Emin Piri: “Ədəbi mühit enerjini yeyir, səni tükədir” – SÖHBƏT

“Ədəbi adam” layihəsində oxucular gənc yazıçıların, şairlərin yaradıcılıq, ədəbiyyat, poeziya, sənət haqda düşüncələri ilə tanış olacaq. Layihənin ilk qonağı şair, II Qarabağ döyüşçüsü Emin Piridir.

"Səs" qəzeti şair, qazi Emin Piri ilə müsahibəni təqdim edir:

- II Qarabağ müharibəsində döyüşdün. Səncə, şair müharibə tərəfdarı olmalıdır?

- Təkcə şair, yazıçı deyil, yalnız incəsənət insanları deyil, ümumiyyətlə insan müharibəyə qarşı çıxmalıdır. İnsan faciələr yaradacaq olaylara niyə tərəfdar olmalıdır ki? Buna tərəfdar olmaq insanlıqdan çıxmaqdır. Hə, burda incə xətt var. Şair müharibəyə qarşıdırsa, ədalətsizliyin yanında olmalı deyil. Haqsızlığa uğrayanda, ədalətsizliyə qarşı savaşmamaq, şərəfini qorumamaqsa mütilikdir. Bir misal çəkim, qonorarı, pulu az veriləndə az qala qırğın salan, hansısa tənqid və ya şəxsi haqsızlığa uğrayanda aləmi bir-birinə qatan şair, yazıçıların bir xalqın haqlı savaşına qarşı çıxması da ayrı dərddi, müştəbehlikdir. Təəssüf ki, Azərbaycan cəmiyyətində müharibəyə qarşı çıxan yazarların əksəri öz aləmlərində oxucunun xoşuna gəlmək, 5-10 manat pul və hansısa xarici dairələrin xoşuna gəlmək ümidi ilə edirlər və qeyri-səmimidirlər. Savaş və yazıçı konteksində yanaşsaq dünyada bunun yüzlərlə, hətta minlərlə nümunəsi var. Hətta o yazıçılar, şairlər bu gün dünya ədəbiyyatın asları sayılır.

- Savaş barəsində roman qələmə almaq barəsində düşünürsən?

- Əlbəttə, gələcək illər üçün yüzlərlə materialım, mövzularım var. Amma onları etapla işləyirəm. Öncə müharibə gündəliyi kimi, sonra şeir kimi, sonra hekayələr, sonra iri həcmli əsər və ya əsərlər mümkündür. Ancaq roman yazmaq kimi bir öhdəliyim olduğunu da düşünmürəm. Həm də gül kimi mövzuları roman yazmaq adıyla zay etmək istəmirəm.

- Müharibədə unuda bilmədiyin nələr yaşadın?

-Müharibə elə günlər olub ki, hər anı yadda qalıb. Ancaq bəzən ruh halıma baxır. Elə anım olur ki, hansısa zarafatyana bir hadisə yadıma düşür, ya da elə ruh halım olur, ya da hansısa hadisə mənə ağır anlarımızı xatırladır.
Yanında çörək kəsdiyin, birgə yol getdiyin adamın şəhid olması və s. Anlar, hadisələr sürətli dəyişir. Başa düşürsən ki, gördüyün hər şey, sənin olan hər şey fanidir. Unuda bilmədiyim anları saymaqçünsə məncə, günlərlə danışaq gərək.

- Şeirdən imtina etmək fikrin varmı? Dünya ədəbiyyatında şeirin öldüyü deyilir. Nəsr yetkinlik yaş dövrünün məhsuludur. Şeir gənclik dövrünü əhatə edir.

-Şeir deyil, insanlıq ölümə doğru gedir. Bu isə şeirin ölümü kimi görünür. Şeirdən imtina sevgidən, ağrıdan, plansız və doyasıya həyatdan imtinadır. Şeirə həvəsin azalması barədə fikirlərlə razıyam. İnsanlıq süniliyə doğru gedir. İnsanların simasına baxın, təbii heç nə qalmayıb. Sifətlər, gözlər də süniləşir. Elektronlaşma, robotlaşma şəxsləri insanlıqdan, duyğulardan uzaqlaşdırır. Bu da avtomatik olaraq şeirdən də uzaqlaşmağa və "şeir öldü" devizi yaratmağa səbəb olur. Bir çoxları bunda maraqlıdır. Çünki şeir ruhdur, özün olmaqdır, etirazdı qeyri-təbiiliyə. Bu da insanları bir iplə idarə olunmasına dünyada mane olan səbəblərdəndir. İnsanlar nə qədər duyğulardan uzaqlaşsa onları idarə etmək, hətta robotlardan aslı hala salmaq daha rahat olacaq.

Eyni zamanda vaxtı ilə deyirdilər kino çıxdı, teatr öləcək. Maraq azala bilər. Amma teatr incəsənətin məbədidir və daha təbiidir. Şeirə də belə yanaşıram. Robotlar hər şey edə bilər. Tibb, texnika və.s. hətta şeirlər də yazacaqlar, amma ruhu, duyğunu hiss etdirə bilməyəcəklər. Ona görə şeir ölməyəcək. Ən azından şeirin ölməsi üçün ən azından islam dini də sona çatmalı, şeir dilində yazılan Quran bir kənara atılmalıdır. Yəni şeirin ölməsi üçün bu da lazımdır. Yaxın gələcəkdəsə bu gerçək görünmür. Şeirə biganə yanaşan insanlar mənə alimlərin yaratdığı robotları xatırladır. Əslində robotdan bir fərqləri yoxdu gözümdə. Sanki robot kimi öz missiyalarını yerinə yetirib, sonra xarab olub(ölüb) bir kənara, torpağın altına atılacaqlar.

- Səncə, yaradıcı şəxs ədəbi mühitdə olmalıdırmı? Belə bir kriteriya lazımdır?

- Əvvəllər düşünürdüm ki, ədəbi mühitdə mütləq olmaq lazımdır. Əlbəttə, təcrübə və s. üçün bu lazımdır. Amma əsas odur ki, o mühitdən sonra uzaqlaşa biləsən. Ədəbi mühit enerjini yeyir, səni tükədir. Ədəbi mühitin içində ədəbiyyat yaranmır, səni sadəcə ədəbi oyunda saxlayır. Bu illuziya isə səni aldadır. Ədəbiyyat ədəbi mühitdən kənarda yaranır.

- Müasir Azərbaycan ədəbiyyatında gənc şairlərdən kimlərin imzası qalacaq?

-Kimin qala biləcəyini söyləmək üçün çox tezdi. Amma kifayət qədər sanballı, uğurlu gənc yazarlarımız var. Qalmaq məsələsi daha çox gələcək illərdə ortaya çıxacaq müəlliflərdən də aslıdı. Yeni gələn müəlliflər o qədər güclü ola bilər ki, bu gün qalacaq dediklərimizdən kimsə qalmaz. Yaxud tam əksi.

- Ad çəkə bilərsən?

- Yox, bunu zaman göstərəcək.

- Səndən əvvəlki şairlərdən - Salam Sarvanın, Həmid Herisçinin, Aqşin Yeniseyin adları məşhurdur. Onları oxumusansa, fikrin necədir? İçlərində ən çox hansını sevirsən və səncə, bu müəlliflərdə çatmayan nədir?

-Sevmək dedikdə bunu şəxslər üzərindən yürütmək istəməzdim. Yaradıcılığa gəldikdəsə bunu sevmək deyil, zövqü oxşamaq kimi qeyd edərdim. Son illər sevgidən daha çox, qəddarlaşma hiss edirəm özümdə. Hər birini oxumuşam. Hər üçünün Azərbaycan ədəbiyyatında öz yeri var və nə yaxşı varlar. Bu gün Azərbaycan ədəbiyyatı deyiləndə hər üçünün adını çəkə bilirəmsə, məncə fikrim, onlara yanaşma tərzim aydın olur. Aqşin Yeniseyin son vaxtlar milli düşüncə yanaşması daha çox diqqətimi çəkir.

- Klassik şairlərimizə münasibətin necədir? Nəsimini oxuyursan?

-Şah İsmayıl Xətaini son zamanlar qeyd edərdim. Müharibədən sonra qələm və qılıncın vəhdətinə daha çox inanıram. Ola bilsin bu səbəb daha çox rol oynayır məndə. Nəsimi haqqında geniş danışmaqsa düşünürəm ki, mənə düşməz.

- Feministlərlə aran necədir? Səncə, qadın və kişi hər yerdə bərabərdir?

-Feminstlərlə nə yaxın, nə uzaq. Nə müsbət, nə mənfi münasibətim var. Düşünürəm ki, biz qadın azadlığından daha çox insan amilindən danışmalıyıq. Belə ayrılıqla deyil. Nə vaxt qadın azadlığından deyil, vəhdətdə insan azadlığından danışacaqlar o zaman tam səmimiyyətə inanaram. Qadın azadlığından danışıb abortu dəstəkləmək, qarşı çıxmamaq mınə görə qeyri-səmimidir. Çünki dünyada ən çox aborta məruz qalanlar qız cinsinə məxsus olanlardır. Bir dünyada o zaman səmimiliyə inanaram ki, ayırmadan orada qadın deyil, insan azadlığından danışılır, qadın azadlığı deyib aborta dəstək qazandırıb qız uşaqları qarışıq məhvə dəstək vermirlər.

- Sonda yaradıcılığınla bağlı hansı yeniklər gözlənilir? Yeni kitab nəşr edəcəksən?

-Düzü yeni şeir kitabım hazırdı. Amma son anda gözləmək qərarına gəldim. Çünki kitabı yığdıqdan sonra gördüm ki, yeni nəfəsim açılıb yeni şeirlər yazdım kitabda dərc etdirmək üçün. Ona görə bir qədər də gözləmək qərarına gəldim.

SÖHBƏTLƏŞDİ: OĞUZ AYVAZ

Bütün xəbərlər Facebook səhifəmizdə