Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsində AZƏRBAYCAN BİR NÜMUNƏDİR - TƏHLİL
İnsanların təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşaması ona görə hər zaman prioritet məsələ hesab olunub ki, bəşəriyyət üçün ən dəyərli sayılan insandır və insan həyatıdır. Məhz bu təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsi də ilk növbədə dini, müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və qarşılıqlı hörmət şəraitində yaşamasından bilavasitə asılıdır, hansı ki, həmin şərait fərqli mədəniyyətlərin dialoqundan asılı hesab olunur.
Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bu ölkənin ərazisində hələ lap qədim zamanlardan bu günə qədər müxtəlif mədəniyyətlərin nümayəndələrinin, fərqli dini inanclara mənsub insanların yaşaması təəccüb doğurmur. Çünki Azərbaycan fərdli dinlərin və mədəniyyətlərin qovşağında yerləşdiyi üçün bu məqam anlaşılandır. Amma həmin o fərqli inanclara, mədəniyyətlərə, tarixi köklərə malik insanların, müxtəlif etnosların və millətlərin nümayəndələrinin ölkəmizin ərazisində məskunlaşaraq, əsrlər boyu dinc və yanaşı yaşaması, təhlükəsizlik, əmin-amanlıq şəraitində, dostluq şəraitində ömür sürdüyü barədə xronoloji məlumatlar ölkəmizin tarixən tolerant ölkə olduğunu, multikultural dövlət olduğunu təsdiq edir.
Dünyanın müxtəlif yerlərində olduğu kimi, Azərbaycanda da yaşayan insanların fərqli dini inancları olub və ayrı-ayrı xalqlar, hətta etnoslar belə özlərinə məxsus olan dini inancları ilə fərqləniblər. Amma bununla belə hansısa bir toplumun digərinin dini inancına hörmətsizliklə yanaşması yolverilməz sayılıb və buna heç yol da verilməyib. Elə indi də belədir və tolerantlıq, multikulturalizm ənənələrimiz bizim milli dəyərlərimiz olaraq qorunur. Həmçinin, əhalisinin böyük əksəriyyəti müsəlman olan, İslam dini inancına sadiq qalan vətəndaşlarımız çox yaxşı bilirlər ki, heç bir səmavi din, heç bir inanc vətəndaşın bir başqasının inancına hörmətsizlik etməsini qəbuledilən saymayb. Əksinə, həmin müqadddəs kitablar, ələlxüsus da müsəlmanların səmavi kitabı sülh və əminamanlığı tövsiyə edir. Həm milli tolerantlıq ənənələrimiz, həm də islam əxlaqı ancaq tolerantlıq aşılayır.
Müxtəlif etnosların, millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı Azərbaycan tolerant ölkə nümunəsi sayılır. Çünki tarix boyu ölkəmizdə müxtəlif milli mənsubiyyətə malik, fərqli inanclara, dini etiqadlara, dilə, adət-ənənələrə mənsub etnik qruplar ayrıseçkiliyə, təzyiqlərə məruz qalmayıblar, əksinə, onlara heç bir fərq qoyulmayıb, onlara humanistcəsinə yanaşılıb. Təsadüfi deyil ki, tarix boyu ölkəmizin ərazisində bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq və bir çox başqa dini inanclar yayılıb, hansı ki, həmin fərqli inanclara sahib insanlar arasında xoşagəlməz heç bir hadisə qeydə alınmayıb. Azərbaycanda tarixən heç zaman istər milli, istər dini, istərsə də hər hansı zəmində heç bir diskriminasiya hadisəsi kimi arzuolunmaz hal olmayıb və bu fakt özü ölkəmizin tolerant ölkə olduğunu isbatlayır.
Diqqətə çatdıraq ki, heç də bütün ölkələri Azərbaycan kimi tolerant ölkə adlandırmaq mümkün deyil. Dünyanın 21 ölkəsində aparılan etnik təmizləmə siyasətinə görə 12 milyona yaxın insan qaçqın və məcburi köçkün şəraitində ev-eşiyindən, yurd-yuvasından didərgin düşmüş vəziyyətdə yaşayır. Qlobal miqyasda müşahidə edilən qarşıdurmaların da bəzilərinin elə etnik-dini anlaşılmazlıqlara, qarşıdurmalara görə olduğu bəllidir. Bir çox ölkələrdə, hətta eyni dinə mənsub müxtəlif təriqətlər arasında belə mübarizələr mövcud olub və hələ də davam edir, hansıki bu mübarizələr nəticəsində qanlı toqquşmalar da müşahidə edilir. Deməli, bir sıra ölkələrdə mədəniyyətlərarası, dinlər və millətlərarası münasibətlərin nörmal olmaması insanların təhlükəsiz, dinc, əmin-amanlıq şəraitində yaşamasına mane olur. Dünyanın bəzi ölkələrində xalqların, millətlərin, müxtəlif dini etiqad və inanclara sahib insanların bir-birinə, bir-birinin etiqadına, inancına hörmətlə yanaşmaması, birgəyaşayışın məsuliyyətini dərk etməməsi fonunda Azərbaycanda indiyə qədər heç bir dini, milli qarşıdurmaların olmadığı onu göstərir ki, ölkəmiz məhz elə dini və milli tolerantlıqda, millətlərarası münasibətlərin inkişaf etdirilməsində də çoxlarına örnək, nümunə hesab olunur. Ölkəmizdə bütün dinlərə, istənilən dini inanca sahib olanlara, istənilən adət-ənənə sahiblərinə hörmətlə yanaşılır və kimsə öz milli mənsubiyyətinə, yaxud inancına görə digərlərindən fərqləndirilmir və Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün yaradılan şərait özü elə tolerantlıq nümunəsidir. Məsələlərin hüquqi müstəvidə tənzimlənməsinin mövcudluğu da, ölkəmizdə bütün dini icmaların bərabər hüquqlara malik olması faktı da nümunə və örnək olmaq üçün yetərlidir. Azərbaycan Respublikası qanunlarına tolerantlıq məsələlərində də istinad edilməsi müstəqilliyimizin yenidən bərpasından sonra, daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmləndi və bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu Öndər milli-dini dəyərlərimizin qorunmasında, islam dininə hörmətin, ehtiramın göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə müstəsna rol oynayaraq, əvəzsiz tövhələr verdi və bu zamana qədər bu ali dəyər qanunla qorunur. Ulu Öndərin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının təminatçısı və himayəçisidir.
Müxtəlif dini, etnik mənsubiyyətə malik insanların özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayması, dövlətimiz üçün, Azərbaycanımız üçün əllərindən gələni əsirgəməməsi təsadüfi deyil, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə hiss etməsindəndir. Biz 44 günlük müharibə zamanı bunun şahidi olduq və gördük, əmin olduq ki, ölkəmizin ərazisində məskunlaşan fərqli milli-etnik qrupların nümayəndələri Azərbaycan naminə canlarından keçməyə hazır olduqlarını təkcə sözdə bəyan etmədilər. Onlar müharibədə böyük ruh yüksəkliyi ilə ürəkdən iştirak etdilər, Azərbaycanın qələbəsi naminə öz töhfələrini verdilər, Zəfər sevincimizi də birgə bölüşdük. Bütün bu sadalanan faktlar Azərbaycanın tolerant ölkə olduğunu təsdiqləyir və sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasında öz töhfələrini verir.
İnam Hacıyev
6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə