Boris Conson oğluna onu COVID-19 xəstəliyindən müalicə edən həkimlərin adını qoyub

Boris Conson aprelin sonlarında anadan olan oğluna özünün və xanımının babasının, həmçinin onu COVID-19 xəstəliyindən müalicə edən həkimlərin adını qoyub.

SİA Britaniya mətbuatına istinadla xəbər verir ki, Baş Nazirin xanımı Kerri Simonds sosial şəbəkədə oğlunun adını Uilfred Louri Nikolas qoyduqlarını yazıb. O, Boris Consonun babasının adının Uilfred, öz babasının adının Louri, ötən ay ərinin həyatını xilas edən hər iki həkimin adının isə Nikolas olduğunu açıqlayıb.

Aprelin 29-da London xəstəxanasında Boris Conson və Kerri Simondsun oğlu dünyaya gəlib. O, 32 yaşlı Simondsun ilk övladıdır, 55 yaşlı Consonun isə iki arvadından dörd uşağı var. Cütlük keçən ilin iyul ayından Baş Nazir iqamətgahında yaşayır.

Böyük Britaniyanın Baş naziri Boris Conson aprel ayında koronavirus infeksiyasına yoluxmuşdu, hazırda isə sağalaraq işinə qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə