Rusiyalı ekspertlər: Ermənistan Bakının təklifləri ilə razılaşmalı olacaq - RƏYLƏR

“İrəvan bu məsələni manipulyasiya etməkdə, Fransa və ABŞ-ı köməyə təhrik etməkdə davam edir. Amma sonda bunun işə yarayacağını demək olmaz”

Ermənistan mətbuatı rəsmi İrəvanın Azərbaycana təklif etdiyi 6 bəndi dərc edib. Bu, Ermənistan tərəfinin fikrincə, iki ölkə arasında sülh sazişində qeyd edilməli olan məqamlardır. Ermənistan tərəfinin sülh müqaviləsi ilə bağlı təkliflərini Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan açıqlayıb. Belə ki, 1-ci abzasda martın 11-də Ermənistan tərəfinin Azərbaycandan müqavilə ilə bağlı təklif alması faktı göstərilir. 2-ci məqama görə, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiası olmayıb və yoxdur.

3-cü məqam Qarabağın qondarma statusu məsələsini yenidən gündəmə gətirir. Orada bildirilir ki, erməni tərəfi üçün Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına hörmət edilməsi, eləcə də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.

4-cü abzasda vurğulanır ki, erməni tərəfi Azərbaycan Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli bəyanatını və bəyanatlarında göstərilən öhdəliklərin yerinə yetirilməsini vacib hesab edir. (11 yanvar və 26 noyabr bəyanatlarından sitat gətirilir- müharibə əsirlərinin qaytarılması, nəqliyyat kommunikasiyalarının açılması).

5-ci bəndə əsasən, Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.

Yekun- 6-cı bənddə isə Ermənistan bildirir ki, müvafiq danışıqları təşkil etmək üçün Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.

Xatırladaq ki, mart ayında Azərbaycan Xarici İşlər Nazirliyi İrəvana sülh sazişi üçün 5 bənddən ibarət yenilənmiş təkliflər göndərdiyini, o cümlədən suverenliyin qarşılıqlı tanınması, ərazi iddialarının olmaması, təhlükəsizlik təhdidlərinin rədd edilməsi, sərhədin delimitasiyası və demarkasiyası, habelə nəqliyyat kommunikasiyalarının açılması. Nəticədə Azərbaycan prezidenti İlham Əliyev Ermənistan tərəfinin bu məqamları qəbul etdiyini bəyan edib. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan da bu faktı təsdiqləyib.

Əlavə edirik ki, Azərbaycan və Ermənistan liderləri aprelin 6-da Brüssel görüşündən sonra Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi hazırlamağı tapşırıblar. Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl bildirib ki, sülh sazişi üzrə işçi qrupların tərkibi artıq həm Azərbaycan, həm də Ermənistan tərəfdən formalaşıb. Qeyd edək ki, Rusiya sülh sənədi üzrə danışıqlar məsələsində tərəflərə kömək etməyə hazır olduğunu dəfələrlə vurğulayıb.

Ekspertlər “Moskva-Baku” portalına sülh müqaviləsi ilə bağlı İrəvanın və Bakının qarşılıqlı təkliflərini şərh edirlər. Rəyləri oxucularımıza təqdim edirik.

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov:

- Aydındır ki, Ermənistan Bakının sülh müqaviləsi ilə bağlı təkliflərini dərhal qəbul edib, razılaşa bilməz. Bunu hamı yaxşı bilir- həm erməni mentaliteti baxımından- bazarlıq etmək lazımdır, həm də daxili siyasi vəziyyət baxımından - biz hamımız İrəvanda baş verənləri müşahidə edirik. Bakının təklif etdiyi hər şeyi Paşinyan sadəcə bacarmır. Mən bu vəziyyəti, bir tərəfdən, gecikmə kimi qiymətləndirərdim. Ermənistanın baş naziri İrəvandakı indiki vəziyyəti sakitləşdirməli, digər tərəfdən, İrəvan Azərbaycanla sövdələşməyə getməlidir.

Təbii ki, Helsinki Yekun Aktı ilə bağlı İrəvanın təklif etdiyi 6 bənd haqda danışmaq heç nə demək deyil. Hər kəs yaxşı bilir ki, Ermənistan özü Azərbaycan ərazilərini işğal etməklə bu aktın prinsiplərini pozub və indi vaxtaşırı bu aktın “gücdən istifadə etməmək”, “xalqların öz müqəddəratını təyinetmə” prinsiplərinə istinad edir. Aydındır ki, bunlar İrəvanın manipulyasiyaları və sülh sazişinin hazırlanmasında “təxribat pəncərələri”ndən istifadədir və erməni tərəfi gələcəkdə bundan istifadə etmək niyyətindədir.

Qarabağın statusu və orada yaşayan ermənilərin hüquqları ilə bağlı bəndə gəlincə, bu, Ermənistan tərəfindən daha ciddi, konstruktiv məsələdir və İrəvanın müzakirə etmək istədiyi məsələdir. Amma bütün bunlara baxmayaraq, biz bu istiqamətdə Ermənistanın mövqeyində irəliləyiş görürük. İrəvan çoxdan Qarabağın Ermənistan olduğunu müdafiə etməyi dayandırıb, o, Qarabağın müstəqil “dövlət” olmasını da tələb etmir. Ermənistan yavaş-yavaş normal sivil yolla, məntiqlə irəliləyir ki, Qarabağdakı vəziyyətlə bağlı məsələ Azərbaycanın daxili məsələsidir və beynəlxalq hüquq normaları çərçivəsində həll olunacaq. Qarabağ məsələsində hərəkət var, amma indi həqiqətən də Paşinyan üçün çətin məqamdır və ona ölkədəki daxili siyasi vəziyyət baxımından vaxt udmaq lazımdır.

Paşinyan yavaş-yavaş Qarabağın Azərbaycanın olduğuna razılaşdığını bütün dünyaya göstərir. O, Bakıda tam hüquqlu sülh müqaviləsinin imzalanmasına doğru irəliləyir, aydındır ki, İrəvanın mövqeyi Bakının xeyrinə dəyişir.

Ermənistanın ATƏT-in Minsk Qrupu ilə bağlı təkliflərinə gəldikdə, biz yaxşı bilirik ki, qrup işləmir və görünür, bir daha işləməyəcək. Necə deyərlər, eyni uğurla İrəvan Millətlər Liqasına müraciət edə bilər. Əslində, təkliflərin bu bəndi də heç nədən ibarətdir.

Əsas məsələ Paşinyanın ölkə daxilində bu gün kəskin olan vəziyyəti nə qədər tez həll edəcəyidir. Bundan sonra o, Azərbaycanla sülh sazişinin bağlanmasına doğru mərhələli şəkildə hərəkət etmək imkanı əldə edəcək.

Hər halda, fikrimcə, Qarabağın statusu məsələsi Azərbaycanın xeyrinə həll olunacaq. Bu, prinsipcə Moskvaya uyğun gəlir. Anladığımıza görə, rəsmi Bakı sülh müqaviləsi ilə bağlı erməni prinsiplərinə cavab verərək, Qarabağın statusu məsələsinin müzakirəsinin qəbuledilməz olduğunu açıqlayıb.

Politoloq, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov:

- Fikrimcə, İrəvan yenə də Azərbaycanla münasibətlərin normallaşdırılmasında özü üçün “imkan pəncərələri” saxlamağa çalışır. Axı sülh müqaviləsinə həmişə əks istiqamətdə baxmaq olar. Mövcud məqamlar arasında İrəvanın irəli sürdüyü prinsiplərin - Qarabağın və orada yaşayan ermənilərin qondarma statusunun mənasızlığını dərk edərək Azərbaycanın sadəcə olaraq sazişin imzalanmasına razılıq verməməsinə yönəlmiş erməni “hiylələri” az deyil. Eyni zamanda, Qarabağın Azərbaycan olduğu və bu ərazidə yaşayan ermənilərin Azərbaycan Respublikasının vətəndaşları olduğu faktı qalır. Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, bu, dəyişməzdir. Ən yaxşı halda Qarabağda, yenə Azərbaycanın daxilində mədəni muxtariyyət yaradıla bilər. Və indiki şəraitdə ATƏT-in Minsk Qrupu ilə bağlı “hiylələr” heç də işə yaramır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qruplaşmanın dağıldığını açıq şəkildə bəyan edib. Aydındır ki, İrəvan bu məsələni manipulyasiya etməkdə, Fransa və ABŞ-ı köməyə təhrik etməkdə davam edir. Amma sonda bunun işə yarayacağını düşünmürəm.

Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında həmişə əsas vasitəçi olub və belədir, Qərb dövlətləri faktiki olaraq Moskvanın düşməninə çevrilib. Qarabağ nizamlanması ilə bağlı hansı qarşılıqlı fəaliyyət müzakirə oluna bilər? Bu mümkün deyil.

Rusiyanın Ukrayna ilə bağlı apardığı əməliyyat fonunda Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə Qərb dövlətlərini cəlb edərək eyni vaxtda bir neçə kürsüdə əyləşməyə çalışması tamamilə açıq-aşkardır. Azərbaycanla Ermənistan arasında sülhə doğru hərəkətin sürəti həm də Ukrayna ilə bağlı vəziyyətin necə bitməsindən asılı olacaq.

Yeri gəlmişkən, İrəvanın ATƏT-lə bağlı bütün düsturları, Qarabağın statusu məsələsi qondarma “təhlükəli pəncərələr”dir ki, Ermənistan müqavilənin imzalanmaması üçün Bakının üstünə atır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə