSİ ÖLKƏMİZİN TƏRƏQQİSİNİN ƏSASINDA DAYANIR
Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq 1995-ci il noyabrın 12-də keçirilmiş parlament seçkilərində və 1999-cu il dekabrın 12-də bələdiyyə seçkilərində YAP-ın qələbə qazanması partiyanın aparıcı siyasi qüvvə kimi ümumxalq partiyası olduğunu göstərdi. Bir əsas məqamı da vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin partiyanın I Qurultayında Partiya sədrinin müavini, II Qurultayında partiya sədrinin birinci müavini, III Qurultayında isə partiyanın sədri seçilməsi xüsusi yer tutur. Bundan sonra partiya yeni tarixi inkişaf mərhələsinə qədəm qoymuş, onun sosial və intellektual bazası daha da güclənmiş, xüsusilə gənclərin partiyaya üzv olması prosesi daha da sürətlənmişdir. Prezident seçkilərində YAP-ın namizədi kimi cənab İlham Əliyevin qələbə qazanması xalqımızın partiyanın sədrinə olan böyük inam və etimadından irəli gəlmişdir. Çünki Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti özündə ümummilli maraqları ehtiva etməklə müasir dövrün çağırışlarına cavab verir. Məhz bunun nəticəsidir ki, cəmiyyətin bütün sahələrində əldə olunmuş uğurlar Azərbaycanı dünyaya modernləşmə yolu ilə inkişaf edən, güclü iqtisadi potensiala və inkişafa malik olan qüdrətli dövlət kimi tanıdır. Bir sözlə, Azərbaycanın sarsılmaz təməlini təşkil edən Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müasir dövrün çağırışlarından irəli gələn tələblərə obyektiv, yaradıcı şəkildə yanaşılması ölkəmizin tərəqqisinin əsasında dayanır. Bu proses ümummilli maraqların prioritetliyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı, xalq-hakimiyyət birliyi və demokratik dəyərlərin cəmiyyətdə özünə dərin kök salması kimi xüsusiyyətlərlə xarakterizə olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarının qorunması, dini-mədəni müxtəlifliyin təmin edilməsi, multikultural və tolerant ənənələrin inkişafı üçün hərtərəfli şəraitin yaradılması milli birliyi və vətəndaş həmrəyliyini möhkəmləndirir.
30 İL ƏRZİNDƏ YAP DAİM YENİLƏŞMƏYƏ DOĞRU GETDİYİNİN BİR DAHA ƏYANİ SÜBUTUDUR
Bəli, məhz həmrəyliyin nəticəsidir ki, YAP 30 ilə yaxın daima yeniləşməyə doğru şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisidir. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi böyük tarixi hadisə olmaqla, bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də bu 30 illər ərzində Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə doğru getdiyinin bir daha əyani şəkildə sübutu idi. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, qurultaydan keçən bir il ərzində YAP bir sıra ölkələrin siyasi partiyaları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıb. Xüsusilə, Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Həmçinin, YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürdü. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.
QALİB XALQIN QALİB YENİ AZƏRBAYCAN PARTİYASI
Bəli, bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi ədalətin bərpa olunduğu, haqq savaşımızda qələbə qazandığımız – Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! NİDA!-sının qoyulduğu Zəfər tariximizi ikinci ildönümündə qeyd edirik. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı. Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranması ildönümünü tarixi bir anlarda- Qarabağımızın, Azərbaycanımızın, Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzunu, rəşadətli əsgər və zabitlərimizin Qələbəsi günündə qeyd edirik. Ona görə də deyirik – Yeni Azərbaycan Partiyası, ildönümün mübarək! Qarabağ Azərbaycandır! Gözün aydın, Azərbaycan! Həmçinin, üzümüzə gələn ilin böyük bir əlamətdarlığı var: xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamamlanır. Prezident İlham Əliyev cənablarının 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edilməsidir. Yeni Azərbaycan Partiyası bu partiyanın banisinin ideyaları işığında dövlətimizə layiqli xidmətlərini yenə davam etdirəcək, 30 illik tarixinin bundan sonrakı dövrünü də şərəflə yazacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB