"O alçaqlara lazımi dərsi verəcəyik" - XARİCİ EKSPERTLƏR ARASINDA SORĞU
Bildiyimiz kimi, dünən Türkiyənin İstanbul şəhərində turistlərin daha çox ziyarət etdiyi İstiqlal küçəsində terror aktı törədilib. İnsanların daha çox olduğu yerdə bombanı partlada şəxsin kimliyi bəlli olub. Qadın terrorçunun partlatdığı bomba 6 nəfərin ölümünə, 81 nəfərin isə yaralanmasına səbəb olub. Bəs, bu terror arxasında kim və hansı məqsədlə dayanır? SİA mövzu ilə bağlı xarici ekspertlər arasında sorğu edərək onların fikirlərini öyrənib.
Ərzurumdan olan keçmiş millət vəkili, professor Mustafa İlıcalı: “Bu gün Türkiyənin İstiqlal küçəsində terroristlər tərəfindən törədilən partlayışda həlak olan vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Millətimizin başı sağ olsun. Yaralılara da acil şəfalar diləyirəm. Dərdimizi paylaşan qardaş ölkə Azərbaycan Prezidenti və xalqına təşəkkür edirəm.
Alçaq terror hadisəsini şiddətlə qınayıram. Burada yaşanan müsbət hadisələr, ölkələrarası münasibətlərdə olduğumuz durum və nəticədə bunları terrorçuların ölkəni qarışdırmaq, hökumətimizi zəiflətmək üçün etdikləri əlamətlər olaraq görürəm. Lakin, Türkiyə Cümhuriyyəti və güc sturukturlarımız çox güclüdür. O alçaqlara lazımi dərsi verəcəyik. Onların məqsədi, narahatlıq yaratmaq, ölkədə olacaq prezident seçkilərində sıxıntı yaradaraq hökuməti nüfuzdan salmaqdır. Onlar cənab Rəcəb Tayyib Ərdoğanın siyasətinə xələl yetirmək istəyirlər. Dövlətimiz bunun fərqindədir. Bu alçaq terrorun mənasını hər kəs başa düşür.
Ölkəmiz güclüdür və biz birlikdəyik. İnşallah, bundan sonra belə hallar yaşamarıq. Azərbaycan mətbuatına da yaxın diqqət və qayğı üçün təşəkkür edirik”.
Türkiyəli siyasi ekspert Kerim Askeri: “İstanbulda baş verən terror aktının arxasında kimin olduğu hələ bəlli deyil. Əsas səbəblərə baxdığımız zaman görürük ki, Türkiyə keçmiş illərə nisbətən daha güclü bir durumdadır. Türkiyənin həm regionda, həm də beynəlxalq platformada ciddi inkişafına şahid oluruq.
Məsələn, Misk qrupunun həll edə bilmədiyi, daha doğrusu həll etmədiyi Qarabağ problemi Türkiyənin müdaxiləsi ilə həll edilir.
Bu gün Rusiya-Ukrayna müharibəsi beynəlxalq bir məsələyə çevrilib. Amerikanın bu işə müdaxilə etmədiyi bir durumda, Türkiyə yaxşı mənada məsələyə müdaxilə edib. Məsələn, taxıl ixracatında da Türkiyənin çox böyük bir rolu var. Bütün bunlar onu göstərir ki, Türkiyənin həm regionda, həm də bölgədə yüksəlişi kimlərisə narahat edir. Bu narahatlığın da arxasında başqa faktorlar var.
Bildiyimiz kimi, bir neçə gün əvvəl Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Zirvə görüşü oldu. Hamımız da bilirik ki, bu gün türk dünyasının ən güclü və böyük dövləti Türkiyədir. Orada da Cənab İlham Əliyevin maraqlı çıxışları oldu. Həmçinin, 7 ay sonra Türkiyədə prezident seçkiləri olacaq. Bu seçimlərə kölgə salmaq üçün də belə bir terror hadisəsi törədilib. Bu da Türkiyənin daxili təhlükəsizliyinə zərər vermək üçün edilib”.

Güney Azərbaycanlı yazar və siyasi şərhçi Məhəmməd Rəhmanifər: “Türkiyədə edilən terror hadisəsinə hamımız üzüldük. Bütün türk dünyasına başsağlığı verirəm.
İki həftə bundan öncə Şirazda Şah Çerağda bir hadisə baş verdi. İran ilk öncə İŞİD-i günahlandırdı. Hətta bu addımların ərəblər tərəfindən olduğunu dilə gətirdi və Azərbaycanı da bu məsələdə günahlandırdı. Maraqlıdır ki, dünən birdən-birə terrordan 6 saat əvvəl İran Devrim Muhafızlarına bağlı olan Qods sipahının “Telegram” kanalında bu məsələni Türkiyənin üzərinə yıxdılar. Kanalda elə danışdılar ki, sanki, Şirazda terroru Türkiyə törədib. Daha sonra bir neçə kanalda bu məsələ paylaşıldı.
İndi ortaya belə bir sual çıxır ki, İstanbulda dünən yaşanan terror PKK-nın, yoxsa İranın işidir? Məncə, bu onların hər ikisinin işidir. Biz bunu çox açıq bilirik ki, İran bölgədə PKK-nın ən böyük dəstəkçisidir. Mən, bu haqda çox geniş danışa bilərəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB