Samuxun şəfa bulağı - FOTO

Samux rayonunda yerin altından təbii şəraitdə çıxan qaynar su qaynağı tapılıb. Hacallı kəndində mövcud olan bulaq turizm potensialı üçün əlverişli hesab edilir. Kənd sakinlərinin sözlərinə görə, buradan çıxan isti su hələ 1950-ci illərdə aşkar edilib. Lakin bu günə kimi burada kəşfiyyat işləri aparılmadığından istənilən nəticə əldə edilməyib.

Vətəndaşların bildirdiyinə görə su 1850 metr dərinliyindən çıxır. Tərkibində isə qaz, kükürd, mazut və digər elementlər cəmləşib. Hacalı kəndində çıxan isti su 11 növ xəstəliyə qarşı dərman kimi istifadə oluna bilər. Hazırda vətəndaşlar sudan səpkilər, oynaq ağrılarının müalicəsində istifadə edirlər.

Samux rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bir müddət öncə paytaxtdan gələn mütəxəssislər tərəfindən suyun analizi götürülüb. Rayonun sözügedən təbii sərvəti bu gün bir sıra xəstəliklərin müalicəsində böyük təsirə malikdir. Ərazidə sanatoriyanın tikintisi nəzərdə tutulur. Ərazidə Azərbaycan Dövlət Neft Şirkətinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı kəşfiyyat işlərinə başlanılmalıdır.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə