Feyzi Mustafayevi xatırlayarkən... (Elegiya)

Feyzi Mustafayev-85

Əli Kərim nə qədər orijinal şair idisə, Feyzi Mustafayev də bir o qədər orijinal publisist idi. Əli Kərim Sumqayıta bağlı şair idi. Həm də onu Sumqayıta bağlayan, doğmalaşdıran bu şəhərdə olan dostları idi. Əli Kərimin ən yaxın dostu idi Feyzi Mustafayev. Cavan yaşında dünyasını dəyişmişdi Ə.Kərim. Dostun itkisini
böyük ağrıyla qarşılamaq və qələmə almaq dostdan daha böyük cəsarət, daha böyük məsuliyyət tələb edir. Feyzi Mustafayev bu ağrını ürəyində ovudaraq göz yaşı və ürəyinin qanıyla vərəqlərə tökdü... "Dinmə, ey kədər", - dedi. O, bu xatirə-povesti qələmə alanda özü də peyğəmbər yaşında dünyadan köçəcəyindən xəbərsiz idi...

Bu kitabı Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi tərəfindən latın qrafikası ilə yenidən çap edəndə dönə-dönə oxudum. Hər dəfə də həm kövrəldim, həm təəssüfləndim, həm də qürur hissi keçirdim. Əli Kərim
nə boyda azərbaycanlı idisə, elə o boyda da sumqayıtlı idi. Sumqayıt onu sevmişdi doğması kimi, əzizi kimi, elə dostu Feyzi Mustafayev qədər özünə simsar bilmişdi. Feyzi Mustafayev də onu elə doğma şəhəri Sumqayıt qədər əziz, özünə bir köynək yaxın bilmişdi. Necə ki, bu gün Sumqayıt və sumqayıtlılar Feyzi Mustafayevi əziz tutub, onu yüksək dəyərləndirir...

Bu günlərdə Azərbaycan ədəbiyyatında öz imzası, eləcə də Sumqayıt şəhərinin ədəbi həyatında öz yeri və çəkisi olan yazıçı-publisist, jurnalist Feyzi Mustafayevin anadan olmasının 85 ili tamam oldu. Bu münasibətlə AYB Sumqayıt bölməsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sumqayıt şöbəsi və Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin birgə təşkilatçılığı ilə “Yad et məni” adlı çox maraqlı bir tədbir keçirildi.

Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor əvəzi Natavan Axundzadə qonaqları salamladı. Feyzu Mustafayevlə uzun illər dost olmuş AYB Sumqayıt bölməsinin Məsləhət Məclisinin sədri, Prezidentin Fərdi Təqaüdçüsü, şair Əşrəf Veysəlli xatirələrindən danışaraq kövrəldi. Moderator - Feyzi Mustafayev ocağının yadigarı, yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı öz təbirincə yubiliyarın keçdiyi şərəfli ömür yoluna bir baxış sərgilədi. Sonra söz ziyalılara və qələm adamlarına verildi. Çıxış edənlər – Sovet Şükürov, Hümbət Həsənoğlu, Mayılxan Tağıyev, Müqəddəs Şahbazov, Eyruz Məmmədov, Sübhan Quliyev, Zirəddin Qafarlı, Ağalar İdrisoğlu, Aydın Məlikov, Əli Nəcəfxanlı, İbrahim İlyaslı, Əyyub Qiyas, Xatirə Fərəcli, Əlimirzə Mustafayev və başqaları Feyzi Mustafayevin yaradıcılıq məziyyətləri və insani keyfiyyətlərindən söz açdılar və belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğuladılar. Sonra Feyzi Mustafayevin 85 illik yubileyi münasibəti ilə Sumqayıtın ədəbi və mədəni həyatında xüsusi xidmətləri olan qələm adamları - Hümbət Həsənoğlu, Zirəddin Qafarlı, Eyruz Məmmədov, Əli Nəcəfxanlı, Ətrabə Rzayeva, Əyyub Qiyas, Natavan Axundzadə mükafatla təltif edildilər. Vurğulandı ki, qarşıdan gələn 2024-cü ildə Sumqayıt şəhərinin 75 yaşı tamam olur. Bununla əlaqədar Sumqayıtın ədəbi mühitinin yaranmasında və formalaşmasında zəhməti və böyük xidməti olan qələm adamlarımızın da xatırlanmağa, yad edilməyə haqqları vardır.

Gülnarə CƏMALƏDDİN,
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə