Aqrar inkişaf və ərzaq təhlükəsizliyi: problemlər, perspektivlər - ANALİZ

Prezident: “Kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq”

Məlum olduğu kimi, son aylarda dünya taxıl bazarında taxılın, xüsusən də, buğdanın qiymətinin artması davam edir. Bu, bəzi ölkələrdə quraqlıq səbəbindən məhsulun azalması ilə bağlıdır. Taxılın qiymətinin artması dolayısı ilə dünya ölkələrində, o cümlədən Azərbaycanda digər ərzaq məhsullarının da qiymətinə təsir göstərib və bir çox məhsulların qiyməti bahalaşıb. Jurnalistlərə müsahibəsində Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın azaldılması, bahalaşmanın qarşısının alınması ilə bağlı danışıb.

“Ərzaq təhlükəsiziliyi ən vacib məsələlərdən biridir. Bu məsələ ilə bağlı mən uzun illər fəaliyyət göstərirəm və hökumətə dəfələrlə tapşırıqlar vermişəm. Biz imkan daxilində bu məsələnin həlli ilə bağlı hesab edirəm ki, lazımi addımları atırıq. Amma biz reallığı nəzərə almalıyıq. Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, nəzərə alsaq ki, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni bu, reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir.

Eyni zamanda, uzun illər ərzində bizim torpaqlarımızla yanaşı, çaylarımız da işğal altında idi və ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək bizi bu imkanlardan məhrum edirdilər. Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir. Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi. ...Bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir.

Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz.

...Süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmişik. Həmçinin, toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik. Yəni, tarixdə heç vaxt- Sovet dövründə və müstəqillik dövründə- bu rəqəmlərə biz çıxmamışıq. Amma yenə də özümüzü biz hələ ki, təmin edə bilmirik və xüsusilə buğda ilə. Biz təqribən 3,3–3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik.

Biz azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlamışıq və böyük vəsait səfərbər etmişik, özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar Sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada- dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni, bu da reallıqdır. Amma bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub. Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Ona görə özümüzü demoqrafik perspektivləri nəzərə alaraq təmin etmək üçün biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq.

Kiçik fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Bu işi də təkmilləşdirməliyik. İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq- başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti bilməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlərlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik, mən buna inanıram”.

Göründüyü kimi, cənab prezident aqrar sektordakı və ərzaq təhlükəsizliyi sahəsindəki real vəziyyəti dəqiqliklə təsvir edib, nailiyyətləri və növcud problemləri konkret göstərib. Azərbaycanın aqrar potensialı böyükdür və hazıərda bu potensialın heç də hamısından istifadə edilmir. İlyarım əvvəl bu potensiala işğaldan azad edilmiş ərazilər də daxil olub. Hansı ki, çox münbit torpaqlara, gözəl iqlim şəraitinə və bol su ehtiyatlarına malikdir. Dövlət başsçının qeyd etdiyi kimi, bu potensialdan da maksimum istifadə olunacaq.

Dövlət başçısının qeyd etdiyi kimi, son dövrlərdə görülən bütün tədbirlərə baxmayaraq, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması problemi tam həll olunmayıb. Ən müxtəlif qiymətləndirmələrə görə, hazırda əhalinin ərzaq istehlakının ən azı 40%-i idxal hesabına formalaşır. Halbuki, respublikanın təbii-iqlim şəraiti, məşğulluq baxımından əhalinin tarixi ənənələri aqrar sektorun həm idxalı əvəzləyən, həm də ixrac yönümlü sektor kimi inkişafını şərtləndirir.

Respublikanın digər bölgələrində əkinçilik sektorunda əsas problem suvarma ilə bağlıdır. Su çatışmazlığı olmasa hazırkı əkinlərin miqyası xeyli çox olar və məhsuldarlıq da artar. Ona görə də Su-Melorasiya ASC-nin üzərinə böyük məsuliyyət düşür. Bundan başqa, aqrar sektoru savadlı və bacarıqlı aqronomlarla, müvafiq texnika və gübrələrlə təmin etmək isə Kənd Təsərrüfatı Nazirliyinin, respublikanın bölgələrinin iqlim və torpaq şəraitinə uyğun əkinlərin, heyvandarlıq növlərinin zonalaşdırılması da Elmlər Akademiyasının müvafiq institutlarının üzərinə düşür.

Bu dövlət orqanları və institutları peşəkarlıqla işləsələr, aqrar sektorda qısa müddətdə böyük inkişaf yolu keçərik, ölkəmiz həm özünü ərzaq təhlükəsizliyini təmin edər, həm də başqa ölkələrə ərzaq məhsulları ixrac edər.

Dövlət tərəfindən aqrar sektora maliyyə və texniki dəstəyinin verilməsi üçün lazımi addımlar atılıb. Kiçik və orta sahibkarlığın inkişafına yardım üçün güzəştli kreditlərin və subsidiyaların verilməsi təşkil olunub. Fermerlər bir sıra vergilərdən azad olunub və güzəştli qiymətə kübrə və texnika ilə təmin olunur. Lakin bu sahənin daha sürətli və kompleks inkişafı üçün bəzi digər tədbirlərə də ehtiyac var.

İqtisadi fəal əhalinin əhəmiyyətli hissəsinin gəlir mənbəyi aqrar sektordur. Rəsmi statistik məlumata görə, hazırda kənd təsərrüfatının ümumi məşğulluqda payı 40% təşkil edir. Aqrar sektor həm ixrac, həm də iqtisadi diversifikasiya üçün böyük potensialı olan sahədir. Bu sektor istər birbaşa istehlaka gedən ərzaq məhsulları, istərsə də emal sənayesi üçün birbaşa xammal bazasıdır. Təəssüf ki, bu potensialdan yararlana bilmirik.

Digər ölkələrdən fərqli olaraq, bizdə texniki bitkilərin əkinləri üzrə məhsuldarlıq xeyli aşağıdır. Taxıl, pambıq, tütün, üzüm, barama kimi sahələrdə daha çox məhsul əldə etməyə imkan var. Bu işə elmi yanaşma tələb olunur.

Burada müxtəlif faktorların rolu vardır. Onlardan biri də kadr məsələsidir. Aqrar sahəyə yaxşı mütəxəssislər rəhbərlik etməlidir, aqrotexniki qaydaları bilən, ərazilərin coğrafiyasına uyğun sahələrin inkişafına töhfə verən savadlı kadrlara ehtiyac böyükdür.

Gəncədəki Aqrar Universitetdə belə kadrların hazırlanması işi təşkil edilib, amma bu işi daha da genişləndirmək lazımdır.

Ölkədə kənd təsərrüfatına yararlı torpaqlar 4,7 milyon hektar, əkin torpaqları 1,6 milyon hektar təşkil edir.

KTN-nin məlumatlarına görə, bu qədər sahədən 3 milyon tona yaxın dənli və paxlalı bitkilər, 2,5 milyon tondan artıq tondan artıq meyvə-tərəvəz, 1 milyon tona yaxın kartof, 150 min ton üzüm, 175 min ton şəkər çuğunduru, 350 min tona yaxın pambıq əldə olunur.

İribuynuzlu mal-qaranın sayı 3 milyona yaxın, xırda buynuzlu heyvanlar 9 milyona yaxın, quşlar 25 milyon başa yaxın təşkil edir. Bunun müqabilində 250 min ton ət, 1,7 milyon ton süd, 1,1 milyard ədəd yumurta istehsal olunur.

Lakin bu kifayət deyil, istehsal mövcud potensiala adekvat deyil. Halbuki, bu sahədə daha yüksək nəticələr əldə etmək olar. Aqrar sektorda məhsuldarlığın artması, dolayı yolla digər sahələrin də inkişafına kömək göstərəcək. Aqrar-sənaye, yüngül sənaye sahələri daha çox inkişaf edəcək. Son nəticədə, həm idxaldan asılılığımız azalacacaq, həm ÜDM artacaq, həm də qeyri-neft sektorunun inkişafına təkan olacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə