Görkəmli alim, nüfuzlu ziyalı, ləyaqətli insan

Tarix elmləri doktoru, professor , Prezident yanında Dövlət İdarəçilik Akademiyasında rektorun müşaviri, böyük elmi şuranın və dissertasiya müdafiə şurasının sədri, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən başlıcası ləyaqətli insan Musa Quluzadənin vəfatından 40 gün ötür. Unudulmaz dostumuzun əziz xatirəsinə yaddaşımda yaşatdıqlarımdan bəzilərini oxucularla bölüşürəm.

Musa Quçuzadə 1939-cu ilin may ayında Masallı rayonunun Xıl kəndində dünyaya göz açmışdı. Kənddə yeddillik təhsilini başa vurduqdan sonra. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirib. Lənkəranın qaynar ədəbi mühiti yaddaşında əbədi yaşadı. Texnikumu fərqlənmə diplomu ilə bitirib kəndlərinə qayıdıb. Qısamüddətli əmək fəaliyyətindən sonra Bakıda yenidən tələbəlik həyatı başlayıb. O zaman Azərbaycanda yeganə universitet olan ADU-nun iqtisadiyyat fakültəsinin axşam şöbəsinə qəbul olunub. Əla oxuması və ictimai fəallığı universitet rəhbərliyinin diqqətindən yayınmır III kursdan təhsilini gündüz şöbəsində davam etdirir. Tələbə ikən Kommunist Partiyası sıralarına namizədliyi irəli sürülür.
Univetsitet diplomu aldıqdan sonra Kurortlar Ticarət İdarəsdində inspektor, "Bilik" cəmiyyətində sədr müavini işləyir. "Bilik" cəmiyyətinin xəttilə daha çox tanınır. Mühazirələr oxuyur, təbliğat işlərilə məşğul olur.
Həyatda qarşısına çıxan bütün xeyirxahları minnətdarlıqla yad edib xatırlayırdı. Siyasi Maarif Evinin direktoru, sonralar daha böyük vəzifələrə yüksələn, 20 noyabrda təyyarə qəzasında həlak olan Vəli Məmmədov onu məşhur Lenin muzeyinə dəvət edir. Kiçik elmi işçidən direktor müavininədək yüksəlir. Elə bilirəm, dünyaya pəncərəsi burdan açılır, dünyaya səyahəti burdan başlsyır.
İlk təhsili kənd təsərrüfatı ilə bağlı olsa da, ali təhsilini iqtisadiyyat üzrə alır. Amma ömrünün sonunadək əsas peşəsi müəllimlik oldu. Dostu Aslan Sərvərov onu Pedaqoji İnstituta (APU) dəvət edəndə çox cavan idi. Axşam şöbəsində dərs dediyi tələbələrin əksəriyyətilə tay-tuş idi. Amma bir pedaqoq olaraq özünü də, tədris etdiyi tarix fənnini də sevdirə bilir. Kafedra müdiri, professor Zakir Şıxlinskini Azərbaycan Dövlət Universitetinə dəvət edəndə o da Musa Quluzadəni dəvət edir. Muzeydə işləyə-işləyə uzun illər Universitetdə də çalışır. Daha sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyətə başlayır, ömrünün sonunadək burda işləyir. Akademiyada dərs deməklə yanaşı aspirantura, doktorantura üzrə rektorun müşaviri olur.
Musa Quluzadə yaradıcılığa təsadüfən gəldiyini deyirdi. İçində qaynar bulaq olmasaydı, heç vaxt yaza bilməzdi. Sadəcə bulağın gözü açılmalıymış. Radioda uşaqlar üçün yazı müsabiqəsi elan ediləndə ürəyindəkilərini qələmə alıb müsabiqəyə göndərir. Xeyli sonra yay vaxtı olduğundan kəndlərində imiş. Axşamüstü radioda müsabiqənin qalibi olaraq imzası səslənib, hekayələri oxunanda bu sevincin nə olduğu mənə məlumdur.
1974-cü ildə nəşr etdirdiyi ilk kitabı da uşaqlara həsr olundu. Sonralar 15 bədii, 7 elmi kitabını çap etdirdi.
Elə mövzular var ki, onlara ilk dəfə Musa Quluzadə imza atıb. Azərbaycan dövlətçilik tarixini dərslik olaraq yazıb. 5 min illik tarixi dövrü əhatə edən bu kitab böyük əks-səda doğurub. Dövlət və din münasibətlərini də ilk dəfə Musa Quluzadə işləyib. "Dinimiz - dünən və bu gün", "Azərbaycanda dövlət və din münasibətləri" bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə haqqında bədii və publisistik yazılar və s. islam elminə və islamşünaslığa ən böyük töhfədir.
İthaf yazıları daha şirin, daha səmimidir. Siyasət nəhəngi Heydər Əliyevin obrazı da yaradıcılığında mühüm yer tutur. Ulu Öndərin obrazını "Nizaminin yubileyi" hekayəsində məhəbbətlə yaradıb. Hekayə 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi və Novosibirsk şəhərindəki Heydər Əliyev adına Beynəlxalq Forumun keçirdiyj müsabiqədə l-ci yeri tutub. Unudulmaz şairimiz Səməd Vurğuna həsr etdiyi "Ad günü", həmişəyaşar səs mələyi Şövkət Ələkbərovaya ünvanladığı "Əsgər paltarı" hekayələri bu gün də oxunur.
İnsanlara sədaqət hissi xarakterinin dəyişməz cizgilərindəndi. Həyatında rolu olan, duz-çörək kəsdiyi insanların heç birini unutmurdu. "Söz" jurnalında dərc etdirdiyi mənsur şeirlərindən, hekayələrdən onların əksəriyyətini mən də tanıyıram. Gənclik dostları Rizvan Hüseynov, Tofiq Hüseynov və Hamlet Babayevə həsr etdiyi "Unudulmayan xatirələr" və hüquq elmləri doktoru, professor İbrahim Quliyevə həsr etdiyi "Qırmızı soğan" sənədli hekayələri rəğbətlə qarşılandı.
"Söz"dən söhbət düşmüşkən... Bizim tanışlığımız "Söz"lə yaşıddır. Ötən əsrin 90-cı illərinin sonuna kimi Mətbuat və İnformasiya Nazirliyi fəaliyyət göstərirdi. Yeni yaranan mətbu orqanlar birmənalı şəkildə nazirlikdə qeydiyyatdan keçməliydi. Yeni yaranan jurnalın qayğı və problemləriylə bağlı tez-tez nazirliyə gedirdim. Ən çox narahat edib, məsləhət aldıqlarımdan biri nazir müavini, sevimli Xalq şairimiz Nəriman Həsənzadə idi. Nəriman Həsənzadənin xasiyyətinə bələd olanlar onun insanlar arasında ünsiyyət körpüsü olduğunu yaxşı bilirlər. Həmin "körpü"də tanış olduqlarımdan biri Musa Quluzadə idi. Şakərim idi - kimlə tanış olurdumsa, jurnalın naşiri və ilk baş redaktoru Şəkər Aslana ( o, Lənkəranda yaşayırdı) zəng vurub məlumat verirdim. Şəkər müəllimə Musa Quluzadəylə tanış olduğumu deyəndə o, gülümsəyərək - Musa müəllim mənim gənclik dostlarımdandır - söylədi.
Elə ilk tanışlıqdan jurnalla əməkdaşlığı başlandı. Ən operativ və məhsuldar yazarlarımızdan idi. Redaksiya heyətinin üzvü olaraq arxa-dayağımız, ən xoş günlərimizdə, tədbirlərimizdə bizimlə idi.
Dövlət İdarəçilik Akademiyasının, eləcə də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirdi. Dövlət İdarəçilik Akademiyası yaranan gündən akademiyanın böyük elmi şurasının və dissertasiya müdafiə şurasının sədri idi. Mütəmadi olaraq Azərbaycan Televiziyası və Radiosunda siyasi , ictimai, elmi və milli mənəviyyatla bsğlı maraqlı çıxışlar edirdi
.Ötən əsrin 70-ci illərini nostalji hisslərlə yad edirdi. Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsüylə yaradılan "Nəsillərin estafet qatarı"nın əksər səfərinə bələdçilik edib. Kubada Azərbaycan günlərinin unudulmaz anlarını xatirində yaşadırdı. Səyahətlər zamanı çoxlarıyla tanış olub. Azadlıq adasında unudulmaz günlərin ən əziz yadigarı Nəriman Həsənzadə olub. Nəriman müəllimin mehriban xasiyyətinə görə hamı onunla dostluğa can atır. Nəriman müəllim isə Musa qağasına üstünlük verirdi. Musa müəllim də " Bir şair yaşayır bu dünyada" adlı mənsur şeirində şairə olan münasibətini əks etdirib.
Həyatın amansızlığı qaçılmazdır. Musa müəllim 2019-cu ilin əvvəlində ömür-gün yoldaşı Zemfira xanımı itirdi. Bu xəbəri telefonda mənə deyəndə dekabr ayında onlara qonaq getməyimiz acı bir xatirə kimi gözlərim önündə canlandı. Zemfira xanımın bacısı rəhmətə getmişdi. Nəriman Həsənzadə və İbrahim Quliyevlə onlara getdik. Zemfira xanım cənub nemətlərilə dolu zəngin süfrə açmışdı. Nə yazıq ki, həmin görüş iki ay sonra acı xatirəyə çevrildi. Zemfira xanıma başsağlığına 40 gün gedən-gələn oldu. Çətin günün dostlarını bir daha yaxından tanıdı. Çalışdığı akademiyanın rektoru, akademik Urxan Ələkbərovu və kollektivi, Masallı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rafil Hüseynovu, Nəriman Həsənzadəni və ölçüyəgəlməz dərəcədə ona diqqət göstərən İbrahim Quliyevi.
Zemfira xanımla yaşadığı yarım əsrdən artıq birgə ömürdə 3 övlad böyüdüblər. 7 nəvə, 4 nəticənin sevincini yaşayıblar. Oğlanları Elçin Musaoğlu tanınmış rejissordur. Qızları Şəlalə və Ülkər filoloqdurlar. Kürəkənləri Kamal və Xaqanini, gəlinləri Sevinci övladlarından ayırmayıblar.
Musa müəllim 84 yaşında dünyasını dəyişdi. Normal insan ömrü üçün pis rəqəm deyil. Amma Musa müəllimin hələ enerjili vaxtı idi. Alimlər son vaxtlar hesablayıblar ki, normal insan ömrü 160 ildir. Musa müəllim bu hesabla ömrünün orta yaş dövrünü yaşayırdı.
Musa müəllimin bir vətəndaş, bir alim, bir ədəbiyyat adamı olaraq gördüyü işlər neçə insan ömrünə bərabərdir. Zəkası aydın, qələmi iti, ruhu cavan dostumuzun əziz xatirəsi qəlbimizdə beləcə əbədi yaşayacaqdır. Ruhu şad, məzarı cənnət olsun, görkəmli alimimizin, nüfuzlu ziyalımızın və ləyaqətli insan olan əzizimiz Musa müəllimin.

Sevda Əlibəyli,

"Söz" jurnalının baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə