RƏFİQƏ QASIMQIZI

Qarabağım səsləyir

Bu nə ağır xəbərdi,
Yandı bağrımın başı.
Deyən zarafat sayır,
Yağı qanlı savaşı.

Oğul, qeyrət dəmidir,
Qarabağım səsləyir.
Ata-baba yurdumda,
Düşmən oğul bəsləyir.

Döyüşə gedən oğul,
Qurbanam qeyrətinə.
İgidliyin səbəbdir,
Düşmənin heyrətinə.

Qeyrətinin önündə,
Dağın boyu kiçilib.
Düşmənin ölüm donu,
Əllərinlə biçilib.

Addım at, cəsarətlə,
Şuşanın qalda başı.
Xarı bülbül gözləyir,
Donub gözündə yaşı

Halal elə qanını,
Qanım qanına qurban.
Canından əziz nə var,
Dünyam canına qurban.

Vətən sənə əmanət

Düşmən çəpərisən boyuna qurban,
Azərbaycan oğlu, soyuna qurban,
Hələ çalınmayan toyuna qurban,
Əsgər oğlum, vətən sənə əmanət.

Yazmadığım əsərlərim, seirim,
Alınmayan qalam, sirrim, sehirim,
Ümid yerim, qürur yerim, and yerim,
Əsgər oğlum, vətən sənə əmanət.

Sənsən vətənimin igid, ər oğlu,
Zal cüssəli, çinar boylu, nər oğlu,
Vətəninə ana deyər hər oğlu,
Əsgər oğlum, vətən sənə əmanət.

Vətən ana

Vətən boyda sevgin böyük,
Yuxuların gözünə yük,
Zəfərimi nəğmənə bük,
Vətən sevən, vətən ana.

Nigaransan baxış-baxış,
Bayrağıma zəfər naxış.
Gün doğarsa yağmaz yağış,
Vətən sevən, vətən ana.

Oğul-oğul vətənləşdin,
Addım-addım mətinləşdin,
Vətən kimi bütövləşdin,
Vətən sevən, vətən ana.

Darıxıb xarı bülbülüm,
Qönçələnib solan gülüm,
Dənə dolacaq sünbülüm,
Vətən sevən, vətən ana.

Gülsün üzün, QARABAĞIM,
Bahar olub payız çağım,
Qürurlanıb düzüm, dağım,
Vətən sevən, vətən ana.

Boşa keçən arzular

Sənsizliyim sürüşüb,
Gecənin əllərindən.
Boşa keçən arzular,
Asılıb tellərindən.

Yol gedirəm gündüzə,
Gözlərimdə həsrətin.
Ümid yolu sayıram,
Gözünü bəsirətin.

Sənsiz çiçəkləyərmi,
Tumurcuq arzularım.
Sən gedəli artıbdı,
Birə min qayğılarım.

Ağlım, hissim dumanlı,
Yollara tökülürəm.
Sənsizlik havasında,
Yağışa bükülürəm.

Yol uzun, ömür qısa,
Xatirəm hər bucaqda.
Əllərim boş qalmayıb,
Qəm saxlayır qucaqda.

Gəli̇rəm, Şuşam

İndi ucadır başım,
Quruyub gözdə yaşım,
Sevinir dağım, daşım,
Gözlə, gəlirəm, Şuşam.

Xatirələrim yolda,
Yağım gizlənib kolda,
Gücüm, qüvvətim qolda,
Gözlə, gəlirəm, Şuşam.

Dağların başı duman,
Məndən pay torpaq uman,
Heç vaxt etməzdi güman,
Gözlə, gəlirəm, Şuşam.

Şəhi̇di̇m

Adın ucadan-uca,
Sən cavan, dərdim qoca,
Azərbaycan boyunca,
Oğul adlı şəhidim.

Qan düşdü qalasına,
Dağların lalasına,
Qıyan el balasına,
Yağı oldu, şəhidim.

Düşmənimlə öc oldun,
Müdrikləşdin, qocaldın,
Zirvələrə ucaldın,
Canı odlu şəhidim.

Vətən sağ olsun

Hər zaman ucalıb nurunu saçar,
Zirvələr sevinclə bayrağı qucar,
Qarabağ, baxtını ordumuz açar,
Əsgərlər söyləyər, vətən sağ olsun!

Uğrunda ölməyə, vətən, hazıram,
Gün gələr sinənə zəfər yazaram,
Darıxma, yağıya məzar qazaram,
Oğullar söyləyər, vətən sağ olsun!

Vətəni qoruyan, igid yetirən,
Oğul kürəyindən çəpər bitirən,
Bir kişi əzmilə hərbə ötürən,
Atalar söyləyər, vətən sağ olsun.

Oğullar yatanda astaca gəzən,
Xırda üzüntünü gözündən sezən,
Evində darıxan, sükutdan bezən,
Analar söyləyər, vətən sağ olsun.

Qardaş varlığından güc, qüvvət alan,
Uğurlar diləyib, nigaran qalan,
Xəfif gülümsəyib, xəyala dalan,
Qardaşlar söyləyər, vətən sağ olsun.

Arxa bilib, şəstlə qardaş səsləyən,
Qəlbində bitməyən sevgi bəsləyən.
Qulluğunda durub hər gün süsləyən,
Bacılar söyləyər, vətən sağ olsun.

Qucaqda körpəsi boynunu buran,
İgid arxasında mərdanə duran,
Öz eşqi yolunda min xəyal quran,
Gəlinlər söyləyər, vətən sağ olsun.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...