“Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi zərərli münaqişələrin qarşısını alacaq” - ŞƏRH EDİLDİ
“Son 3 ildə Azərbaycan işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə 6,6 milyard dollardan çox (11,2 milyard manatdan çox) vəsait ayrılıb. Məlumdur ki, Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən İkinci Qarabağ Müharibəsi işğal edilmiş ərazilərin azad edilməsi ilə nəticələnməklə yanaşı erməni işğalçılarının həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bir daha məlum oldu ki, otuz ilə yaxın davam edən işğal müddətində erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən məhv etmişdir. Əvəzində isə hətta özləri üçün belə heç bir infrastruktur formalaşdırmamışdır. Biz bunun xüsusilə Ağdam nümunəsində şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Politoloq bildirib ki, müharibədən sonra Ağdama səfər edən xarici media nümayəndələri hətta Ağdamı Cənubi Qafqazın Xirosiması adlandırdı: “BMT-nin hesablamalarına görə işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir (bundan sonra dollar). İşğal nəticəsində bütün istiqamətlər üzrə Azərbaycana dəymiş zərəri hesablasaq o zaman dəymiş zərərin daha böyük olduğu görərik. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən işğal nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə ümumilikdə 265 milyard dollar ziyan dəyib. Hərbi Prokurorluq tərəfindən aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə isə bütün istiqamətlər üzrə dəymiş maddi ziyanın ümumi həcmi 819 milyard dollar təşkil edir. Ümumiyyətlə, azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması Qarabağın inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bərpa prosesi həyata keçirilmədən həmin ərazilərin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyildir. Yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi Azərbaycanda ümumi iqtisadi inkişafa təkan verəcək, yeni iş yerlərinin yaranmasına şərait yaradacaqdır. Azad edilmiş ərazilərdə infrastruktur tamamilə məhv edildiyindən və buna görə də həmin ərazilər sıfırdan bərpa edildiyindən orada texnoloji yeniliklərin tətbiqi daha asandır. Ona görə də Qarabağın bərpası prosesində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastrukturun yaradılması əsas məqsədlərdəndir. Daha sonra həmin ərazilərin bərpası nəticəsində əldə edilən təcrübə digər rayonlarda da tətbiq edilə bilər. Azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan həmin əraziləri regionun ən inkişaf etmiş ərazilərindən birinə çevirməyi qarşıya məqsəd kimi qoymuşdur.
Azad edilmiş ərazilərin böyük təbii resurslara və ehtiyatlara malik olması bu məqsədin əldə edilməsinə imkan yaradır. Həyata keçirilən nəqliyyat layihələrinin əhatəli olması və Qarabağa müxtəlif istiqamətlərdən hərəkət etməyə imkan yaratması gələcəkdə bu regionun qonşu ölkələr ilə iqtisadi əlaqələrin qurulmasında əsas tranzit əraziyə çevrilməsinə imkan yaradacaqdır. Nəticədə regional ölkələr arasında ticarət əlaqələri genişlənmiş olacaqdır. Ona görə də azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu ölkələr üçün də əhəmiyyətlidir. Nəqliyyat layihələrinin, o cümlədən hava limanlarının tikintisi eyni zamanda Qarabağın malik olduğu turizm potensialının da reallaşdırılmasına imkan yaradacaqdır. Bu isə son nəticədə Azərbaycanın turizm sektorunun inkişafına töhfə verəcəkdir. Qarabağ regionunun bərpası və orada mövcud olan iqtisadi imkanların bərpa edilməsi həmin ərazilərin ölkə iqtisadiyyatında payının işğaldan əvvəlki səviyyəyə çatmasına şərait yaradacaqdır. Bu isə Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaratmaqla yanaşı qeyrineft sektorunun inkişafını əsaslı şəkildə dəstəkləyəcəkdir.
Ümumilikdə isə Qarabağın sürətli inkişafı regionun ümumi inkişafına töhfə verməklə indiyədək Ermənistanın işğalçı siyasəti nəticəsində istifadə edilməmiş imkanların tam olaraq reallaşdırılmasına şərait yaradacaqdır. Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi isə regionda davamlı sülhün yaranmasına və zərərli münaqişələrin yenidən yaranmasının qarşısının alınmasına imkan yaradacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə