Narkoman: potensial cinayətkar, yoxsa psixi xəstə? - ANALİZ

Onlar narkotik üçün hər cür cinayət törədə bilərlər, lakin bu xəstəlikdən müalicə olunmaları mümkündür

Narkomaniya yaxın keçmişimizin, dövrümüzün, böyük ehtimalla ən çox da gələcəyin dəhşətli xəstəliyidir. Hər şeydən əvvəl bu insan beyinin və şüurunun, eləcə də iradənin xəstəliyidir. Fiziki, ruhi və sosial problemlər, ətraf mühitin təsiri, baş verən hansısa bədbəxtlik insanları normal həyatdan kənarlaşdırır və bir çoxları üçün bu kənarlaşmanın son dayanacağı narkomaniya olur.

2 trilyonluq qlobal biznes

Narkomaniya həm sosial-iqtisadi, həm də mənəvi-psixoloji cəhətdən ən təhlükəli bəla hesab edilir. Ekspertlər belə qənaətə gəliblər ki, narkomaniya cəmiyyətin gələcəyi üçün iki böyük təhlükənin daşıyıcısıdır. Əvvəla narkomaniya ilə xəstələnmiş şəxs özünün, ailəsinin, nəhayət, cəmiyyətin həyatında arzuolunmaz mənfi dəyişikliklərə gətirib çıxarır. İkincisi, cinayətkarlığın, zorakılığın, o cümlədən işsizliyin, təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.

BMT-nin hesabatlarına görə, hazırda dünyada təqribən 250 milyondan artıq insan narkotiklərdən istifadə edir. Bu 15-64 yaş üzrə dünya əhalisinin 5 faizi deməkdir. Bəzi ekspertlər real rəqəmlərin ən azı 2 dəfə daha çox olduğunu iddia edirlər. Dünya üzrə narkotik dövriyyəsinin isə 2 trilyon dollar civarında olduğu ehtimal edilir.

Narkotikdən istifadə maddi mənfəətin itirilməsinə, müalicəyə böyük xərclərin çəkilməsinə, ailələrin dağılmasına gətirib çıxarır. Xüsusən də, narkotik maddələrin inyeksiyası dünyanın bir çox yerlərində HİV/AİDS və hepatitlərin sürətlə yayılmasına səbəb olur.

Statistikaya əsasən Avropa İttifaqı ölkələrində narkomanların sayı 1 milyondan çoxdur. MDB və Asiya ölkələri də Qərbdən geri qalmır. Burada təxminən 30 milyon adam narkotik vasitələrdən istifadə edir.

Azərbaycanda narkomaniya təhlükəsi

Rəsmi rəqəmlərə görə, ölkəmizdə qeydiyyatda olan narkotik istifadəçilərin sayı 35 min nəfər təşkil edir. Lakin real rəqəmlərin dəfələrlə artıq olduğu güman edilir.

Azərbaycanda narkotik istifadəçilərinin sayı hər il artır. Narahatedici fakt narkotik istifadəçilərinin yaş senzinin azalmağa doğru getməsi, yəni bu faktın gənclər arasında getdikcə daha çox qeydə alınmasıdır. Belə ki, ölkəmizdə narkomanların 20 faizə yaxınını gənclər təşkil edir.

Narkotik istifadəçilərinin, əsasən, 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir. Son illərdə isə opioidlərdən istifadə edənlərin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı isə çoxalmağa başlayıb. Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi halların sayı artıb. Bunu da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir.

Artıq bəzi gənclər, yeniyetmələr və uşaqlar psixotrop dərmanlardan və energetik içkilərdən istifadə edirlər. Psixtrop dərmanlar narkomaniyaya aparan qısa yoldur. Energetik içkilərdən istifadəsinin dolayı ziyanı daha təhlükəlidir. Mütamadi istifadə edildikdə, orqanizm öyrəşir və gələcəkdə istifadəçilərin aktivləşdirici maddələrə meyilləri artır. Bu içkiləri qəbul edənlər elə bilirlər ki, onlar daha aktiv və beyinləri daha yaxşı çalışır. Amma bu içkilərin qəbulu mütamadi xarakter aldıqda narkotik effekti verir. Bu səbəbdən valideynlər uşaqların ciddi nəzarət etməli, onların bu tip məhsullardan aralı durmasını təmin etməlidirlər.

Narkomanlar genefondu məhv edirlər

Narkomaniya ilə cinayətkarlıq arasında əsaslı bağlılıq var. Çünki narkotik asılılığı olan narkotik əldə etmək üçün insan istənilən cinayəti törədə bilər. Narkotik vasitələrdən asılı olan, amma maddi imkanı olmayanlar o vasitəni əldə etmək üçün hər şeyindən keçə bilər. Onlar üçün məhrəm duyğular öz dəyərini itirir, çünki narkotik beyinlərini məhv edir. Narkoman insan öz davranışlarına nəzarəti itirir və bu hal onlara müxtəlif cinayətlərin törətməyə imkan verir. Narkomanlıq cəmiyyətin genefondunu məhv etməyə qadir olan ən böyük bəladır. Narkoman atadan, anadan törəyən körpənin orqanizmi hələ doğulmamışdan məhv edilir.

Narkotik vasitələrdən bir neçə dəfə istifadə edən adam qısa müddətdə onun əsirinə çevrilir. Hər gün bu zəhəri qəbul edənlər narkotikə xilaskar kimi baxırlar, çünki narkotik onlarda süni əhvali-ruhiyyə yaradır, keflərini duruldur, dərdlərini unutdurur. Bir çox narkoman narkotiki qəbul edəndə özünü yüngül hiss etdiyini deyir, bu müvəqqəti yüngüllük onların sağlamlıqlarını əlindən alır, orqanizmində tədricən zəifləmə, haldan düşmə baş verir.

Narkomaniyadan asılılığın iki əlaməti var. Bu fiziki və psixi asılılıqdır. Fiziki asılılıq narkotik vasitələrin qəbulu zamanı insan orqanizmində fəaliyyətin dəyişilmiş vəziyyəti ilə müşahidə olunur. Belə halda insan orqanizmi daimi olaraq narkotik maddənin qəbulunu tələb edir, narkotiksiz dözmür. Psixi asılılıq isə müəyyən hiss-həyəcanı aradan qaldırmaq və əhval-ruhiyyənin yüksəldilməsini özündə əks etdirir. Onlar həzz almaq və düşdükləri çətin vəziyyəti müvəqqəti də olsa unutmaq barədə düşünürlər. Lakin, bu müvəqqəti “həlletmə”dən sonra problem dəfələrlə ağır formada geri qayıdır.

Narkotiklər sağlamlığı necə məhv edir?

Narkomaniya adi xəstəlik deyil. Başqa xəstəliklərdən fərqli olaraq, bu bəlaya düçar olanların müalicəsi olduqca çətindir. Həkimlər bunu müalicənin əslində, həkimin təyinatından daha çox xəstənin özünün istəyindən asılı olması ilə əlaqələndirir. Bu xəstəlikdə məcburi müalicə effekt vermir. Narkomaniya insanın iradəsi ilə bağlı olduğu üçün bundan uzaqlaşmaq istəyi də onun özündən asılıdır. Burada əslində həkim vasitəçi rolunu oynayır. Xəstəni vəziyyətdən çıxarır, asılılıq sindromunu aradan qaldırır, yuxusunu, iştahanı normaya salır, psixoterapiya aparır, masaj edir. Amma xəstənin sonradan narkotik maddəni qəbul edib-etməməsi onun özündən və düşdüyü sosial mühitdən, əhatəsində olan insanlardan asılıdır. Bu səbəbdən də narkomaniyanın müalicəsi üçün həkimlərlə yanaşı, cəmiyyət də hazırlıqlı olmalıdır.

Bu vasitələrdən asılılıq zamanı demək olar ki, insanın bütün orqanları sıradan çıxır, somatik ağırlaşmaların baş verir. Bu ürəyə, qaraciyərə, daxili cinsiyyət orqanlarına, böyrəklərə ciddi təsir edir və nəticədə paralel xəstəliklər yaranır. Dəri və digər görünən selikli qişalar avazıyır, gözün içinin rəngi dəyişərək sarımtıl olur, piy toxumaları zəif inkişaf etdiyi üçün arıqlama prosesi gedir. Daha çox narkotika qəbul edən təcrübəli xəstələrdə vena damarı boyunca inyeksiya yerləri, septiki yaralar əmələ gəlir. Narkomanlarda immunitetin zəifləməsi nəticəsində orqanizmin müqavimət qabiliyyəti itir və bu səbəbdən də onların arasında vərəmə və digər ağır xəstəliklərə yoluxma hallarına daha çox təsadüf edilir.

Narkomaniyanın digər xəstəliklərdən fərqi odur ki, burada bədənin orqanları ilə yanaşı beyin hüceyrələri də sıradan çıxır. Həm də bu hüceyrələr elə hüceyrələr hesab olunur ki, dünya səhiyyəsində onları bərpa edə bilən dərman və ya tibbi mexanizm yoxdur. Beyin hüceyrələri sıradan çıxdıqca insanın şəxsiyyətində sönüklük, deqradasiya prosesi başlayır. Hətta təcrübəli narkomanlarda gedən bu proses- mənəviyyatsızlaşma, aqressivləşmə onların üz cizgilərində də hiss olunur. Bu halda onların yeganə marağı hansı yolla olsa da, narkotik vasitənin qəbulu və fiziki asılılığın bərpa olunmasıdır. Belə xəstələri nə ətraf mühit, nə də zövq alınması mümkün olan digər şeylər maraqlandırmır. Hətta onlar üçün ailə üzvləri, uşaq və digər dəyərli olan varlıqlar arxa plana keçir.

Narkomanı cəmiyyətə qazandırmaq mümkündürmü?

Əksər ölkələrdə narkotika istifadə etdiyinə görə, insanları məsuliyyətə cəlb etmək praktikası yoxdur. Onlara iki yol təklif olunur: ya cəzaçəkmə müəssisəsində məcburi müalicə olunmaq, ya da azadlıqda könüllü müalicəyə razılaşmaq. Narkoman bu yollardan birini mütləq seçilməlidir.

Psixoloqların fikrincə, narkotika aludəçilərinə kömək etmək lazımdır, nəuinki onlara cüzamlı, vəbalı xəstə kimi baxmaq. Onlara cəza tətbiq etməklə cəmiyyətdən təcrid etmək olmaz. Narkoman cinayətkar deyil, o xəstədir. Cinayətkar onu öz qurbanına çevirən narkotik alverçisidir. Narkomanlar dispanser, müalicə mərkəzinə o zaman müraciət edirlər ki, onların ailəsi və yaxın adamları buna məcbur edir. Bu zaman o sağalmayacaq, çünki məcburi gəlib. Vacib odur ki, o müalicə olunmağı özü istəsin. Əgər özü ürəkdən sağalmaq istəyirsə sağalacaq. Çünki bədənini həkimlər, ruhunu isə özü müalicə etməlidir ki, təkrar asılı olmasın.

Azərbaycan qanunveriçiliyində narkotik maddədən istifadəyə görə məsuliyyətə cəlb etmə nəzərdə tutulmayıb. Qanuna görə, şəxsin üzərində öz şəxsi istehlak miqdarından çox narkotik vasitə saxlaması onun üçün cinayət məsuliyyəti yaradır.

Son illərdə Daxili İşlər Nazirliyinin narkomaniyaya qarşı apardığı genişmiqyaslı mübarizə kampaniyası bu sahədə çox böyük effekt versə də, hələ də problemi aradan qaldırmaq mümkün olmayıb. Yüzlərlə narkotik istehsalçısı, ixdalçısı, narkotik satış şəbəkəsi üzvləri aşkar olunub həbs olunsa da, min tonlarla narkotik məhv edilsə də, hələ ki, narkotiklərə əlçatanlıq yüksəkdir və narkomanların sayı azalmaq əvəzinə artır. Bu səbəbdən narkomaniyaya qarşı mübarizə təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir. Bu məsələdə həm media, həm ictiami təşkilatlar, həm də adi vətəndaşlar həmrəy olmalı və birgə mübarizə aparmalıdır. Yalnız bu halda bu qorxunc bəlanı aradan qaldırmaq mümkündür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə