Nokia 4 min əməkdaşını işdən çıxarır

Nokia 4 min əməkdaşını işdən çıxarır
Dünyanın ən iri mobil telefon istehsalçısı Nokia şirkəti 2012-ci ilin sonuna kimi dünya üzrə bütün filiallarından 4 min əməkdaşını ixtisara salmağı planlaşdırır. SİA-nın məlumatına görə, bu addım ilk növbədə şirkətin Danimarka, Finlandiya və Böyük Britaniyadakı bölmələrinə aid ediləcək.
Bundan əlavə 2011-ci ilin sonuna kimi Nokia ABŞ, Böyük Britaniya, Finlandiya, Çin və Hindistandakı əməkdaşlarını işdən azad etməklə onları Accenture şirkətinə keçirəcək. Həmin işçilər burada Symbian əməliyyat sistemi ilə məşğul olacaqlar.
Accenture beynəlxalq məsləhətçi və autsorsinq şirkəti Nokia-nın çoxdankı tərəfdaşıdır. Sözügedən tədbirlər nəticəsində Nokia 2013-cü ilə kimi illik xərclərini 2010-cu illə müqayisədə 1 milyard avroyadək azaltmaq niyyətindədir.

Şirkətin icraçı direktoru Stiven Elon ştatın ixtisar edilməsini "acı reallıq" adlandırıb və Nokia-nın bu addımı tam zəifləməməsi üçün atmaq məcburiyyətində olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə