Ermənistanın kapitulyasiya aktı: səbəbləri və 1 ildəki nəticələri - ANALİZ

Keçən il - noyabrın 10-da Moskvada imzalanmış üçtərəfli bəyanat faktiki olaraq müharibənin qalibini və məğlubunu təsdiq etdi və Ermənistanın Qarabağ üzərindəki real hakimiyyətinə son qoydu. Azərbaycan və Ermənistan arasında bu kontekstdə imzalanmış üçtərəfli bəyanatı həm erməni, həm də digər xarici siyasi analitiklər İrəvanın kapitulyasiyası adlandırırlar. Bu yazıda razılaşmanın əhəmiyyətini və keçən 1 ildəki nəticələrini təthlil etməyə çalışacağıq.

Ən çətin problemi necə həll etdik?

Qarabağ probleminin həlli dünyada ən çıxılmaz vəziyyət kimi görünürdü. Burada elə bir formul tapmaq mümkün deyildi ki, həm hər iki tərəf razı qalsın, həm beynəlxalq hüquq və ədalət bərqərar olsun. Azərbaycan isə məsələni elə həll etdi ki, həm özünün bütün istəklərini yerinə yetirdi, həm də ermənilərin havadarlarının bütün bəhanələrini əlindən aldı.

44 günlük müharibə ərzində Azərbaycan Ordusu inanılmaz qəhrəmanlıq nümayiş etdirdi. Mükəmməl hərbi texnikalara, peşəkar döyüş vərdişlərinə yiyələnmiş ordumuz düzgün planlaşdırılmış döyüş əməliyyat planları nəticəsində Qarabağda fransızların yaratdığı “keçilməz” deyilən müdafiə xəttini darmadağın etdi və sürətlə Ermənistan sərhədlərinə doğri irəliləməyə başladı. Ermənistan ordusu 1 ay ərzində demək olar ki, tam darmadağın edildi. Sonrakı yarım ayı düşmən son mövqələrini ümidsiz müdafiəyə sərf etdi, Şuşa da azad edildikdən sonra ordusu tam darmadağın edilərək sıradan çıxarılmış İrəvan təslimçi razılaşmaya- faktiki kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Qarabağ problemi bizim əvvəllər məcburiyyətdən razı olduğumuz kimi və baza prinsiplərinə əsasən, 5+2 və Qarabağa yüksək muxtar statusla həll edilmədi. Biz Qarabağın dağlıq hissəsinə dünyadakı ən yüksək statusun verilməsinə belə razı idik, demək olar ki, yarımmüstəqil dövlət statusuna. İndi isə Azərbaycan bütün Qarabağı geri qaytardı- yarısını döyüşlə azad etdi, yarısını isə sülhlə qaytarmağa məcbur oldular. Üçtərəfli bəyanatda heç bir statusdan da söhbət getmədi. Yalnız kiçik bir hissədə mülki ermənilərin qalıb yaşamasına razı olduq- Xankəndi şəhəri və ətrafı, Ağdərə rayonunun çox hissəsi, Xocavənd rayonunun yarısı (keçmiş Martuni rayonu). Ermənilər cəmi 3 min kv km-lik ərazidə yaşaya bilərlər. Qarabağın azad edilmiş 15 min kv km-lik ərazisinin yalnız 3 min kv km-də, yəni beşdə birində- 20 faizində.

Ermənistanın bütün rəhbərləri, ictimai xadimləri etiraf edirlər ki, ermənilər özləri orada yaşamaq istəməyəcək və yaxın vaxtda Qarabağda erməni qalmayacaq. Ermənistanın keçmiş hərbi naziri Ohanyan da sazişi təslim aktı adlandırıb və hər şeyin itirildiyini bəyan edib: “Sazişdəki şərtlərə görə, Dağlıq Qarabağ Azərbaycanın sadəcə Ermənistana dəhlizi olan yığcam bir ərazisinə çevrilir. Proses ona aparıb çıxaracaq ki, oralarda erməni qalmayacaq. Deməli, son nəticədə, sülhməramlıların fəaliyyəti bizim üçün faydasız olacaq".

Qarabağda nələr dəyişir?

Münaqişə başlamamışdan əvvəl Qarabağın bölgəsinin ümumi əhalisinin 76 faizi azərbaycanlılar, 23 faizi ermənilər olub. Qarabağ bölgəsindən qovulmuş 700 mindən artıq azərbaycanlı köçkün öz yurdlarına qayıdacaq. Bunların bir hissəsi də ermənilərin yaşamasına icazə verilən yerlərdə- keçmişdə yaşadıqları şəhər və kəndlərdə məskunlaşacaq. Yəni, ermənilərin yaşadığı bu kiçik ərazi hər tərəfdən Qarabağa qaytarılacaq 1 milyona yaxın azərbaycanlı ilə əhatə olunur.

Ermənilərin keçmiş vilayətdə sayı təxminən 120 min nəfər olub. Onların yarıdan çoxu keçən 30 ildə Amerikaya, Rusiyaya, Avropa ölkələrinə köçüb. Qalan 50-60 minlik erməninin də azı yarısı müharibədən sonra Ermənistana və ya başqa ölkələrə köçüb. Yerdə qalan 20-30 minlik erməni icması 1 milyona yaxın azərbaycanlının əhatələdiyi bölgədə yaşamalı olacaq, əlbəttə qalıb yaşamaq istəsələr.

Bu Qələbənin əhəmiyyətini saymaqla bitməz. Qarabağın azad olunmasının ölkəmizə verəcəyi böyük iqtisadi faydalar isə tamam başqa yazının mövzusudur və bu məsələləri əvvəlki yazılarmızda qeyd etmişik.

Hazırda Azərbaycan hökuməti Qarabağda böyük bərpa və quruculuq işlərini davam etdirir. Keçən 1 il ərzində işğal olunmuş ərazilərdə xeyli insfrastruktur layihələri həyata keçirilib, şəhər və kəndlərin bərpasına başlanılıb. Qarabağ böyük bir tikinti meydanına çevrilib. Bir çox xarici dövlətlər bölgədəki nəhəng layihələrə investisiya qoymaq və bu işlərdə iştirak etmək arzularını bildiriblər.

Zəngəzur nəqliyyat dəhlizinin bərpası işləri də sürətlə davam edir. Bu dəhlizin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinə qoşulması ilə Azərbaycan böyük bir regionda həm tranzit qovşağına, həm də logistik mərkəzə çevriləcək. Ən əsası ölkəmizin anklavda olan hissəsi- Naxçıvanla birbaşa quru əlaqəsinin yaranması həddən artıq vacib və strateji əhəmiyyətli bir tarixi hadisə olacaq.

NƏTİCƏ: kim nə qazandı, kim nə itirdi?

Regionda yeni əməkdaşlıq platformasının yaradılmasından bütün regon dövlətləri fayda əldə edəcək. O cümlədən, işğalçı və terrorçu siyasətindən əl çəkərsə, çökməkdə olan Ermənistan da.

Region dövlətlərinin qazandıqlarına qısaca nəzər salaq.

Rusiyanın qazancı odur ki, dünyanın ən həllolunmaz problemlərindən birini həll etməklə və özünün ənənəvi rəqiblərini (ABŞ və Avropa) regiondan kənarda qoymaqla həm bölgədə, həm dünyada öz təsir və nüfuzunu daha da artırdı. Üstəlik, hər iki ölkəni öz tərəfinə daha da çəkməklə, Cənubi Qafqazı Amerika zonasına çevrilməkdən qurtardı. 3 Cənubi Qafqaz ölkəsindən yalnız biri- Gürcüstan Amerikanın müttıfiqi kimi qalır ki, onun da bu prosesdən sonra mövqeələri xeyli zəiflədi. Bundan başqa, Rusiya Zəngəzur dəhlizinin açılması ilə özünün cənub-qərb sərhədlərindən daha bir nəqliyyat dəhlizi əldə etmiş olur.

Türkiyənin qazancı- Naxçıvan ərazisindən Azərbaycanın bütün ərazisinə və Orta Asiyaya birbaşa çıxış əldə edir. Bundan başqa, Türkiyə Qarabağda sülhməramlı missiyada, sülhyaratma işində iştirak edir və bununla da regionda hərbi və siyasi nüfuzunu artırır. Üstəlik, yaxın gələcəkdə regional əməkdaşlıqdan, nəqliyyat dəhizlərindən xeyli iqtisadi fayda əldə edəcək.

İran da nəsə uduzmur, o da Türkiyə kimi regional əməkdaşlıq platformasından xeyli iqtisadi dividentlər əldə edəcək. Sanksiyalar altında və yarımblokada şəraitində qalaraq iqtisadiyyatı zəifləyən ölkə üçün bu çox əlverişli nəfəslikdir.

Gürcüstanın əsas qazancı odur ki, Cavaxetiya məsələsi getdi tarixin arxivinə, çünki müharibədən hərbi və iqtisadi cəhətdən darmadağın çıxan Ermənistan çox uzun müddət özünə gələ bilməyəcək ki, potensial etnik qarşıdurma ocağını alovlandırıb Gürcüstanda 2-ci Qarabağ yarada bilsin. Amma ölkənin strateji əhəmiyyəti və tranzitdən gəlirləri bir qədər azalacaq. Nəqliyyat dəhlizləri şaxələnəcək, Türkiyə və Azərbaycanın Gürsüstandan asılılğı azalacaq. Bununla belə, regional əməkdaşlıq platformasına qoşulsa daha çox fayda əldə edə bilər.

Ermənistan blokada şəraitindən çıxacaq, iqtisadi və ticari imkanları artacaq, regional əməkdaşlıq layihələrindən kənarda qalmayacaq, Zəngəzur dəhlizi vasitəsilə Rusiya, Şərqi Avropa və Orta Asiya ölkələrinə çıxış əldə edəcək. Əhalinin yaşayış səviyyəsi nisbətən yaxşılaşacaq.

Qələbəni nəyin müqabilində qazandıq?

Bütün bu qələbə, ilk növbədə, Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun, qəhrəman hərbçilərimizin hesabına əldə olundu. Lakin müharibəni təkcə dövlət, təkcə ordu aparmır. Arxa cəbhədə də müharibə gedirdi. Xalqımız orduya maddi-mənəvi dəstəyi ilə, informasiya müharibəsindəki zəhməti ilə, kibermüharibədəki zərbələri ilə Ermənistanın hərbi, siyasi, iqtisadi, texnoloji cəhətdən çökməsində böyük rol oynadı.

Nəticədə, Ermənistan təslimçi sülhə razı olmaq məcburiyyətində qaldı və bizim bütün tələblərimiz yerinə yetirilmiş oldu. Azərbaycan böyük bir ərazini itki vermədən əldə etdi. İlham Əliyevin güclü sərkərdəlik qabiliyyəti, böyük siyasi-diplomatik təcrübəsi, ağıllı iqtisadi strategiyası sayəsində həm döyüş meydanında, həm də siyasi meydanda qələbə əldə olundu.

Beləliklə, çox qısa müddətdə Azərbaycan problemi həll etdi və torpaqlarını qaytararaq ərazi bütövlüyünü bərpa etdi. Bu müharibədə Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ön cəbhədə, bütün xalqımız da arxa cəbhədə döyüşdü. Xalqla dövlətin birliyi qalib gəldi. Zaman keçəcək və hamı bu Qələbənin tariximizdə ən böyük və ən möhtəşəm Qələbə olduğunu və onun hələlik ortada olmayan strateji faydalarını da görəcək.

Prezidentimizin mükəmməl strateji düşüncəsi sayəsində Qarabağı ən yaxşı variantla, mümkün olan ən minimal itkilərlə azad etdik. Prezidentimizin prosesi ən uyğun beynəlxalq şəraitin yarandığı vaxtda, əvvəlcədən iqtisadi, siyasi-diplomatik və informasiya-təbliğat müharibəsini qazanmaqla başlaması, eyni vaxtda həm müharibəni, həm xarici siyasəti, həm informasiya müharibəsini, həm ölkənin idarə edilməsini mükəmməl aparmaqla arzu etdiyimizdən də böyük nəticəyə daha asan nail olması bunu deməyə əsas verir. İlham Əliyev böyük şahmat taxtasında sonuncu gedişlə “Mat” elan edərək qalib gəlmişdir. Bunu bütün dünyada, hətta düşmən dövlətin rəsmi və ictimai şəxsləri də etiraf edirlər.

Qələbəni regiona ən böyük təsir imkanı olan Rusiyanı və əksər ölkələri tərəfinə çəkərək qazanan, Qarabağı mümkün olan ən yaxşı şərtlərlə azad edən, milli birliyi təmin edən İlham Əliyev həm böyük dövlət rəhbəri, həm böyük sərkərdə, həm böyük milli lider olduğunu sübut etdi- həm öz adını, həm də 8 noyabrı qızıl hərflərlə tarixə yazdı.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə