Azərbaycanın strateji iqtisadi inkişaf proqramı: Tənəzzüldən tərəqqiyə aparan yol - ANALİZ

1993-2003-cü illərdə Heydər Əliyevin hazırladığı və həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı dünyada ən sürətlə inkişaf edən dövlətə çevirdi

Sovet İttifaqının parçalanması və respublikaların İttifaqdan ayrılaraq müstəqil yaşamağa başlamasından sonra iqtisadi əlaqələrin kəsilməsi, dövlət planlaşdırması və idarə edilməsi ləğv edildiyindən, xarici bazara sərbəst çıxış olmadığından xammal və texnologiyalar əldə edə bilməyən zavod-fabriklər sıradan çıxdı, təsərrüfat böhrana düşdü. Sosialist iqtisadi sistemindən kapitalizmə keçid prosesi özü ilə çoxsaylı problemlər gətirdi. Yaranmış vəziyyət təcili tədbirlər görülməsini- iqtisadiyyatda dönüş yaradılmasını tələb edirdi. Lakin 90-cı illərin əvvəllərində respublika hokuməti bu işin öhdəsindən gələ bilmədi. Vəziyyət yalnız 93-cü ilin ortalarından- ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dəyişməyə başladı.

Strateji iqtisadi islahatların bünövrəsi necə qoyuldu?

Ümummilli liderin öz qarşısına qoyduğu ən vacib vəzifə tamamilə dağılmış iqtisadiyyatın bərpa edilməsi və inkişafı idi. Heydər Əliyev yaranmış vəziyyəti və perspektivi belə izah etmişdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

1993-cü ilin yarısından başlayaraq, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.

Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

İqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Özəlləşdrmə prosesi başlayandan 2003-cü il yanvarın 1-dək ümumi dəyəri 550 milyard manata yaxın olan 37 minədək kiçik müəssisə və obyekt, o cümlədən 711 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 351 tikinti təşkilatı, 2911 ticarət, 9641 məişət xidməti, 576 yanacaqdoldurma məntəqəsi, 16,5 min nəqliyyat müəssisəsi və nəqliyyat vasitələri, 92 kommunal təsərrüfatı obyekti və 5,2 min digər obyekt və avadanlıq özəlləşdirilmişdi.

2003-cü ilin əvvəlinədək nizamnamə kapitalı 5331,3 milyard manat olan 1486 dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdi. Ölkədə azad sahibkarlığın inkişafına yaradılan şərait və özəl sektora verilən dövlət dəstəyi öz bəhrəsini verməyə başlamışdı.

Böyük neft strategiyası ölkə iqtisadiyyatının mühərrikinə çevrildi

Heydər Əliyev başa düşürdü ki, ölkə iqtisadiyyatını dirçəltmək, onu inkişafını təmin etmək üçün qısa müddətdə böyük gəlirlər vəd edən potensialdan- neft ehtiyatlarından yararlanmaq lazımdır. Bunun üçün də beynəlxalq neft şirkətlərinin ölkəyə investisiya qoymasını, yeni texnologiyalar gətirməsinin təmin etmək lazım idi. Buna görə də, qısa müddətdə bütün bunları özndə birləşdirən neft strategiyası hazırlandı.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ağır müharibədən itisadiyyatı dağılmış halda çıxan gənc dövlətimizin çətin vaxtında imzalandı. Heydər Əliyevin belə bir gərgin şəraitdə dünyanın 7 inkişaf etmiş dövlətini təmsil edən 11 neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu.

Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə ölkəmizin beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, iqtisadi dirçəlişdə müstəsna rol oynadı. 1997-ci ilin noyabrında kontrakt iştirakçılarından ibarət Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti “Çıraq” yatağının ilk quyusundan neftin fontan vurmasına nail oldu.

Neft istehsalı sürətlə artırdı. Artıq 2002-ci ildə Azərbaycanda 15,3 milyon ton neft hasil edilərək son 24 ildə ən yüksək göstərici əldə olunmuşdu. Lakin nefti istehsal etmək əsas deyil, onu sərbəst və sərfəli yolla dünya bazarına çıxarmaq da lazım idi.

Layihə çərçivəsində ilkin neftin hasil olunmağa başladığı dövrdə onu Bakı-Novorossiysk kəməri vasitəsiylə nəqli həyata keçirilirdisə də, artıq tezliklə neft hasilatının 50 milyon ton və ondan daha artıq səviyyəyə çıxarılması planlaşdırıldığından alternativ neft kəməri layihələri tələb olunurdu.

1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə toplantısının sammiti çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzaladılar.

Bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq Azərbaycan prezidenti Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrildi. 2003-cü ildə kəmərin tikintisə başlanıldı. Kəmər istifadəyə veriləndən sonra Azərbaycan öz neftini iri həcmdə, birbaşa və az xərclə dünya bazarına çıxara bildi və böyük gəlirlər əldə etdi.

Aqrar sektorda dirçəlmənin başlanması və inkişafa keçid

Respublikada iqtisadi bazanın olmasına baxmayaraq, aparılan səhv iqtisadi siyasət bütün sahələrdə olduğu kimi aqrar bölmədə də böhranı daha da dərinləşdirmişdi. 1990-95-ci illərdə respublikada kənd təsərrüfatı məhsullarının istehsalı bir çox əsas ərzaq məhsulları üzrə hətta 2-3 dəfə aşağı düşmüşdü.

Neft sektorunun inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1 milyon 373 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min mal-qara tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar bölündü.

1995-2004-cü illərdə aparılan aqrar islahatlar nəticəsində böyük işlər görüldü və hazırki dinamik inkişafın əsası qoyuldu. Burda əsas amillər iqisadi siyasətin əsas konturlarının dəqiq müəyyən edulməsi və islahatların düzgün aparılması idi.

Heydər Əliyevin 22 mart 1999-cu il tarixli fərmanı ilə Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının satılması barədə qərar qəbul etdi. Milli Məclis isə, həmin fərmana əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olunmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.

Heydər Əliyevin 10 il ərazində həyata keçirdiyi aqrar islahatlar öz nəticəsini verdi. 90-ci illərdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan 2000-ci ildən sonra əksinə, xaricə məhsul ixrac edirdi.

Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün oldu. Təkcə 2002-ci ildə kəndli-fermer təsərrüfatları, digər özəl aqrar qurumlar tərəfindən 2,2 mln. ton taxıl, 973 min ton tərəvəz, 330 min ton bostan, 694 min ton kartof, 511 min ton meyvə, 80 min ton tütün, 1440 ton çay yarpağı, 223 min ton ət (diri çəkidə), 1,2 nilyon ton süd, 561 milyon ədəd yumuta, 11,8 min ton yun, 148,3 ton barama istehsal edilmişdi. 2001-ci ilə nisbətən 2002-ci ildə məhsul istehsalı 6,4 faiz çox idi.

Sürətli və effektiv iqtisadi inkişaf modelinin memarı

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20-23 faiz geriləmə baş verirdi. Lakin respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu.

Statistikaya nəzər salsaq görərik ki, 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artıb, 1997-ci ildə həmin rəqəm 5,8 faiz, 1998-ci ildə isə 10 faiz təşkil edib. Məqsədyönlü şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində ölkədə ümumi daxili məhsul son 10 ildə 21,2 faiz artaraq 2002-ci ildə 7 milyard dollara çatdı ki, onun da 59,8 faizi istehsal, 32,4 faizi xidmət sahələrində baş vemişdi.

1995-ci ildə sənaye məhsullarının buraxılışında azalma 21,4 faiz, 1996-cı ildə 6,7 faiz olmuşdusa, artıq 1997-ci ildə bu sahədə 0,3 faiz artım müşahidə edildi. Bu sıradan neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək oldu. 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artdı.

Beləliklə, ümummili liderin qısa müddətdə hazırlayıb həyata keçirdiyi neft strategiyası ölkəyə investisiya axınını təmin etdi, gəlirləri artırdı. Bu gəlirlərin digər sahələrə yönəldilməsi ilə ümumi iqtisadiyyatda inkişaf başladı. Nəticədə ümumi daxili məhsul və dövlət büdcəsinin gəlirləri tədricən artdı.

ÜDM-in artımı özünü xarici ticarətdə daha aydın biruzə verirdi. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənmiş və 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparılmışdı. 2002-ci ildə ixracın həcmi ümumi dövriyyənin 56,5 faizini təşkil edir və idxalı 30 faiz üstələyirdi.

Beləliklə, tam əminliklə demək olar ki, Heydər Əliyevin böyük zəhməti, uzaqgörən siyasəti nəticəsində 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu.

Preizdent İlham Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra bu iqtisadi kurs davam etdirildi. Hazırda Azərbaycan 70 milyardlıq ümumi daxili məhsulu, 25 milyardlıq dövlət büdcəsi, 55 milyardlıq valyuta ehtiyatları ilə regionun ən qüdrətli dövlətinə çevrilib. Son 10 ildə iqtisadi inkişaf tempinə görə dünyada ilk yerdə olan Azərbaycan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin uğurla davam etdirdiyi dünyada analoqu olmayan iqtisadi inkişaf modelinin əyani numunəsidir.

Elçin

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə