ŞUŞA tarixi gözəlliyinə qovuşmalıdır (TƏKLİF) - FOTOLAR

Qədim Şuşa indi təsəvvürlərimizdə yaratdığımız Şuşa deyil. Qədim Şuşa, Mənəviyyatımızın ən yüksək zirvəsində duran ecazkar ərazi, Azərbaycan Memarlığının unikal nümunələrini sinəsində yaşadan Mədəniyyət Mərkəzidir. Şuşa azad edildikdən sonra Azərbaycan Prezidenti tərəfindən dərhal nəzarətə götürülməsi, heç də təsadüfi deyildi. İllərlə müxtəlif seperatçı qüvvələr tərəfindən dağıdılan, yararsız hala salınan bir şəhəri tarixi gözəlliyinə qovuşdurmaq, sıradan bir arzu deyil, tarixdə mədəni inqilabdır.

XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişaf etmişdir.



Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə – glass) adlandırmışdır.

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır.


İlk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu yaşayış evləri, saraylar və digər inzibati binalar tikilib.

Şəhər ətrafında inşa edilən qala, şəhəri uzun illər xarici müdaxilələrdən qoruyub.

Pənahəli xanın oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.


Şuşada inşa olunan memarlıq nümunələri içərisində xanlığın sarayları, ictimai binaları və görkəmli şəxslərin mülkləridir. Bu abidələr son 28 ildə erməni işğalı dövrü çox ciddi dağıntılara məruz qaldılar. Bu binaların bir çoxunun qalıqları qalsa da, digər bir qismi tamamilə dağıdılaraq Şuşanın xəritəsindən silinib.

Şuşa qalası ərazisində bir neçə sarayın olması haqqında məlumat verilsə də, onlardan yalnız ikisi Qaraböyük xanım sarayı və Pənahəli xan sarayı dövrümüzə qədər gəlib çatmışdır. Pənahəli xanın saray qalıqları, öz möhtəşəmliyi ilə diqqət çəkir. Bu abidələrin yenidən bərpa edilərək otel, istirahət mərkəzi və ya bu kimi digər məqsədlər üçün istifadə edilərsə, bu şəhərimizə gələn qonaqların ciddi marağına səbəb ola bilər.

Şuşanın karvansaralarında, saraylarında və digər memarlıq abidələrində turizm üçün XVIII-XIX əsr məişətinə uyğun otel və istirahət mərkəzlərinin yaradılması və bu istirahət yerlərində milli geyimdə xidmətçilərin qonaqlara keçən əsrlərin mətbəxini təklif etmələri, otaqların işıqlandırılnmasında şamlardan istifadə və çarpayıların xanlıq dövrünə uyğunlaşdırılması burada istirahəti daha məzmunlu və maraqlı edər.


Bərpa zamanı şəhərdə Qarabağ Memarlığının bütün detalları, ornamental görüntüləri, dizayn, üslub və xüsusiyyətləri qorunub saxlanması vacibdir.

Şuşada qismən salamat qalan ikinci saray kompleksi Qaraböyük xanım qəsridir. Qəsrin ətrafı mühafizə divarları ilə hasarlanmışdı. Qaraböyük xanım qəsrinin giriş qapısı üzərindəki kitabədə onun hicri 1182-ci ildə (1768) inşa edilməsi göstərilir.

Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında “Qafqaz” qəzetində yazılır: “Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir".

Qaraböyük xanım qəsri

Tarixi bilinməyən baş plana əsasən müəyyən edilmişdir ki, demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə müdafiə qüllələri yerləşdirilmişdi. Daxildən bu divarlara bitişik şəkildə qəsr sakinlərinə xidmət edənlərin yaşaması üçün saray tipli binalar inşa edilirdi. Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının memarlıq xüsusiyyətləri təsir göstərmişdir

Şahbulaq qəsrində olduğu kimi bu qəsrlərin də girişləri şimal istiqamətində yerləşir. Birbaşa girişdən müdafiə olunmaq üçün qapının qarşısında Г formalı keçidə malik prizmatik örtüklə tamamlanan qüllə ucaldılmışdı.
Saray kompleksinə daxil olan birmərtəbəli yaşayış və xidməti binalar binanın daxili perimetri boyunca yerləşdirilmişdir. Onların damında 1.5 metr hündürlükdə qəsrin divarlarında mazğallar yerləşdirilmişdir. Beləliklə yaşayış binalarının damı müdafiə meydançalarına çevrilmişdi.

Qaraböyük xanım qəsrinin mühafizə divarları işğal dövrü

Qaraböyük xanım qəsri

Qaraböyük xanım qəsrinin qalıqları

Şuşa şəhəri 1992-ci ilin may ayının 8-də Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalından sonra 550-dən çox tarixi memarlıq abidələri olan yaşayış evləri tamamilə dağıdıldı. Bu, ümumiyyətlə Şuşanın tarixində 1917-ci ildən dövrümüzə qədər, 1000-dən çox tarixi əhəmiyyətli memarlıq abidələrinin məhv edilməsi deməkdir. Məhv edilən abidələrin yerində lüzumsuz kotteclər, restoranlar kiçik məişət obyektləri tikildi. Şəhərin qoruq hissəsinin bərpası zamanı bu cür yararsız binaların sökülməsi şübhəsizdir. Dağıntılar olan ərazilərdə Şuşanın əski memarlığına uyğun binaların inşa edilməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Şuşanın tarixi gözəlliyinə qovuşduracağıq” təklifinə çox tutarlı töhfə olardı.

Şuşa 1865-ci il

Şuşa qoruğunun bərpası zamanı ilk növbədə Məhəllələrin sərhədləri müəyyənləşdirilməli hər məhəllənin öz spesfik quruluşuna uyğun yaşayış evləri ilə bərabər, əttar dükanları, baqqal dükanları, dəlləkxanalar, çayxanalar, qəhvəxanalar, hamamlar, bulaqlar, məscidlər, karvansaralar, qonaq evləri XVIII-XIX əsr memarlıq üslubuna uyğun bərpa edilməlidir.

Şuşa öz tarixi gözəlliyinə qovuşdurulmalı və öz qeyri-adiliyi ilə dünyanın diqqətini çəkməlidir. Şuşanın özünəməxsus adət-ənənələri, folkloru, mətbəxi, toxuculuq sənəti mütamadi olaraq nümayiş etdirilməlidir. Burada at yarışları, pəhləvan oyunları, müxtəlif festfallar və meydan tamaşaları sərgilənməlidir. Bütün bunlar Azərbaycan mədəniyyətinin təbliğinə və turizmin inkişafına və kütləviləşdirilməsində müstəsna əhəmiyyəti olacaqdır.

Şuşa 1865-ci il


XX əsrin əvvəllərindən başlayaraq Şuşa erməni separatizminin qurbanına çevrilərək dəfələrlə yandırılmış, dağıdılmış və talan edilmişdir. Məhz bu səbəbdən də şəhərin bütün memarlıq abidələri yararsız hala düşmüş onların böyük əksəriyyəti öz əzəli formalarıbdan məhrum edilmişdir. 1918-ci ildə lentə alınmış bu fotoda şəhərin bütün yaşayış evlərinin yalnız xarabalıqlarını müşahidə edirik. O dövrdə Şuşa şəhərinin xarabalıqlarının bərpa edilməsi Sovet dövrünə düşdüyündən, bərpa işləri ciddi qüsurlarla yerinə yetirildi, şəhərin böyük sayda binaları öz tarixi gözəlliyindən məhrum edildi.


O dövrdə şəhərin bərpası zamanı, klassik ənənələrdən deyil Sovet dövrü memarlığından faydalanırdılar. Bu məcburi idi əks halda bərpaçılar xəyanətdə suçlana bilərdilər. Odur ki, bir çox tarixi əhəmiyyətli memarlıq nümunələrimiz görkəmlərini itirərək tarixə qovuşdu.

Xalq Məşvərət Məclisinin binası özünə məxsus bir gözəlliyi olsa da, hal-hazırda bu binanın heç xarabalıqları da mövcud deyil.

Şəhərin Bazar Meydanı. Şəhər bu görkəmindən də məhrum edilib. Binalar dağıdılıb, park mövcud görkəmindən məhrum edilib.

Şəhərin Bazar Meydanı deyilən ərazidə Məşədi Şükür Mirsiyab Karvansarasının ətraf divarları sökülüb hal-hazırda mövcud deyil.

Məşədi Şükür Mirsiyab Karvansarasının Sovet dövrü forması

Məşədi Şükür Mirsiyab Karvansarasının erməni işğalı dövrü yenilənmiş forması

Şuşa şəhərinin tarixi gözəlliyinin qaytarılması, çətin və mürəkkəb olduğu qədər də, ürəkaçan və qürurverici olacaqdır. Aşağıda təqdim etdiyimiz layihələr bərpaçılarımıza kömək olar deyə düşündük.

Dahi bəstəkar Bülbülün ev muzeyi (Layihə)

Əsəd bəyin evi (Layihə)

Mehmandarovların evi (Layihə)

Mehmandarovların evi oirginal

Faiq İsmayılov,

AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə